İdman jurnalistikasından bədən tərbiyəsi müəllimliyinə

post-img

“Azərbaycan idmanının veteranları ölkəmizdə idmanın inkişafı üçün çox işlər görüblər, yaxşı ənənələr yaradıblar, gənclərimiz üçün yaxşı yollar açıblar... Bugünkü gənclərimizin idman sahəsindəki nailiyyətləri veteranların zəhməti sayəsindədir, gənclərin məşqçilərinin, müəllimlərinin, onlara rəhbərlik edən idman ustalarının fəaliyyətinin nəticəsidir. Ona görə də mən idman sahəsində müəllimlik edənlərin, məşqçiliklə məşğul olanların, gənclərimizdən idman ustaları hazırlayanların hamısına hörmət və ehtiramımı, onlara təşəkkürümü bildirirəm”.

Bu mülayim may günlərində 100 illik yubileyini fəxrlə, böyük qürurla, minnətdarlıq hissi ilə qeyd etdiyimiz ulu öndər Heydər Əliyevin çıxışlarından birində ifadə etdiyi və indi diqqətinizə çatdırdığımız fikirdən göründü­yü kimi, Azərbaycan idmanının təbliğində və inkişafında vete­ran mütəxəssislərimiz mühüm rol oynamışlar və əldə olunmuş uğurlarda onların xidmətləri da­nılmazdır. Veteranlar uzun illər ərzində qazandıqları zəngin təc­rübə sayəsində öz bilik və baca­rıqlarını səbrlə, təmkinlə gənc davamçılarına vermiş, onların püxtələşməsinə, möhkəmlənmə­sinə, həyatda vacib olan nəcib keyfiyyətlərə yiyələnmələrinə töhfələrini vermişlər.

Belə veteranlardan biri də Prezident İlham Əliyevin sərən­camı ilə 2008-ci ildən Əməkdar jurnalist adı daşıyan, həmçinin Fəxri bədən tərbiyəsi və idman işçisi Yaqub Nuriyevdir. Demək olar, bütün fəaliyyətini idmana həsr etmiş həmkarım bu gün Azərbaycan Dövlət Bədən Tər­biyəsi və İdman Akademiyasının Bədən tərbiyəsi və idmanın nəzə­riyyəsi və metodikası kafedrasın­da baş müəllimdir.

Yadımdadır, 2003-cü ilin ya­yında Y. Nuriyevi 50 illik yubileyi ilə əlaqədar olaraq qəzetimizin səhifələrində təbrik edib, idman jurnalistikasında keçdiyi yol barə­də danışmış, ünvanına xoş sətir­lər həsr etmişdik. O vaxtdan artıq iyirmi il keçib. İndi Yaqub müəllim seçdiyi yolda ilk addımlarını atıb, 33 il ərzində əməkdaşı olduğu Azərbaycan radiosunun idman verilişləri redaksiyasında ştat­dankənar müxbir, böyük redaktor, şöbə müdiri deyil, şərhlərini, re­portajlarını da dinləmirik. Amma hərdən xatırlayırıq. Bu zaman yada düşür ki, o vaxtlar səbrsiz­liklə gözlədiyimiz hər hansı bir id­man xəbərini, xüsusən də futbol oyunlarının nəticələrini Azərbay­can radiosunda ilk olaraq onun və həmkarlarının dilindən eşidirdik.

Azərbaycanda otüstü xokke­yin çox yaxşı inkişaf etdiyi, res­publikamızda bu növ üzrə istər kişilərdən, istərsə də qadınlardan ibarət bir neçə güclü komanda­nın olduğu (AzNKİ --Azərbaycan Neft və Kimya İnstitutu, "Rabitə­çi" Bakı, "İnşaatçı" Sumqayıt) və onların SSRİ çempionatlarında uğurla çıxış etdikləri, hətta qadın­lardan ibarət yığma komandamı­zın az qala Olimpiya oyunlarına lisenziya qazanacağı illərdə isə Y.Nuriyev həm də həmin fede­rasiyanın ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri kimi səmərəli fəaliyyət göstərirdi.

Yaqub müəllimin jurnalistika­da adının hörmətlə çəkilməsini, sayılıb-seçilən həmkarları sıra­sında olmasını belə bir fakt da təsdiq edir ki, o, dəfələrlə ilin ən yaxşı idman jurnalistlərindən biri kimi Gənclər və İdman Nazirliyi­nin, Azərbaycan İdman Jurna­listləri Assosiasiyasının mükafat­larına layiq görülmüşdür. Çünki radio dinləyiciləri onun müxtəlif yarışlardan reportaj və şərhləri­ni, mütəxəssislərlə idmanımızın uğurları və problemləri barədə söhbətlərini maraqla qarşılayır­dılar.

Həmkarımın bir jurnalist və müəllim kimi idman həyatının mənalı keçməsi təsadüfi deyil. O, hələ yeniyetmə yaşlarından idman hadisələrinə böyük maraq göstərmişdir. İki ali məktəbin-- Azərbaycan Politexnik İnstitutun (indi Texniki Universitet) və Döv­lət Bədən Tərbiyəsi İnstitutunun ( hazırda Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası) məzunu­dur. Özünün dediyi kimi, idman mövzusunda ilk yazısı tələbəlik illərində çilingər işlədiyi Yeni Bakı Neftayırma Zavodunun çoxtirajlı "Çilingər" qəzetində dərc olun­muşdur. Bununla da onun bir növ idman jurnalistikasında fəaliyyə­tinə start verilmişdir.

Bizim tanışlığımızın da təx­minən 45-50 illik tarixi var. Mən ötən əsrin altmış-- doxsanıncı illərində "İdman" qəzetinin əmək­daşı olarkən Yaqubun da hərdən redaksiyamıza gəldiyini, yazılar gətirdiyini görürdüm.

Budur, tale Yaqub müəllimi bir daha "Xalq qəzeti" səhifələ­rinə çıxarmaq imkanı yaratmışdır. Özü də onun 70 yaşının astana­sında. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası­nın baş müəllimi indi tələbələrinə idman elmini öyrədir, təcrübəsini onlarla bölüşür, birlikdə məqalələr yazırlar. Elə bu yaxınlarda onların ulu öndər Heydər Əliyevin bədən tərbiyəsi və idmana qayğısından bəhs edən növbəti məqaləsi də ümummilli liderin 100 illik yubileyi ərəfəsində "Mütərcim" jurnalında nəşr olunmuşdur.

İdmanımızın veteranına da, onun tələbələrinə də yeni yaradı­cılıq uğurları arzusu ilə.

 

Oqtay BAYRAMOV,
Əməkdar jurnalist

Sosial həyat