Poeziyamızın inciləri özbək dilində

post-img

Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda Özbəkistanın ünlü yazarı Dilbar xanım Haydarova ilə görüş və onun Azərbaycan şairlərindən özbəkcəyə çevirdiyi şeirlərdən ibarət antologiyanın təqdimat mərasimində istər-istəməz ulu söz dahimiz Hüseyn Cavidin bu sözlərini xatırladıq: “Turana qılıncdan daha kəskin, ulu qüvvət, yalnız mədəniyyət, mədəniyyət, mədəniyyət!” Tədbir boyu bu fikir bütün çıxışlardan qırmızı xətt kimi keçdi və Azərbaycan–Özbəkistan mədəni, ədəbi əlaqələrinin hazırkı səviyyəsi hamılıqla təqdir edildi. 

AYB-nin beynəlxalq əlaqələr üzrə ka­tibi, yeni yaranmış TÜRKSOY Yazıçılar Birliyində ölkəmizin rəsmi təmsilçisi, şair Səlim Babullaoğlu tədbiri açaraq, türk coğrafiyası xalqlarının bir kökdən gələn ədəbiyyatının tarixi, əlaqələrin geniş as­pekti barədə danışdı, turan dünyası ya­zıçılarının əsərlərinin qardaş ölkələrdə təbliği zərurətinə önəm verildiyini alqış­ladı. O, qeyd etdi ki, bu baxımdan Dilbar xanım Haydarovanın gərgin zəhmət və Azərbaycana sevgilərlə hasilə yetirdiyi antologiya dəyərli bir töhfədir.

Tədbirin aparıcısı – “Mirvarid Dil­bazi Poeziya Məclisi" İctimai Birliyinin sədri, şair Güllü Eldar Tomarlı lokomo­tivi ədəbiyyat olan ümum türk mədəniy­yətinin tarixən çulğalaşmasını, bu gün özünün zirvə həddinə çatmasını böyük uğur saydığını bildirdi və möhtərəm qo­nağımız Dilbar xanımın yeni kitabını bö­yük yaradıcılıq uğuru kimi dəyərləndirdi. 

Sonra filologiya elmləri doktoru, ta­nınmış Nəvaişünas, özbək ədəbiyyatı tədqiqatçısı Almaz Ülvi Binnətova, AYB-nin “Poeziya Seksiyası"nın rəhbəri, Türk Edebiyyatı Vakfının Fəxri üzvü İbrahim İlyaslı, AYB İdarə Heyətinin üzvü, şair Elçin Mirzəbəyli, Əməkdar incəsənət xadimi, "Şöhrət" ordenli tanınmış ya­zar Baba Vəziroğlu və başqaları çıxış edərək qonağı salamladılar və özbək­cə nəşr edilmiş “Azərbaycan şeiriyyəti antologiyası” haqqında ürək sözlərini söylədilər.

Dilbar xanım Haydarova isti qar­şılanmaya, xoş süözlərə görə minnət­darlıq etdi, bunmdan sonra da qardaş xalqlarımızın ədəbi əlaqələrinin inkişafı naminə əlindən gələni edəcəyini bildir­di. 

Əli NƏCƏFXANLI,
“Xalq qəzeti”



Mədəniyyət