Mina terroru – gözəgörünməz müharibə kabusu

post-img

Son illər dünyamızda hərbi cinayətkarlığın ən qorxunc forma və vasitələrindən biri olan mina terrorunun genişlənməsi müşahidə olunur. Yüngül uşaq səndəli ilə ağır əsgər çəkməsi arasında heç bir fərq qoymayan minanın ən təhlükəli xüsusiyyəti, onun insana nəfəs qədər yaxın olmasına baxmayaraq gözə görünməməsi, öz varlığını son ana qədər hiss etdirməməsidir. 

Minanı təhlükəli edən daha bir məqam onun nəinki illər, hətta on illər ərzində belə öz ölümcül funksiyasını qoruyub saxlaması, torpaq altında səs­siz-səmirsiz öz qurbanını gözləməsidir. Məhz bu xüsusiyyətinə görə mina terroru separatçılar, işğalçı qüvvələr tərəfindən geniş istifadə olunmaqdadır. 

Bugünlərdə Ukraynanın “Fokus” nəş­ri Ermənistanın Azərbaycana, Rusiyanın isə Ukraynaya qarşı həyata keçirdiyi geniş mina terroru ilə bağlı maraqlı yazı dərc edib. Məqalədə mina terrorundan sadəcə hərbçilərin deyil, mülki insanla­rın, eyni zamanda, uşaqların da ciddi zi­yan gördüyü, minlərlə insanın öz həyatı­nı itirdiyi, yaxud şikəst olduğu vurğulanır. Nəşrin verdiyi məlumata görə, Ukrayna və Qarabağda mina təhlükəsi problemi 424 nəfərin həyatına son qoyub ki, onla­rın bir qismi uşaqlardır. “Fokus” 2022-ci ilin iyun ayında yazırdı: “Bundan, demək olar, bir il əvvəl – 2021-ci ilin iyun ayında Azərbaycanın Kəlbəcər rayonunun kənd­lərindən birində yaşayan 11 yaşlı Qismət Bayramov valideynlərinin itkin düşən atlarını axtarmaq üçün evdən çıxıb. O, fermer ailəsində böyüdüyünə görə bu iş onun üçün yeni deyildi. Amma bu dəfə oğlan evə qayıtmadı. Onu, demək olar, üç aya yaxın axtardılar. Sentyabrın son­larında istehkamçılar kənddən çox da uzaq olmayan dağlıq ərazidən Qismətin meyitinin qalıqlarını tapdılar”. 

Məqalədə Azərbaycanın mina terro­runa qarşı apardığı mübarizədən də ət­raflı bəhs olunub.

Gizli “ölüm tələsi”

Minalar piyada və tank hücumlarına qarşı effektiv mübarizə vasitəsi kimi uzun illərdir ki, mövcud olsa da, onla­rın yaşayış məntəqələrində, yaxud bu məntəqələrin ətrafında basdırılması yol­verilməzdir. Bu, mülki insanları böyük təhlükə ilə üz-üzə qoymaq, onların həya­tına şüurlu şəkildə qəsd etmək deməkdir. Müasir müharibələrin təhlili göstərir ki, bu üsuldan, yəni minaların yaşayış yerləri və onların ətrafında basdırılması takti­kasından açıq döyüş meydanında uğur qazana bilməyən, öz gücünə, mübarizə əzminə güvənməyən işğalçı qüvvələr isti­fadə edirlər. Bu baxımdan mina terrorunu qorxaqların uğur axtarışı kimi də dəyər­ləndirmək mümkündür. Hərb meydanın­da, üz-üzə döyüşlərdə qələbə qazana bilməyən bu qüvvələr qarşı tərəfi zəiflət­mək, cəmiyyətdə xof mühiti yaratmaq, döyüşən ordunu sosial bazadan məhrum etmək məqsədi ilə bu cür qeyri-insani va­sitələrə əl atır. 

Maya dəyərinin aşağı olması, isteh­salının asanlığı “ucuz ölüm” sayılan mi­naların geniş istehsalına şərait yaradır ki, bu da onun kütləvi şəkildə istehsalını stimullaşdırır. Ermənistanın 30 il ərzində vaxtilə işğalda saxladığı Azərbaycan tor­paqlarında yüz minlərlə mina basdırma­sı, hətta post-müharibə dönəmində belə mina terrorundan əl çəkməməsi İrəvanın sadəcə hərbçilərimizə qarşı deyil, bütün Azərbaycan xalqına, onun hər bir fərdinə qarşı mübarizə apardığını göstərir. Bu baxımdan Rusiyanın Ukraynada həyata keçirdiyi mina terroru da insanlığa qarşı cinayət kimi qınanmalı və nifrətlə qarşı­lanmalıdır.

Qarabağdakı mina terroru Ukraynada təkrarlanır

Ukrayna Müdafiə Nazirliyinin rəsmisi Ruslan Berequlya bu ilin aprel ayında Ukraynada müharibə başlayandan bəri 6-sı uşaq olmaqla toplam 124 nəfərin mina partlayışı nəticəsində həlak oldu­ğunu bildirmişdi. Açıqlamada mina part­layışları nəticəsində 33-ü uşaq olmaqla 286 nəfərin də yaralandığı qeyd olunub. 

Maraqlıdır, Ermənistanın Qarabağ və ətraf rayonlarda həyata keçirdiyi mina terrorunun Ukraynada təkrarlanmasına səbəb nədir? Necə ola bilir ki, bütün dün­yanın gözü önündə Azərbaycanda çox sayda can alan mina terroru qısa müddət sonra Ukraynada da insanların həyatına son qoymaqda davam edir? Buna sə­bəb, şübhəsiz, mina terroruna qarşı bey­nəlxalq birliyin birgə mübarizəsinin olma­masıdır. Məhz birgə mübarizənin yoxluğu mina terrorunun inkişafına, onun müxtəlif zamanlarda və məkanlarda yenidən baş qaldırmasına səbəb olur. 

Xatırladaq ki, Prezident İlham Əliyev çıxışlarında dəfələrlə Ermənistanın mina terroruna toxunub, bu terrora qarşı birgə mübarizənin vacibliyini qeyd edib. Ancaq təəssüflər olsun ki, Azərbaycan bu gün də Ermənistanın mina terroruna qarşı təkbaşına mübarizə aparmaqdadır. İn­diyədək ölkəmizin erməni terroruna qarşı birgə mübarizə çağırışlarına əməli cavab verilməyib. Və nə qədər ki, bu təhlükəyə qarşı qlobal mübarizə yoxdur, mina terro­ru can almaqda davam edəcək, minlərlə ailənin faciəsinə çevriləcək.

 

Seymur ƏLİYEV

Siyasət