Ermənistan Qərbdə siyasi müttəfiqlər axtarır

post-img

Ermənistan iqtisadiyyatında qəribə və təzadlı proseslər baş verir. Rəsmi statistikaya inansaq, bu ölkənin Rusiya ilə ticarət əlaqələri sürətlə genişlənir, reallıqda isə yerli sahibkarlar öz məhsullarını Rusiya bazarlarına çıxarmaqda çox da maraqlı deyillər. Sual oluna bilər ki, bu ziddiyyət nədən qaynaqlanır? 

Bu günlərdə “Eurasia.net” informa­siya saytı həmin məsələni araşdırmağa çalışıb. Bu barədə təqdim olunan yazıda qeyd olunur ki, hazırda Rusiya Ermənis­tan üçün ən böyük ixrac bazarına çev­rilib. Belə ki, ötən il iki ölkə arasında ti­carət dövriyyəsi birdən-birə iki dəfə artıb. 2022-ci ildə bu göstərici konkret rəqəmlə ifadədə 5 milyard dollar ekvivalentində olub. 

Lakin Ermənistan ilə Rusiya arasında ticarət dövriyyəsinin böyük hissəsi qey­ri-leqal yolla baş verir. Rusiya Qərbin ona qarşı tətbiq etdiyi iqtisadi sanksiyalardan yayınmaq üçün bir çox zəruri malları Er­mənistan vasitəsilə idxal edir. Yəni mal və əmtəələr ilk baxışda Ermənistana, faktiki olaraq isə Rusiyaya satılır.

Bəs, Qərbin siyasi dairələrinin bun­dan xəbəri varmı? Var! Hətta qlobal me­diaya sızan məlumatlara görə, bu yaxın­larda Vaşinqtonda ABŞ-ın dövlət katibi Entoni Blinken Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ilə görüşərkən hə­min məsələ ilə bağlı ona ciddi xəbərdar­lıq edib. Rəsmi Brüssel də Ermənistanın “gizli oyunlar”ından narazıdır. 

Ermənistan iqtisadiyyatının Rusiya­dan asılı vəziyyətə düşməsi Nikol Pa­şinyan hökumətinin Qərblə hərtərəfli əlaqələri gücləndirmək səylərini zərbə altına qoyur. Digər tərəfdən İrəvanın Moskvadan iqtisadi, siyasi və təhlükəsiz­lik sahələrində asılılığı daha da güclənir. 

Lakin Rusiya ilə ticarət əlaqələrinin artması Ermənistan iqtisadiyyatı üçün gözlənilən səmərəni vermir. Məsələ bu­rasındadır ki, Ermənistan ilə Rusiya ara­sında əmtəə mübadiləsi hazırda yalnız rublla aparılır. Rusiyanın Ukraynada baş­ladığı və hələlik sonu görünməyən mü­naqişə səbəbindən rubl dollar qarşısında dəyər itirməkdə davam edir. 

Hazırda rubl qeyri-sabit və riskli val­yuta hesab olunur. Ermənistanın milli valyutası – dram isə zəifləyən rubl qar­şısında dəyər qazanır. Rusiyadan Ermə­nistana gələn miqrantlar özləri ilə xeyli dollar gətiriblər. Bu vəziyyət ölkədə milli valyutaya tələbatı artırıb. 

Ermənistanın iqtisadiyyat naziri Va­han Kerobyan bildirib ki, Rusiya ilə Er­mənistan arasında əmtəə mübadiləsinin yalnız rublla aparılması yerli istehsalçıla­rı çətin vəziyyətdə qoyur. Belə ki, onlar mal və materialların bir hissəsini xarici ölkələrdən dollar və avro ilə əldə edirlər. Beləcə, Ermənistanda istehsal edilən məhsulların maya dəyəri artır, Rusiyaya zəifləmiş rublla satılan mallara görə mən­fəət isə azalır. 

Ermənistanın Rusiyadan başqa digər ölkə bazarlarına çıxış imkanları çox məh­duddur. Çünki yüksək rəqabətyönlü məh­sul istehsal edilmir. V.Kerobyan bildirib ki, Rusiya uzun müddət Ermənistan üçün əsas satış bazarı olaraq qalacaq. Ermə­nistanda istehsal olunan mal və məh­sulların hazırda 45 faizi məhz Rusiyaya ixrac olunur. Xatırladaq ki, bu, ümumi ticarət dövriyyəsinin 35 faizini təşkil edir. 

İki ölkə arasında mal alqı-satqısının yalnız rublla aparılması erməni sahib­karları çox narahat edir. Bir qədər əvvəl qeyd etdiyimiz kimi, rubl zəifləyir və qey­ri-sabitdir. Rusiyanın başçılıq etdiyi Avra­siya İqtisadi İttifaqı isə dollar və avrodan tamamilə imtina etməyi planlaşdırır. Er­mənistan bu ittifaqa 2013-cü ildə qoşulub və Rusiyanın diktəsi ilə oturub-durmağa məhkumdur. 

Təhlilçilər bu qənaətdədirlər ki, Er­mənistanın Rusiyadan artan iqtisadi asılılığı İrəvanın Avropa İttifaqı ilə daha sıx əlaqələr qurmaq şanslarını kəskin azaldır. Moskva İrəvanın Qərbə meyl göstərməsini görür və bunu qəbul et­mək istəmir. Rusiya hökuməti artıq siyasi məqsədlər naminə Ermənistanı iqtisadi cəhətdən də cəzalandırmaq haqqında siqnallar göndərir. 

Onu da qeyd edək ki, bir müddət əv­vəl Ermənistan tərəfindən Rusiya Pre­zidenti Vladimir Putinin həbsinə qərar verən Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) Roma statutunun imzalanması Moskvada ağır xəyanət kimi dəyərləndi­rilib. Kreml İrəvana BCM ilə “sıx əmək­daşlığın kəskin mənfi nəticələr verəcəyi” barədə xəbərdarlıq edib. 

Xarici siyasət əslində daxili siyasətin davamıdır. Rusiyadan iqtisadi cəhətdən tam asılı olan Ermənistanın manevr im­kanları artıq tükənib. Görünür, İrəvanda bu həqiqəti hələ də başa düşmək istəmir­lər. 

 

Məsaim ABDULLAYEV, “Xalq qəzeti”

Siyasət