“Heydər Əliyev və Azərbaycan təbiəti”

post-img

İyunun 19-da Azərbaycan Milli Elmlər Akademiyası, Elm və Təhsil Nazirliyi və ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunan “Heydər Əliyev və Azərbaycan təbiəti” mövzusunda beynəlxalq konfrans öz işinə başlayıb. 

Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda təşkil olunan tədbirdən öncə iştirakçılar ulu öndər Heydər Əliyevə həsr olunan sərgi ilə tanış olublar. Daha sonra “Heydər Əliyev və Azərbaycan təbiəti” mövzusunda videoçarx nümayiş etdirilib.

Tədbiri giriş sözü ilə açan AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli Ümummilli Liderin təbiət sahəsinin inkişafına hər zaman böyük önəm verdiyini bildirib. Akademik İsa Həbibbəyli qeyd edib ki, bu gün Azərbaycanın bir çox regionlarının dilbər guşələrə çevrilməsinin, yaşıllıq sahələrinin artmasının əsas səbəbi Ulu Öndərin həm Sovet hakimiyyəti illərində, həm də müstəqillik illərində yaşıllaşdırma hərəkatına geniş yer ayırması ilə bağlıdır. 

Akademik İsa Həbibbəyli təbiətə yönəlik hər hansı qəsdin Ulu Öndərin böyük etirazına səbəb olduğunu bildirərək Heydər Əliyevin “Mən dəfələrlə demişəm, bir də deyirəm, kim hansı bir sağlam ağacı kəsirsə, hesab edin ki, o, mənim qolumu, barmaqlarımı kəsir” ifadəsinin bu fikri bir daha sübut etdiyini bildirib. 

1970-ci illərdə molekulyar biologiya istiqamətinin yeni yaranmaqda olduğunu söyləyən AMEA rəhbəri məhz Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycanda xarici ölkə alimlərinin iştirakı ilə bu istiqamətə həsr olunmuş beynəlxalq konfransın keçirildiyini və respublikamızda molekulyar biologiya istiqamətinin qısa zamanda inkişaf etməyə başladığını deyib. 

Alim diqqətə çatdırıb ki, Ümummilli Liderin dünya elminin nailiyyətlərini Azərbaycana gətirmək, Azərbaycanda kənd təsərrüfatı, əkinçilik ənənələrini bərpa etmək istiqamətində atdığı addımlar, verdiyi tapşıqlar bu sahələrin inkişafında mühüm rol oynayıb. 

AMEA rəhbəri Akademiya, Elm və Təhsil Nazirliyinin tabeliyində olan müvafiq institutlar və Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən birgə hazırlanan “Qırmızı kitab”ın III nəşrinin bu yaxınlarda təqdim edildiyini xatırladaraq, kitabda bir çox nadir, nəsli kəsilməkdə olan  fauna və flora növlərinin öz əksini tapdığını bildirib. Qeyd edib ki, “Heydər Əliyev İli”nə, Ulu Öndərin 100 illik yubileyinə həsr edilmiş bu qiymətli elmi əsər onlarla alim və mütəxəssisin gərgin əməyi sayəsində ərsəyə gətirilmişdir.

Çıxışının sonunda akademik İsa Həbibbəyli Ulu Öndərimizin müdrik siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin təbiətə dövlət qayğısını, biomüxtəlifliyin qorunmasını daim diqqət mərkəzində saxladığını söyləyib, dövlət başçısına bu istiqamətdə həyata keçirdiyi məqsədyönlü siyasətə görə Azərbaycan alimləri adından minnətdarlığını bildirib. O, konfransın işinə uğurlar arzu edib. 

Konfransda çıxış edən ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva, kənd təsərrüfatı nazirinin müavini, texnika elmləri doktoru, professor Elçin Zeynalov, Elm və Təhsil Nazirliyinin nümayəndəsi Samir Həmidov, Bakı Dövlət Universitetinin Botanika və bitki fiziologiyası kafedrasının müdiri, AMEA-nın müxbir üzvü Elşad Qurbanov, Vəhşi Təbiəti Mühafizə Fondunun Azərbaycan ofisinin rəhbəri Elşad Əsgərov, Kembric şəhərində yerləşən Tibbi Tədqiqatlar Şurasının Molekulyar Biologiya İnstitutunun Hesablama struktur biologiyası qrupunun rəhbəri, ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Hesablama struktur biologiyası beynəlxalq laboratoriyasının müdiri, professor Qərib Mürşüdov çıxış edərək Azərbaycanın ətraf mühitin qorunması, ekoloji və bioloji təhlükəsizliyin təmin edilməsi də daxil olmaqla bütün istiqamətlərdə Ümummilli Liderin əsasını qoyduğu və cənab Prezidentin uğurla davam və inkişaf etdirdiyi siyasi kursu tam dəstəklədiklərini bildiriblər.

Daha sonda çıxış edən AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova ölkəmizdə molekulyar biologiya elminin inkişafı istiqamətində görülən işlərdən danışıb. O, Ulu Öndərin rəhbərliyi dövründə gənc kadrların bu istiqamətdə təhsil almaq üçün dünyanın aparıcı universitetlərinə göndərildiyini xatırladıb. Akademik İradə Hüseynova bu siyasəti uğurla davam etdirən Prezident İlham Əliyevin molekulyar biologiya sahəsi üzrə dövlət proqramları qəbul etdiyini, bu istiqamətdə artıq bakalavr hazırlığının həyata keçirildiyini vurğulayıb. 

AMEA-nın vitse-prezidenti Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun 14 məzununun hazırda fəaliyyətlərini dünyanın aparıcı elmi müəssisələrində davam etdirdiklərini qeyd edib. 

Akademik İradə Hüseynova Ulu Öndərin qətiyyəti və uzaqgörənliyi sayəsində təbiətin mühafizəsi istiqamətində görülmüş işlər barədə də məlumat verib, 1969-cu ildə Heydər Əliyevin sərəncamı ilə milli parka çevrilmiş Şirvan qoruğu, 1978-ci ildə Ağ göl, 1981-ci ildə İsmayıllı qoruqları, 1974-cü ildə Bəsitçay qoruğunun yaradıldığını diqqətə çatdırıb.

Vitse-prezidentin sözlərinə görə, Azərbaycan müstəqillik qazandıqdan sonra da ətraf mühitin və ekologiyanın mühafizəsi sahəsində dövlət siyasətinin əsası məhz Ulu Öndər Heydər Əliyevin prezidentliyi dövründə formalaşmağa başlamış, 1993-cü ilin ikinci yarısından Bakı və Abşeronun yaşıllaşdırılmasına, pozulmuş ekoloji tarazlığın bərpasına, təbiətə vurulmuş zərərin aradan qaldırılmasına daha böyük əzmkarlıqla başlanılmış, 2001-ci ildə Ekologiya və Təbii Sərvətlər Nazirliyi yaradılmışdır. 

Azərbaycan Respublikasının ətraf mühit və biomüxtəlifliklə bağlı çoxsaylı beynəlxalq konvensiyalara qoşulduğunu xatırladan akademik İradə Hüseynova biomüxtəlifliyin, nadir və təhlükədə olan növlərin mühafizəsi və bərpasının Azərbaycanda dövlətin ekoloji siyasətinin mühüm istiqamətlərindən olduğunu vurğulayıb. O, Heydər Əliyev Fondu və IDEA İctimai Birliyi tərəfindən respublikamızda nadir və həssas növlərin bərpası məqsədilə əhəmiyyətli layihələrin həyata keçirildiyini bildirib.

Daha sonra Azərbaycan Respublikası “Qırmızı kitab”ının III nəşrinin hazırlanmasında xüsusi fərqlənmiş şəxslər təltif olunublar. 

Konfrans işini bölmə iclasları ilə davam etdirib. İclaslarda mövzu ətrafında məruzələr dinlənilib, müzakirələr aparılıb. 

Beynəlxalq tədbir işini iyunun 20-də başa çatdıracaq.

Qabil YUSİFOĞLU, “Xalq qəzeti”









Ekologiya