Amerika Birləşmiş Ştatları və əllərindəki silah

post-img

Məşhur sovet atom fiziki, dissident yazar Andrey Saxarov müasirlərinin gözündə qəribə insan təsiri bağışlayırdı. Sonradan hüquq müdafiəçisinə çevrilib hakimiyyət əleyhinə çıxmaqla ad qazanmış, anti-sovet baxışları səbəbindən sülh üzrə Nobel mükafatına layiq görülmüş bu alim, ekstravaqant baxışları ilə seçilmiş və haradasa ciddi qəbul edilməyən SSRİ lideri Nikita Xruşşovu da təəccübləndirmişdi. Saxarov hələ tədqiqatçı kimi fəaliyyət göstərdiyi dönəmdə Amerika qitəsinin kənarları boyunca 100 meqatonluq bombalar yerləşdirmək və zəruri anda onları işə salaraq qitəni batırmaq fikrini irəli sürmüşdü.

Tarixdən kiçik fraqmenti yada sal­maqda məqsədimiz Saxarov haqqında söz açmaq deyil. Bu yazını oxuduqca elə qənaət də formalaşmasın ki, dissident yazarın fikrində haqlı olduğunu düşünü­rük. “Soyuq müharibə” şəraitində onun söylədikləri savaşın beyinlərdəki psixo­zu idi. Çünki SSRİ-nin mübarizəsi təkcə Qərb sistemi qismində ABŞ hakimiyyə­tinə yox, eyni zamanda, əlisilahlı bütün Amerika cəmiyyətinə qarşı idi. Maraq­lıdır ki, “soyuq müharibə”ni silahsız qa­zanmasına baxmayaraq, ABŞ cəmiyyəti təpədən-dırnağacan silaha sarılmışdı. Vəziyyət indi də dəyişməyib. Görünür, başqa cür mümkün deyil. Həm də ona görə ki, ABŞ konstitusiyası silahı obrazlı desək, insan azadlığının rəmzinə çevirib. Yeri gəlmişkən, mövzumuz Amerika və silahdır. 

Ötən əsrin 70-ci illərinin ortalarından 90-cı illərinədək Avstraliyada bir neçə kütləvi qırğın hadisəsi yaşandı. Onların 1996-cı ildə baş vermiş daha dəhşətlisin­dən sonra ölkənin o zamankı baş naziri Con Hovard silah sahiblərinə münasi­bətdə sərt tədbirlər görməyə başladı. İlk növbədə silahdan istifadəyə dair qay­dalar sərtləşdirildi. Hazırda Avstraliyada həmin sərt qaydalar tətbiq edilir. Ölkə qanunvericiliyinə görə, silah üçün rəsmi razılıq müddəti bir neçə il çəkə bilər. Bu siyasət öz bəhrəsini verir. 1996-cı ildən bəri Avstraliyada qətl halları bir neçə dəfə aşağı düşüb. Ancaq ABŞ-da belə sərt tədbirlərə əl atmaq istəyənlər yoxdur. Ölkədə kütləvi qətl olaylarının faiz dərə­cəsi Qərbi Avropa ölkələrindən qat-qat çoxdur, Latın Amerikasında isə vəziyyət ABŞ-dakından da dramatikdir. Ümumən, Birləşmiş Ştatlar və Cənubi Amerika bu göstərici üzrə Avrasiyanı xeyli üstələyir. 

Amerikanın silah sevdasının psixoloji kökləri var. Məlumdur ki, ölkədə müxtəlif irqlərdən olan insanlar yaşayırlar. Bura­da Avropadan gələn intervensionistlər və onların nəsilləri yerli əhalini qırıb-çatıb. Buna görə psixoloqlar bildirirlər ki, insan­lara qarşı zorakı münasibət əsrlərin süz­gəcindən çıxmış Amerika düşüncə tərzi­nin məhsuludur. Digər tərəfdən, ABŞ-da, eyni zamanda, belə bir populist fikir də var ki, silahdan istifadə hakimiyyətin tiran üsul idarəsilndən qorunmaq üçün həya­ti əhəmiyyətli müdafiə vasitəsidir. Ölkə konstitusiyasına ikinci düzəlişdə göstəri­lib ki, yaxşı tənzimlənmiş asayişə malik olmaq naminə vətəndaşlar silah gəzdir­mək hüququnu özlərində saxlamalıdırlar.

Maraqlıdır ki, üzərindən iki əsrdən artıq müddət keçməsinə baxmayaraq, ABŞ-da bir növ, köhnə mahnılar oxu­nur. Ölkədə odlu silahdan istifadə səbə­bindən anarxizm baş alıb gedir. Başqa sözlə desək, azadlığın müdafiəsi bu gün kütləvi qan axıdılması ilə nəticələnir. Si­lahın azadlığı təmin etməsinə dair mü­lahizə ona görə absurd səciyyə daşıyır ki, dünyanın əksər demokratik ölkələri çoxdandır odlu silahın fərdi istifadəsinə qarşı mübarizə aparırlar. Amerika cəmiy­yəti buna getmir. Yoxsa, zülm kimi, silah da psixoloji mahiyyət daşıyır? Bəlkə bu, Birləşmiş Ştatların apardığı qlobal müha­ribələrin başa çatmadığına görədir? Çox güman, mövcud səbəbdən ölkə rəhbər­liyi insanların əlini silahdan uzaq tutmaq istəmir. İmkan vermir ki, əhali öldürmək yönümlü köklənişindən ayrı düşsün. An­caq fakt budur ki, “silahlı amerikalılar” demokratiyanın liberal mahiyyətinə xələl gətirir, qanunsuzluqlara yol açırlar. Axı silahdan istifadənin prezident, senator və vəzifəli şəxslərin canına qəsd olunma­sı kimi də təmayülləri var. Görəsən, bu, hansısa mənada dövlətin idarəçilik qabi­liyyətli potensialının da təhdid olunması kimi qarşılanmır?

Daim şəffaflıqdan danışan və dün­yaya bunu təlqin edən Amerika Birləş­miş Ştatlarında bu gün neçə nəfərin silah gəzdirdiyinə dair rəsmi statistika gündəmə gətirilmir. Əlbəttə, müəyyən hesablamalara görə, bu rəqəm 270 mil­yona yaxındır. ABŞ-da əhalinin sayı 320 milyona çatmırsa, mövcud silah göstəri­cisi olduqca böyük sayılmalıdır. Daha bir statistika: ölkədə aparılmış rəy sorğuları­nın nəticələrinə əsasən müəyyənləşib ki, Amerikada evlərin 47 faizində tapança var.

R.AMİN

Siyasət