Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədovun başçılıq etdiyi nümayəndə heyəti Moldovada səfərdədir.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, səfərin məqsədi Azərbaycanda sosial müdafiə sahəsində həyata keçirilən islahatların əsas elementi olan DOST konsepsiyasını tanıtmaq, həmçinin bu sahədə moldovalı həmkarlarla təcrübə mübadiləsi aparmaqdır.
Səfər çərçivəsində bu ölkənin əmək və sosial müdafiə naziri Aleksey Buzunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş olub.
Nazir görüşdə Moldova ilə Azərbaycan arasında sosial sahədə də əməkdaşlığın inkişafı üçün bir sıra addımlar atıldığını bildirib. O, DOST təcrübəsi, habelə sosial xidmətlərin vahid platformadan və avtomatlaşdırılmış qaydada göstərilməsi sahəsində ölkəmizin təcrübəsinin öyrənilərək tətbiqinə xüsusi əhəmiyyət verdiklərini diqqətə çatdırıb.
F.Məmmədov tədbir iştirakçılarına DOST konsepsiyası, "bir pəncərə" modeli ilə xidmətin təşkili prinsipləri, bu sahədə fəaliyyətin nəticələri və sosial xidmətlər sahəsində əhəmiyyəti barədə məlumat verib.
Görüşdə DOST konsepsiyası barədə geniş təqdimat edilib.
Qeyd edək ki, səfər Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Moldovanın Əmək və Sosial Müdafiə Nazirliyi arasında əməkdaşlıq istiqamətləri üzrə 2023-2024-cü illərdə görüləcək işləri əhatə edən Fəaliyyət Planı çərçivəsində həyata keçirilir.