ADA Universiteti ilə Gürcüstanın üç universiteti arasında əməkdaşlıq müqavilələri imzalanıb

post-img

Tbilisidə səfərdə olan Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev mayın 18-də Gürcüstanın təhsil və elm naziri Giorgi Amilaxvari ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşdə ADA Universitetinin rektoru Hafiz Paşayev, Azərbaycanın bu ölkədəki səfiri Faiq Quliyev və digər rəsmi şəxslər iştirak ediblər.

Söhbət zamanı Azərbaycan ilə Gürcüstan arasında təhsil sahəsində əməkdaşlığın cari vəziyyəti və perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Hər iki ölkədə Azərbaycan və gürcü dillərində tədris aparılan məktəblərin fəaliyyəti, bu məktəblər üçün dərsliklərin qarşılıqlı mübadiləsi də müzakirə mövzusu olub. Eyni zamanda, tələbə və şagird mübadiləsinin vacibliyi vurğulanıb.

Sonda ADA Universiteti ilə İvane Cavaxişvili adına Tbilisi Dövlət Universiteti, Gürcüstan Texniki Universiteti və Kutaisi Beynəlxalq Universiteti arasında əməkdaşlıq haqqında müqavilələr imzalanıb.

Sənədləri ADA Universitetinin rektoru Hafiz Paşayev və Gürcüstanın İvane Cavaxişvili adına Tbilisi Dövlət Universitetinin, Gürcüstan Texniki Universitetinin, Kutaisi Beynəlxalq Universitetinin rektorları imzalayıblar.

Görüşdən sonra Emin Əmrullayev və Hafiz Paşayev Tbilisidəki M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyində olublar.

 

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Elm