“O, xalqın qəlbində əbədi yaşayacaqdır…”

post-img

         Müstəqil Azərbaycanın memarı və qurucusu olan ulu öndər Heydər Əliyevin 100 illik yubileyi respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da silsilə tədbirlərlə qeyd edilib. 

         Mayın 10-da Gənclər Evində keçirilən “Ulu öndər Heydər Əliyevin irsi milli sərvətimizdir” mövzusunda tədbirdə Qazax Rayon İcra Hakimiyyətinin rəhbərliyi,  işçiləri, Milli Məclisin deputatı, rayonun hüquq-mühafizə orqanlarının, idarə müəssisə və təşkilatların rəhbərləri, ziyalılar, təhsil, səhiyyə, mədəniyyət işçiləri, şəhid ailələri, müharibə əlilləri, YAP fəalları və ilk partiya təşkilatlarının sədrləri, KİV nümayəndələri iştirak ediblər.     

         Tədbir iştirakçıları əvvəlcə Heydər Əliyevin adını daşıyan parkda olmuş, abidəsi önünə gül dəstələri düzərək dahi şəxsiyyətin əziz xatirəsini ehtiramla anmış, onun adını daşıyan mərkəzi ziyarət edərək həyat və fəaliyyəti ilə yaxından tanış olmuşlar. 

         Sonra tədbir iştirakçıları Qazax Gənclər Evinin foyesində ulu öndər Heydər Əliyevin Qazax rayonuna səfərlərini özündə əks etdirən foto-sərgiyə baxmışlar.

         Tədbirdə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən film nümayiş olunub.

         Rayon icra hakimiyyətinin başçısı Rəcəb Babaşov ulu öndərin həyat və fəaliyyəti haqqında ətraflı danışmış, onun keçdiyi yolun bir örnək, bir nümunə olduğunu diqqətə çatdırmışdır. Rayon rəhbəri demişdir ki, illər, əsrlər keçəcək, Heydər Əliyev kimi bir düha, şəxsiyyət, dahi xalqın qəlbində əbədi yaşayacaqdır.

 

                Hamlet QASIMOV, 

“Xalq qəzeti”nin bölgə müxbiri,
Qazax rayonu.

 

 











Sosial həyat