Azərbaycanın ən böyük buzxana abidəsi

post-img

Naxçıvanın zəngin memarlıq tikililəri sırasında özünəməxsus yeri olan abidələrdən biri də buzxana binalarıdır. Keçmişdə, hələ texnologiyanın inkişaf etmədiyi bir dövrdə buzxanalar müxtəlif ərzaq məhsullarının uzun müddət saxlanılmasında, eləcə də insanların buza olan ehtiyacının ödənilməsində mühüm rol oynamışdır. 

Yəqin ki, çoxumuz görkəmli dramaturq Cəlil Məmmədquluza­dənin “Buz” hekayəsini oxumu­şuq: “Hər bir yay fəsli küçələrdə arabalarda buz sallarını görəndə, bir tərəfdən o buzu şampans­kilərə və ləzzətli marojnalara iş­lədən xoşbəxtlər gözümün qaba­ğına gəlir...” Böyük ədibin uşaqlıq dövrünün təəssüratları altında qələmə aldığı bu hekayədən bəlli olur ki, XIX əsrin sonu, XX əsrin əvvəllərində Naxçıvan şəhərinin küçə və meydanlarında, bazar­larda buz satışı təşkil olunarmış. Əhali bu cür buz parçalarından sərinləmək üçün soyuq içkilərin hazırlanmasında, müxtəlif ərzaq­ların saxlanılmasında, eləcə də təbabətdə geniş istifadə edərmiş. 

Buzxana binaları, adətən, çay, suyu bol olan kəhriz və bulaqların yaxınlığında inşa edilərmiş. Buzu hazırlamaq üçün binaya çəkilmiş kəhriz suyu qış aylarında zirzə­miyə yığılaraq buz halına salınar, əriməməsi üçün onların aralarına saman tökülərmiş. Bu işlə məş­ğul olan adamlar yay aylarında ayaqlarına keçə bağlayaraq buzu buradan çıxarar və satışını təşkil edərmişlər. 

Bəzi tədqiqatçılara görə, axan su buzxana yaxınlığında xüsusi hazırlanmış bir meydançaya yı­ğılaraq dondurular, sonra kəsilən buz parçaları buzxana binasına daşınaraq burada saxlanılarmış. Buna görə də orta əsrlərdən üzü­bəri Şərq aləmində məscid və hamamları, qala və saray komp­leksləri ilə məşhur olan Naxçıvan, həm də buzxana binaları ilə ta­nınmışdır. Hazırda belə buzxana­lardan ən böyüyü Naxçıvan şəhər buzxanasıdır. 

“Naxçıvan Abidələri Ensiklo­pediyası”nda qeyd olunur ki, bu abidə profilinə görə ölkəmizdə qeydə alınan ən böyük tikilidir. Yüksək memarlıq həllinə görə binanın Naxçıvan memarlıq məktəbinin inkişaf etdiyi XII-XIV əsrlərdə tikildiyi ehtimal olunur. Uzunluğu 20, eni isə 9 metrdir. Bina birmərtəbəli olsa da, ümu­mi hündürlüyü 9,6 metrdir. Dam örtüyünün üzərində isə altı kiçik günbəz ucaldılıb. Təxminən, hər 3 metrdən bir qurulan çatma­varı tağlararası boşluq çatma tağbəndlə örtülmüşdür. Kərpic hörgü cərgələri yükdaşıyan tağ­lara nisbətən şaquli vəziyyətdə yerləşdirilmişdir. Yüksək texniki səviyyədə kərpicdən qurulmuş örtük konstruksiyasının mükəm­məl həlli, naturada tikilməsi, bina örtüyünün uzununa, yüngül və di­namik konstruksiya sxemi tərzin­də yaradılması Naxçıvan şəhər buzxanasının səciyyəvi cəhətlə­rindəndir. 

Naxçıvan şəhər buzxanası ölkə əhəmiyyətli abidədir. Tə­dqiqatçılara görə, muxtar respub­likada mövcud olan bu və digər buzxanaların tikilişindəki oxşar konstruksiyadan o dövrdə Təbriz və Ərdəbildə inşa olunan bazar komplekslərinin örtülü keçidlərin­də istifadə edilib. Belə abidələr regionda ticarət məqsədilə tikilən obyektlərdir. Buzxanalardan, yuxarıda da qeyd etdiyimiz kimi, əsasən, ərzaq məhsullarının təbii üsulla saxlanılmasında, buz satı­şında istifadə olunub.

Ancaq ötən əsrin ortalarından sonra elmi-texniki tərəqqinin in­kişafı bir çox sahələr kimi, soyu­ducu sənayesinə də sirayət edib ki, bu da, öz növbəsində, tarixi buzxana binalarından istifadəni arxa plana keçirib. Nə yaxşı ki belə tarixi binalarımız xalqımız tərəfindən qorunub saxlanılıb. 

Müstəqilliyimizin bərpasından sonrakı dövrdə isə Naxçıvanda tarixi abidələrə göstərilən dövlət qayğısı buzxana binalarını da əhatə edib. Elə Naxçıvan şəhə­rindəki buzxana binası da 2020-ci ildə yenidənqurma və bərpa işlərindən sonra istifadəyə verilib. Hazırda Naxçıvan Muxtar Res­publikası Turizm Departamenti­nin balansında olan bu tarixi bina­da “Naxçıvan Mətbəxi” Kulinariya Mərkəzi yerləşir. Tarixi buzxana binasından yerli mətbəximizin təbliği məqsədilə istifadə olun­ması muxtar respublikaya yolu düşən yerli və xarici turistlərin də marağına səbəb olur. 

 

S.HƏSƏNOV,
“Xalq qəzeti”

Naxçıvan



Sosial həyat