Türk dünyasının ilk qadın vəkili

post-img

İyunun 2-də Azərbaycan Respublikası Vəkillər Kollegiyasının və Özbəkistan Respublikasının Vəkillər Palatasının birgə təşəbbüsü ilə türk dövlətlərinin ilk qadın vəkili Sürəyya Ağaoğlunun 120 illik yubileyinə həsr edilən “Gender bərabərliyi beynəlxalq insan hüquqlarının hissəsi kimi” mövzusunda beynəlxalq konfrans keçirilib. 

Tanınmış vəkilin ömür yolu və fəaliy­yətindən danışan Anar Bağırov deyib ki, Sürəyya xanım 1903-cü ildə Türk dün­yasının mədəniyyət paytaxtı olan Şuşa şəhərində Azərbaycanın və Türkiyənin görkəmli ictimai-siyasi xadimi Əhməd bəy Ağaoğlunun ailəsində dünyaya gəlib. 1920-ci ildə İstanbul Qızlar Lise­yini bitirib. 1921-ci ildə İstanbul Hüquq Fakültəsinə qəbul olub və bununla da hüquq fakültəsinin qapısının qız tələ­bələrin üzünə açılmasında rol oynayıb. Məzun olduqdan sonra vəkillik fəaliyyəti ilə məşğul olmağa başlayan Sürəyya xanım Beynəlxalq Qadın Hüquqşünas­lar Cəmiyyətinin ikinci prezidenti seçi­lib və ömrünün sonuna qədər vəkilliklə məşğul olub. 

Sonra Sürəyya Ağaoğlunun həyat və yaradıcılığına həsr olunan film nü­mayiş olunub.

Tədbirdə Özbəkistan Respublikası Vəkillər Palatasının sədri Alim Ernaza­rov çıxış edərək deyib ki, Azərbaycanla Özbəkistanın mədəniyyəti, mentaliteti, dünyagörüşü oxşardır. Qeyd edib ki, Özbəkistan Vəkillər Palatasının 5 minə yaxın vəkili var. Onların təxmini 22 faizi­ni qadınlar təşkil edir. 

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva azərbaycanlı qadınların cəmiyyətin bütün sahələrində olduğu kimi hüquq sahəsində də fəal fəaliyyət göstərdiklərini deyib. 

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova deyib ki, istənilən demokratik cəmiyyətin xarakteri onun insan hüquq­larına münasibəti, xüsusilə onun tərkib hissəsi olan gender bərabərliyi, qadın hüquqlarına, uşaqların problemlərinə necə yanaşmasından asılıdır. Azərbay­canın bu sahədə gözəl tarixi ənənəsi var. Azərbaycan Şərqdə qadınlara seç­mək və seçilmək hüququ verən ilk ölkə olub. 

Azərbaycanın tarixən tolerantlığı ilə seçilən ölkə olduğunu söyləyən Ali Məhkəmə sədrinin müavini Çingiz Əs­gərov diqqətə çatdırıb ki, ölkəmizdə qa­dınlara seçki hüququ bir çox ölkələrdən qabaq verilib. 

Azərbaycan Respublikası Baş pro­kurorunun müavini Heydər Məmmədov deyib ki, hazırda prokurorluq orqan­larında 470 qadın əməkdaş fəaliyyət göstərir. 

Hibrid qaydada keçirilən və üç sessi­yadan ibarət konfransda doqquz ölkənin Vəkillər kollegiyalarının rəhbər şəxsləri və nümayəndə heyətinin üzvləri gender bərabərliyi ilə bağlı müxtəlif mövzularda çıxışlar edib, mövcud problemlər, onla­rın həll yolları barəsində məlumat verib­lər və geniş fikir mübadiləsi aparılıb.

“Xalq qəzeti”

Sosial həyat