Ana, daha məhbus deyiləm, yanınıza gəlirəm…

post-img

Məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə əfv olunması haqqında Prezident sərəncamı elə bir tarixi sənəd oldu ki, onun haqqında söz demək, təqdir etmək istəməyən yoxdur. Hamı bu faktı yüksək qiymətləndirir və cənab Prezidentin mərhəmət hisslərini alqışlayır. 

Mən isə bu məqamda on il əvvəl, may ayının bu günlərində Milli Məclisdə müza­kirə edilən bir məsələyə deputat Mehriban xanım Əliyevanın münasibətini yada salmaq istəyirəm. Həmin günlər parlamentdə ulu ön­dərin 90 illik yubileyi ərəfəsində amnistiya aktı haqqında qanun layihəsi müzakirə edilir­di. Deputat Mehriban Əliyeva müzakirələrin birində demişdi: “ İnanıram ki, bağışlamaqla, xoş niyyətlə, mərhəmətlə bu dünyada bir çox şeyləri yaxşılığa doğru dəyişdirmək müm­kündür”. O günlər bu çıxışa münasibət bil­dirən türk qəzetçisi öz yazısının sərlövhəsin­dəcə qeyd etmişdi ki, “Biz də inanırıq”. 

Həmin müzakirələr haqqında verilən rəs­mi məlumatda deyilirdi ki, layihəyə əsasən, Amnistiya aktı təqribən 9 min şəxsə şamil oluna bilər. Bu akt əsasında 2 mindən artıq məhkumun azadlığa buraxılması gözlənilir. Yəni ulu öndərin təkcə yüz illiyi deyil, dox­san illiyi də minlərlə soydaşımızın ailəsinə sevinc gətirmişdi. Ömrünün bütün illəri və ayları Azərbaycan xalqına xidmətdə keçmiş dahi siyasətçinin ad günləri, yubileyləri də daim unudulmaz faktlarla yadda qalır. 

Ekspertlər yazırlar ki, Prezident İlham Əliyevin imzaladığı sonuncu əfv sərəncamı müstəqillik dövrümüzün ən əhatəli analoji sənədidir. Sərəncamın preambulasında qeyd edilir ki, bu addım Heydər Əliyevin misilsiz xidmətlərini, insan hüquq və azadlıqlarının qorunmasına xüsusi önəm verdiyini xatırla­yaraq, humanizm, mərhəmət və insanpərvər­lik ənənələrini davam etdirərək, cəzadan azad olunacaq şəxslərin müstəqil dövlətimizin ri­fahına və cəmiyyətin inkişafına öz töhfəsini verəcəklərinə inanaraq, məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, Azər­baycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın), insan hüquqlarının müdafiəsi təşkilatlarının Azər­baycan Respublikasının Prezidentinə ünvan­lanmış əfv haqqında müraciətlərinə baxaraq atılmışdır. 

Yəni söhbət təkcə kiminsə cəzadan azad edilməsindən getmir. Söhbət törətdiyi əmələ görə cəzalandırılmış şəxsin islah olunmasına, cəmiyyət üçün təhlükə törətməyəcəynə əmin­likdən gedir. Bəzən əfv faktlarını bilavasitə azadlıqdan məhrum edilmiş şəxslərin hüquq­larının təmin edilməsi kimi qiymətləndirirlər. Ancaq mütəxəssislərin fikrincə, bu qəbildən olan sənədlər imzalananda hüquqları daha çox qorunan azadlıqdan məhrum edilmişlərin ailə üzvləri, əzizləridir. 

Yadımdadır, doxsanıncı illərin əvvəllə­rində “Dalğa” qəzeti üçün Bakıdakı qadın həbsxanasından bir reportaj hazırlamışdım. Məhbus qadın demişdi ki, on üç yaşlı oğlumu qonşuların gözü qarşısında ayaq altına salıb təpikləyən 50-55 yaşlı kişini məhz həmin camaatın gözü qarşısında yaba ilə ölümcül vəziyyətə saldım. Cəzalandırıldım. Amma indi düşünürəm ki, səbrli olmaq lazım idi. Həmin adam yaba ilə yox, qanunun gücü ilə cəzalandırılmalı idi. Çünki mən üç ildən çoxdur ki, övladlarımdan aralı yaşayıram. Üç ildir ki, azadlığın dadını bilmirəm. Üç ildir ki, əzizlərim hər saat, hər an mənim qayı­dacağımı gözləyirlər. Mən əsəblərimə sahib ola bilmədiyimə görə əzizlərimin hüquqlarını pozmuşam. 

O gün hiss etmişdim ki, səhvin etiraf edilməsi şəxsin islahının göstəricisidir. Döv­lət başçımız məhz islah olunmuşları əfv edir. 

... Ulu öndərin ölkəmizə rəhbərlik etdiyi doxsanıncı illərdə imzalanan əfv sərəncam­larından birinin icrası zamanı “Xalq qəzeti” üçün hazırladığım yazının qəhrəmanından – əfv olunmuş şəxsdən soruşmuşdum ki, əziz­lərinə deyə biləcəyin ilk söz necə olardı? Oğ­lan dedi ki, səsim çatsaydı burdan Kürdəmirə hayqırardım: “Ana, daha məhbus deyiləm, yanınıza gəlirəm!”

Cənab Prezidentin mayın 8-də imzaladığı sərəncamla səkkiz yüzdən artıq məhkum ba­ğışlanmışdır. İndi artıq doxsanıncı illər deyil. İndi mobil telefonla yüzlərlə anaya, bacıya, övlada zəng edildi ki, mən artıq məhbus de­yiləm, yanınıza gəlirəm. 

... Hələ bu ilin yanvarında ekspertlər yazırdılar ki, 2023-cü il mühüm humanist addımlarla yadda qalacaq. Təbii ki, bu proq­nozun əsaslandırılması da var idi. Ən böyük əsas ilin “Heydər Əliyev ili” elan edilməsi idi.

Ekspert yazırdı ki, təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan humanizm siyasəti ölkəmizin hüquqi dövlət quruculuğu prosesində mühüm yerə malik­dir. Təsadüfi deyil ki, məhkumların cəzasının yüngülləşdirilməsi, yaxud onların cəzadan tam azad edilməsi tədbirlərini həyata keçir­mək məqsədilə 1995-ci ildə ölkəmizdə Ba­ğışlanma Məsələləri üzrə Komissiya yaradıl­mış, 2001-ci ildə isə onun adı Əfv Məsələləri Komissiyası kimi qəbul edilmişdir. Bütöv­lükdə, 1995-2003-cü illərdə 7 amnistiya aktı və 32 əfv fərmanı imzalanıb ki, ümummilli lider tərəfindən imzalanan bu fərmanlar ilə 3 mindən artıq şəxs bağışlanaraq cəzalarından azad edilmişdi. 

Bununla yanaşı, ölkəmizdə 1998-ci ildə ölüm cəzası aradan qaldırılıb və Azərbay­canın adı Şərqdə bu cəzanı ləğv edən ilk ölkələrdən biri kimi tarixə düşüb. Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu humanizm siyasətini və ənənələrini layiqincə davam et­dirən Prezident İlham Əliyev əfv institutunun çevik və işlək mexanizm əsasında fəaliyyəti­ni təmin edib. Prezident İlham Əliyev döv­lət başçısı kimi 36 əfv sərəncamı imzalayıb. Bütövlükdə, indiyə qədər əfv barədə imza­lanmış 68 fərman və sərəncam 8987 nəfərə şamil edilib.

Bundan başqa, hər zaman nəcib, hu­manist təşəbbüsləri ilə ali insani dəyərlərə yüksək qiymət verən Birinci vitse-prezi­dent, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva Milli Məclisin de­putatı olarkən məhz onun təşəbbüsü ilə 2007, 2009, 2013 və 2016-cı illərdə amnistiya aktları qəbul edilmişdi. Həmin təşəbbüslər xeyirxahlıq və mərhəmət kimi mənəvi ideal­ların təcəssümünə çevrilib. 

Xüsusilə xatırladılmalı faktlardan biri də odur ki, Azərbaycan Prezidentinin təşəbbüsü əsasında Milli Məclis tərəfindən qəbul edil­miş “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” 2021-ci il 5 noyabr tarixli qərar 17 min 267 şəxsə şamil olunmuşdu. Bu qərar tətbiq olunan şəxslərin sayına görə indiyədək qəbul edilmiş ən geniş amnistiyadır. Amnistiyanın tətbiqi nəticəsin­də şəxslər ayrı-ayrı cəzalardan, o cümlədən azadlıqdan məhrumetmə cəzasından azad ediliblər, bəzilərinin isə cəza müddəti azaldı­lıb. Bütün bunlar Azərbaycan dövlətinin hu­manizm siyasətinin əyani ifadəsidir.

Cənab Prezidentin mayın 8-də imzaladı­ğı sənəd isə indiyədək ən çox məhbusa şamil edilən əfv sərəncamıdır. Ancaq hələlik. Çün­ki qarşıda hələ çox böyük əlamətdar günlə­rimiz var və həmin günlər münasibətilə də amnistiya və əfvlərin olacağı istisna edilmir. Şəxsən mən Xankəndidə Azərbaycan Bayra­ğının ucaldılmasının ilk ildönümü münasi­bətilə imzalanan möhtəşəm əfv sərəncamını oxumağı çox arzulayıram. Həm də buna ina­nıram. 

 

İttifaq MİRZƏBƏYLİ,
“Xalq qəzeti”





Sosial həyat