Sülh danışıqlarının marşrutu: Brüssel – Moskva

post-img

Mayın 19-da Moskvada sülh sazişinin konkret hansı mətninin nazirlər arasında danışıqların mövzusu olacağı hələlik bilinmir.

Azərbaycan və Ermənistan xarici iş­lər nazirlərinin mayın 19-da Moskvada görüşəcəkləri barədə məlumat yayan Hayastanın xarici siyasət idarəsindən qarşıdakı danışıqların təfsilatı barədə jur­nalistlərə heç nə deyilməyib. 

Bir gün əvvəl Ermənistan xarici işlər nazirinin müavini Mnatsakan Safaryan media nümayəndələri ilə söhbətində bildirmişdi ki, masanın üzərinə sülh sa­zişinin mətni qoyulacaq. Amma o, nazir­lərin görüşünün harada baş tutacağını dəqiqləşdirməmişdi. 

Dünən günün ikinci yarısında Ermə­nistan XİN-in mətbuat katibi Ani Badal­yan ilkin məlumata aydınlıq gətirmək məqsədilə bildirib ki, iki ölkənin xarici işlər nazirləri arasında sülh danışqıları Rusiya tərəfinin dəvəti ilə mayın 19-da Moskvada keçiriləcək. 

Oxuculara xatırladaq ki, ABŞ Dövlət Departamentinin təşəbbüsü ilə mayın 1-dən 4-dək Vaşinqtonda Azərbaycan və Ermənistan XİN başçıları Ceyhun Bayramov və Ararat Mirzoyan arasında təkbətək və geniş formatda danışıqlar aparılıb. Sülh danışıqlarının davam etdiyi dörd gün ərzində nazirlər iki dəfə Birləş­miş Ştatların Dövlət katibi Antoni Blinken­lə görüşüblər. Cənab Blinken danışıqlar başa çatdıqdan sonra bəyan etmişdi ki, İrəvan və Bakı sülh müqaviləsinin im­zalanmasına aparan yolda əhəmiyyətli dərəcədə tərəqqiyə nail olublar. 

Onu da qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında növ­bəti sülh danışıqları Avropa İttifaqı Şura­sının prezidenti Şarl Mişelin təşkilatçılığa ilə mayın 14-də Brüsseldə keçiriləcək. Beləliklə, ölkə başçılarının Brüssel görü­şündən beş gün sonra Kreml XİN başçı­ları arasında sülh sazişinə dair danışıqla­ra evsahibliyi etməyə hazırlaşır. 

 

“Xalq qəzeti”

Siyasət