Türkiyədə seçkilərə son hazırlıq

post-img

Qardaş Türkiyədə səs vermək hüququ olan vətəndaşlar cəmi üç gündən sonra “sandıq başı”na keçərək prezidentliyə bu və ya digər layiq bildiyi namizədin lehinə səs verəcəklər. Hər bir seçim böyük dəyər kəsb edir. Bütövlükdə, xalqın doğru və ədalətli seçimi sayəsində qazanan Türkiyə olacaq! 

Bu seçkilər təkcə Türkiyə üçün deyil, bütün region, eləcə də geniş bir coğrafi­yada yerləşən böyük türk dünyası üçün taleyüklü əhəmiyyət daşıyır. Təsadüfi deyil ki, ölkə mediası 14 may seçkiləri­ni “Əsrin seçimi” adlandırır. Zərrə qədər şübhə etmirik ki, müdrik türk xalqı seç­kilərdə ən doğru seçimini edəcək. 

İndi ölkədə son dərəcə həssas durum yaranıb. Hamı məhz öz seçimini ən doğ­ru və alternativsiz hesab edir. Bu, ona də­lalət edir ki, cəmiyyətdə siyasi cəhətdən qütbləşmə yaranır. Bu, təhlükəli tenden­siyadır. Çünki təxribatçı ünsürlər gərgin­likdən sui-istifadə edə bilərlər. Lakin iqti­dar lazımi təhlükəsizlik tədbirləri həyata keçirir. 

Təhlilçilər bildirirlər ki, ölkədə seçki­sonrası mümkün qarşıdurmalara ciddi zəmin yoxdur. Türkiyədə sivil, fəal vətən­daş cəmiyyəti formalaşıb. Özəl seçim hər kəsin təməl haqqıdır. Bu haqqı heç kəs onun əlindən ala bilməz. Türk xalqı heç vaxt seçki saxtakarlığına qol qoymayıb. Burada çox yüksək seçki mədəniyyəti formalaşıb. 

Ankaradakı Bilkənd Universitetinin professoru, tanınmış politoloq Əmrulla Məmmədli qeyd edir ki, 14 may seçkilə­rində yüksək seçici fəallığı hiss olunacaq. Son bazar günü “Cümhur İttifaqı”nın lide­ri Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə ke­çirilən toplantıya bir milyondan çox insan qatılıb. “Millət İttifaqı”nın rəhbəri Kamal Kılıçdaroğlunun da seçicilər ilə görüşləri izdihamla keçir. 

Prezidentliyə namizədlər əvvəlcədən nəzərdə tutulan cədvəl üzrə ölkənin ic­timai televiziyası -- TRT vasitəsilə seçi­cilərə müraciət edir, bu zaman öz proq­ramlarını şərh edir, arzu və təkliflərini dilə gətirirlər. Namizədlər son bazar axşamı telekanalın tribunasından növbəti dəfə çıxış ediblər. Bu çıxışlar ölkə və qlobal mediada geniş müzakirə edilir. 

Hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğan seçiciləri AKP-nin “Güvən və sabitlik” proqramına səs verməyə çağı­rıb. O, iqtidarın hazırda bütün sahələrdə, o cümlədən iqtisadi, müdafiə, insan haq­ları və s. istiqamətlərdə həyata keçirdiyi geniş islahatlardan da danışıb. 

Deyib ki, seçicilər özlərinin və övlad­larının xoşbəxt gələcəyi naminə doğru seçim etməlidirlər. AKP son 21 ildə 15 dəfə seçkilərdə qalib gələrək insanların etimadını qazanıb. R.T.Ərdoğanın fikrin­cə, iqtidar bundan sonra da bütün çətin­liklərin və çağırışların öhdəsindən gəlmə­yi bacaracaq. 

Natiq çıxışında sonra vurğulayıb ki, onun hakimiyyətinin ən böyük uğuru in­sanların şüur və düşüncə tərzlərini də­yişdirməyi bacarmasıdır. Bu, şüurlarda baş verən inqilabdır. Bu gün Türkiyədə heç kim dini inancına və etnik mənsubiy­yətinə görə təqib olunmur, özünü cəmiy­yətdə unudulmuş və təcrid edilmiş hiss etmir. 

R.T.Ərdoğan deyib: “Heç kim Əziz Səncərin, Uğur Şahinin, Rza Kayalpın, yaxud Səlcuk Bayraqdarın etnik mənsu­biyyəti ilə bağlı sual etmir. Məhz şüurlar­da baş verən inqilab sayəsində Türkiyə yaxın gələcəkdə daha möhtəşəm uğurlar qazanacaq!” 

Qeyd edək ki, yuxarıda adları çəkilən məşhur isimlər müvafiq olaraq Nobel mü­kafatı laureatı, COVİD-19 peyvəndinin yaradıcısı, güləş üzrə dünya çempionu və insansız uçuş aparatının yaradıcısıdır. Reallıq budur ki, Türkiyə bu gün böyük və güclü dünya dövlətidir! 

CHP lideri Kamal Kılıçdaroğlu isə çıxışında TRT-ni “hakim partiyanın ya­yımçısı” adlandırıb. Ana müxalifətin lideri seçicilərə müraciətlə deyib: “Qarşıdakı seçkilər bütün 85 milyon insanın seçkisi­dir. Siz 14 mayda mənə yox, ədalətə səs verəcəksiniz”. 

“Məmləkət” Partiyasından prezident­liyə namizəd Məhərrəm İncə də çıxışında TRT-yə ittihamlar yağdırıb. O, hökuməti dövlət qurumlarının işinə müdaxilə et­məkdə, bununla da həmin idarələrin öz funksionallığını itirməsinə səbəb olmaq­da suçlayıb. Bildirib ki, ölkədə nəzarət­dən çıxan kəskin qaçqın problemi yara­nıb ki, bu da Türkiyənin ictimai-siyasi həyatı üçün böyük təhdiddir. 

M.İncə həmçinin bildirib ki, onun rəhbərlik etdiyi partiya nə sağçı, nə də solçudur. Bu partiya Böyük Atatürkün müəyyən etdiyi yolla gedir: “Atatürk ölkə­ni necə idarə edibsə, eləcə də biz idarə edəcəyik!”. O, terrora qarşı güzəştsiz mübarizə aparacağını, PKK-dan tutmuş FETÖ-yə qədər hər kəsi yerində oturda­cağını bildirib. Xarici siyasətdə isə Avro­pa İttifaqı ilə üzvlük danışıqlarının davam etdirilməsinin vacibliyini söyləyib. 

ATA İttifaqından prezidentliyə na­mizəd olan Sinan Oğan isə çıxışı zamanı bildirib ki, onun seçki platformasında bir prioritet var. O, qalib gələcəyi təqdirdə ilk növbədə suriyalı və bütün qaçqınların geri qayıtmaları üçün əmr imzalayacaq. Belə ki, Türkiyənin daxili nizamını poz­maq olmaz! S.Oğan sonra bildirib ki, 14 may seçkiləri Türkiyənin gələcək taleyini həll edəcək. O, seçicilərə müraciətlə de­yib: “Siz qarşıdakı bazar günü 13 milyon qaçqının Türkiyədə qalıb-qalmamasına səs verəcəksiniz!”. 

Sonda bildirək ki, prezidentliyə na­mizədlər TRT-də son dəfə iki gün sonra, mayın 13-də axşam çıxış edəcəklər.

 

M.HACIXANLI, “Xalq qəzeti”



Siyasət