Şəhidlər ölməz, Vətən bölünməz

post-img

Üç il əvvəlin söhbətidir. Dövlət seriyası “44” olan minik avtomobili ilə Masallıya gedə-gedə, həmin rayondan yaşının 44-ündə şəhid olmuş mayor Anar Gülverdi oğlu Novruzovun haqqında düşüncələrə dalmışdım. Nədənsə, qoşa dördlər fikrimi, zehnimi yolboyu məşğul etməkdə idi. Masallıya çatan kimi, ilk növbədə, oradakı dostlarla birlikdə Ərkivan qəsəbə qəbiristanına – şəhidin məzarını ziyarətə yollandıq. Sən demə, Anarın şəhadətə qovuşmasından da 44 gün keçirmiş. Buna baxmayaraq, ziyarətində xeyli adam vardı. 

Vətənin igid oğlunun ruhuna dualar oxunandan sonra oradakı talvarın altında əyləşib çay içə-içə haqqında söylənən­lərə kədərlə, bir qədər də qürurla qulaq asdıq...

Maraqlıdır, rəqəmlərin mistikasına inamım az olsa da, “44”lərlə bağlı dü­şüncələr məni tərk etmirdi. Xatırladım ki, yozuma görə, 44 rəqəmi sabitlik, zəhmət və onun bəhrələri deməkdir. Numerologi­ya elminin banisi Pifaqor rəqəmlərin hər bir insanın taleyini ifadə etdiyini söyləyib. Baxın, mayor Anar Novruzovun 2020-ci ilin iyul ayında 44 yaşında Tovuzda düş­mən hücumunun qarşısını alarkən şəhid olmasından bir qədər sonra Vətən müha­ribəsi başlanıb və tarixi Zəfər yürüşümüz düz 44 gün davam edib. Beləliklə, Anarın “44”ü onun həyat missiyasını təyin etmiş olub, ruhani oyanış yolunu göstərib və xalqımız üçün düşərli rəqəmə çevrilib.

Tərcümeyi-halında göstərilir ki, Anar hələ Bakı Ali Birləşmiş Komandanlıq Məktəbində (indiki Heydər Əliyev adı­na Hərbi İnstitut) oxuyarkən təhsilini ya­rımçıq qoyaraq Birinci Qarabağ müha­ribəsinə yollanıb. 1994-cü ildə cəbhədə atəşkəs elan olununca geri qayıdıb və təhsilini davam etdirib. Sonra kəşfiyyat­çı zabit kimi ön cəbhədə xidmət edib. Daim hərbi texnikanın sirlərini dərindən mənimsəyib, snayper və digər müasir silahlardan istifadə edib. Türkiyədə qa­tıldığı peşəkar təlimdən uğurla keçib. Qumbaraatandan sərrast atışlarına görə "AQS-17 silahının atası" adını qazanıb. 2008-ci ildə ermənilər Ağdərədə atəş­kəsi pozan zaman qorxmaz kəşfiyyatçı şiddətli qarşıdurmada fərqlənib. 2016-cı ilin Aprel döyüşlərində də yaxından işti­rak edib. Medallarla təltif olunub. Hünər və cəsarətinə görə dostları ona "Akula" ləqəbi veriblər. Xidmət müddətində siyasi işlər üzrə tabor komandirinin müavini və­zifəsinə qədər yüksəlib.

2020-ci il iyulun 12-də günorta saat­larında Tovuz döyüşləri başlananda Anar Novruzov Qazaxdakı "N" saylı hərbi his­sədə xidmət edirdi. Səhhəti ilə əlaqədar hospitalda müalicə alsa da, öz arzusu ilə döyüşlərdə iştirak etdi və general Polad Həşimovun təlimatı ilə ən çətin kəşfiyyat tapşırıqlarını yerinə yetirdi. İki-üç gün ərzində qarşı tərəfin bir çox hərbçisini sərrast atəşləri ilə məhv etdi.

Əsgərlərdən biri danışıb ki, döyüş meydanında ağır yaralanmışdım: “Gül­lələr, mərmilər yağış kimi yağsa da, ma­yor Novruzov məni oradan çıxarmağa çalışırdı. “Komandir, məni burax, heç olmasa, özün salamat çıx!” dedim. O isə “Yox, – deyə cavab verdi. – İkimiz birlikdə çıxacağıq”. Elə də oldu. Dəfələrlə döyüş dostlarını ölümün cəngindən qurtarmış­dı. Onun ölümünü eşidəndə, sanki, belim sındı...”

Bu isə zabit dostlarından birinin de­dikləridir: “Evə gedib qayıdanda əsgərlə­ri üçün dava-dərman, corab və sair alıb gətirirdi. Son tikəsini də onlarla bölürdü. Bir gün mənə “Gəl, şəklimi çək” – dedi. – Mən şəhid olandan sonra paylaşarsan”. “Qardaş, elə demə” – deyib könülsüz şəklini çəkdim. Bu, doğrudan da, onun sonuncu şəkli oldu...”

Mayor Anar Novruzov iyulun 14-də Tovuzda növbəti döyüş tapşırığını yerinə yetirərkən özünə ideal saydığı sevimli generalı Polad Həşimov, polkovnik İlqar Mirzəyev, mayor Namiq Əhmədov, gizir Yaşar Babayev, gizir İlqar Zeynallı və əsgər Elçin Mustafayevlə birlikdə qəhrə­mancasına şəhid oldu. 

“Vaxt gələcək elə bir evə sahib ola­cağam ki, hər kəs onun kölgəsinə yığışa­caq”. – Bu sözlər ona məxsusdur. Həmin ev onun şəhidlik taxt-tacı oldu. Ölümün­dən az sonra gənc heykəltəraşlar – Aq­şin və Müstəqil Balayev qardaşları mayor Anar Novruzovun büstünü hazırlayıblar. Masallının İstisu Müalicə Mərkəzinə, elə­cə də Yardımlı rayonuna gedənlər yolun kənarındakı abidəyə qürurla baxır, önünə gül qoyur və igid kəşfiyyatçıya ulu Tanrı­dan rəhmət diləyirlər. 

Rəssam Ehtiram Məmmədovun ya­ratdığı "Şəhid mayor Anar Novruzov" portreti də hər kəsdə qəhrəman haqqın­da dolğun təsəvvür yaradır. İgid zabit hər üç dərəcəli “Qüsursuz xidmətə görə” me­dalına, yubiley təltiflərinə layiq görülüb. 3-cü dərəcəli “Vətənə xidmətə görə” or­deni ilə ölümündən sonra təltif edilib. 

İki övlad atası olan, 25 il hərb sahə­sində xidmət etmiş Anar Novruzovun dəf­nində minlərlə rayon sakini, Milli Məclisin deputatları, hüquq-mühafizə orqanlarının rəhbərləri, hərbçilər iştirak ediblər. Onun tabutuna bükülmüş Azərbaycan Bayrağı övladına təhvil verilib...

Eşitmişdik ki, 2003-cü ildə Azərbay­can Silahlı Qüvvələrinin cəsur zabiti, ərki­vanlı gənc Anar ailə həyatı qurduğu gün toy mağarına “Vağzalı” musiqisi əvəzinə, “Azərbaycan əsgəri” marşının sədala­rı altında daxil olub, məclisi “Qarabağ şikəstəsi” ilə yekunlaşdırıb. Həyat yolda­şı Nazilə xanım bunu təsdiqlədi və sonra da Anarın haqqında kövrəkcə danışma­ğa başladı: “Çətinliyimiz də, xoş günləri­miz də olub. Anar deyib-gülən, zarafatcıl idi. Onun üçün hər şeydən əvvəl Vətən qarşısında xidməti borc idi. Hər dəfə evdə olarkən cəbhədə atəşkəs rejiminin pozulduğunu eşidəndə bir yerdə qərar tutmur, hərbi hissəyə qayıtmağa tələsirdi. Elə sonuncu dəfə də belə oldu. Səhhə­tindəki problemə məhəl qoymadan, müa­licə almadan döyüşlərə qatıldı. Xidməti ilə əlaqədar onu çox sorğu-suala tuta bil­mirdik. Narahat olmayaq deyə, çox şeyi bizdən gizlədirdi. Elə Aprel döyüşlərində yaralanmasını, bir neçə gün hospitalda müalicə almasını da sonradan bildik...”

Onun haqqında "Akula ləqəbli qəh­rəman" sənədli filmi çəkilib. "Regional Hüquqi İqtisadi Maarifləndirmə" İB-nin sədri Arzu Bağırovanın dəstəyi ilə ha­silə yetən film şəhadətinin birinci ilində göstərilib. Şəhidin qardaşı Sucəddin Novruzovun dediyinə görə, Anarın 45 illi­yinə Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü Güləmail Muradın “Akula ləqəbli kəşfiyyatçı” kitabı da hazır­lanıb. Eyni zamanda haqqında yüzə qə­dər şeir yazılıb, təsirli mahnı bəstələnib. 

...Hər dəfə doğma Ərkivana məzu­niyyətə gələndə qəsəbədəki Şəhidlər xiyabanına və məhəllə qəbiristanlığına gedər, haqq dünyasına qovuşanları zi­yarət edərdi. Söhbətlərində dua edib deyərdi ki, Allah köməyimiz olsun, qə­tiyyətli mövqedə duran Prezidentimizi qorusun, Ali Baş Komandanımız tezliklə döyüş əmri versin, dövlətimizin qüdrə­tini, xalqımızın birliyini işğalçı düşmənə layiqincə nümayiş etdirək, torpaqlarımızı geri qaytaraq!”

Son ziyarətində isə özü də həmişəlik olaraq orada qaldı. İndi Anarın məzarı ən gur ziyarət ünvanına, gənc həmvətənləri­nin and yerinə çevrilib. Ərkivan qəsəbəsi­nin mərkəzi küçəsinə şəhidin adı verilib. Qardaşı oğlu Ramal deyir ki, o həmişə bizim başımızı uca edib. “Ardıcılı olmağı­mızdan qürur duyuruq. Mən və iki bibim qızı – Afaqla Səbirə onun yolunu davam etdiririk, hər üçümüz hərbçiyik”.

Anar Novruzovun 16 yaşlı oğlu Nihad hərbi həkim olmaq arzusundadır. “Xəzər” Universitetində oxuyan qızı Füruzə isə tarix müəllimi olacaq və atasının öz qa­nıyla yazdığı Vətən tarixini balalarımıza tədris edəcək.

Hazırda Masallıda Anarın növbə­ti doğum gününə hazırlıq işləri görülür. Məktəblilər bədii kompozisiya hazırlayır­lar, həmin gün sözügedən film də yeni­dən göstəriləcək. Eyni zamanda “Masallı Gənclər evi” sosial xidmət müəsissəsin­də şəhid mayor Anar Novruzovun xatirə­sinə həsr olunmuş “Tir atıcılığı” və şah­mat üzrə məktəblilərin rayon turnirlərinə yekun vurulacaq. 

Bəli, igid kəşfiyyatçı Anar Novruzov haqqında söylənilənlərin hamısı “İgid ölər, adı qalar” məsəlinin təsdiqindən ibarətdir. 

 

Əli NƏCƏFXANLI, “Xalq qəzeti”



Sosial həyat