Azərbaycanı möhtəşəm hədəflərə yönləndirən lider

post-img

Ümummilli liderimiz Heydər Əliyevin 100 illik yubileyi­ni qeyd etdiyimiz bu gözəl gündə, dahi şəxsiyyətin jurnalist əməyinə qədirbilənliklə yanaş­masını sübuta yetirən bir çox ha­disələrə nəzər salmağa ehtiyac var. Bu ehtiyacı yada salmaq, həm də mənəvi borcumuzdur. 

Əslində, “Heydər Əliyev və mətbuat” mövzusu özü ayrıca bir tarixdir. Bu tarixin hər səhifəsində ənənələrimizə, keçdiyi­miz yola, varlığımıza misilsiz dəyər nü­munəsi var. Ən böyük dəyər isə ana di­limizədir. Heydər Əliyev şəxsiyyəti bütün varlığı ilə mətbuatı dil hadisəsi kimi gö­rürdü. Ulu öndər onu ana dilimizin varlığı­nın qorunmasında böyük məxəz sayırdı. Nəzərə alaq ki, dilin varlığının qorunma­sı, bütövlükdə, xalqın mövcudiyyət fakto­rudur. Görünür, məhz buna görə də ulu öndər Sovetlər Birliyi dönəmində ana dili­mizdəki ilk çıxışını bir mətbuat orqanının yubileyində etmişdi. Nə xoş ki, bu mət­buat orqanı indiki “Xalq qəzeti” olmuşdu. 

Azərbaycan Xalq Cümhiyyəti döv­ründə – 1919-cu ildən işıq üzü görmüş qəzetimizin 50 illik yubileyi ulu öndərin Azərbaycanda hakimiyyətə başladığı za­man kəsiyinə təsadüf etmişdi. Təntənəli yubiley mərasimində çıxış edən respub­lika rəhbəri o zaman “Kommunist” adı ilə fəaliyyət göstərən nəşrin ictimai həyatda­kı rolunu yüksək qiymətləndirmiş, onun keçdiyi yolun mükəmməl təsvirini incə­liklərinə qədər vermiş, qəzetimizi yeni gün uğrunda mübarizənin flaqmanı kimi göstərmişdi. 

Beləcə, tariximiz ümummilli liderin sözə dəyərinin ilk anadilli nümunəsinə şahidlik etmişdi. Bu nümunədə, eyni za­manda, mətbuatın gücünü, malik olduğu potensialı dövlət idarəçiliyi baxımından səfərbər etmək əzmi ön planda dayanırdı ki, sonrakı illərdə bu əzmin yeni və parlaq nümunələrlə zənginləşməsi baxımından bütöv bir tarix yazıldı desək, heç bir mü­baliğəyə yol vermərik. 

Ümumən, dünya tarixində fəaliyyət prinsiplərini mətbuatla əlaqəli şəkildə qurmağı bacaran dövlət xadimləri və li­derlər olublar. Qətiyyətlə deyə bilərik ki, ulu öndər Heydər Əliyev həmin liderlərin ən parlaqlarındandır. Məsələyə XX əsrin tarixi prizmasından yanaşsaq, bu obraz unikaldır. Onun unikallığında jurnalistika dövlət-cəmiyyət oxunun hərəkətverici qü­vvəsi, bir növ, katalizatorudur. 

Ulu öndərin nəzərincə, mətbuat idarəçiliyi daha da çevikləşdirməyin, ona ahəngdarlıq verməyin müstəsna vasitəsi kimi çıxış edir. Heydər Əliyev liderliyinin xarakterik xüsusiyyətlərindən biri idarəçi­liyi yad təsirlərdən qorumaq, onu insan­ların nəzərində daim yüksək tutmaq na­minə mətbuata arxalanmaqdır. Əlbəttə, dahi şəxsiyyət mətbuata arxalanmağı da özünə xas üslubda edirdi. Jurnalistika­ya dəyər verir, bu peşə sahiblərini daim yüksək tutur, onların əməyini məxsusi qiymətləndirirdi.

*** 

Ümumən, baxışlarımızdakı mütəhər­rik mətbuatın tarixi çox da uzaq keçmişə söykənmir. Orta əsrlər dövrünün ikinci yarısından başlayaraq Avropanı, yaxşı mənada, cənginə almış sənaye çevriliş­lərinin fonunda yenilikləri cəmiyyətə çat­dıran qəzetlərin populyarlaşması dövrü başlamışdı. Söhbət mətbuatın gücünün idarəçiliyə tətbiqindən gedirsə, bu mə­nada, zaman baxımından Almaniyanın məşhur dövlət xadimi Otto fon Bismarkın fəaliyyətini yada salmaq mümkündür. Bismark həmin dövrün dövlətlərarası ziddiyyətlərinin doğurduğu mühiti ölkəsi­nin mənafeyi naminə dəyişmək məqsədi ilə mətbuat amilindən ciddi şəkildə bəh­rələnmişdi. 

Əlbəttə, tarixi şəxsiyyətlərin tətbiq et­dikləri idarəçilik metodlarının məzmunca bir-birindən fərqləndiyini də nəzərə al­malıyıq. Ancaq mahiyyət dəyişmir. İndiki halda söhbət həm də mətbuatın gücünə arxalanaraq, dövləti möhkəmləndirmək­dən gedirsə, tam əminliklə söyləyə bilərik ki, Heydər Əliyev bu mənada XX əsr dün­ya tarixinin şəriksiz lideridir. Gəldiyimiz qənaəti sübuta yetirmək üçün bir neçə məqama da diqqət yetirək. 

İlk növbədə, qeyd edək ki, mətbu fəa­liyyət aktivləşmə dövrünə qədəm qoyan­da, ictimai institut kimi möhkəmlənib özü­nü təsdiqləməyə başlayanda, Avropanın oturuşmuş dövlət strukturları var idi. Hə­min dövrdə medianın özü də, müəyyən mənada, yetkin sistem təsiri bağışlayırdı. Burjua inqilablarının doğurduğu böyük dəyişikliklər, sənayedəki sıçrayışlar fo­nunda bu sistem, necə deyərlər, daş-daş, kərpic-kərpic formalaşmamışdı. O, ümu­mi inkişaf trayektoriyasının hazır məhsu­lu qismində meydanda idi.

Yəni, işlək sistemə daha da dina­miklik gətirmək o qədər çətin deyildi. Bu baxımdan, haqqında söz açdığımız Bismark həmin dövrün Almaniyasında, bütövlükdə, “köhnə qitə”nin siyasi are­nasında dominantlıq naminə mətbuatın dəstəyindən istifadəyə üstünlük verən­də, qarşısında heç bir sıfır nöqtəsi yox idi. Jurnalistika onsuz da proseslərin içində yer alırdı. Onun köməyi ilə icti­mai rəyə təsir göstərmək məharət tələb etsə də, istər sovet Azərbaycanındakı, istərsə də müstəqillik dövründəki qədər çətin və mürəkkəb vəzifə sayıla bilməz­di. Sovet Azərbaycanında mətbuatın funksionallığını xalq üçün ali dəyərlərə kökləmək son dərəcə ağır və təhlükə­li sayılırdı. Çünki imperiya əsarəti, in­zibati amirlik sistemi hökm sürürdü. Müstəqilliyimizin ilk illərinin təbiətinə isə pərakəndəlik və xaos hakim kəsilmişdi. 

Bəli, Heydər Əliyev XX əsrin 90-cı illərinin əvvəllərindəki fəaliyyəti ilə da­ğılmış nəhəng imperiyanın yerində qərarlaşmış gənc dövləti təmsil edirdi. Həmin dövlətin özü kimi, mediasının da durumu ürəkaçan deyildi. Böyük mü­barizədən qalib ayrılmış Azərbaycan insanının gələcəyə inamı daxili çəkiş­mələrin gətirdiyi ruhdüşkünlüyü ilə sın­mış, həyat yeknəsəkləşmiş, ölkə, sanki, ümidlər qəbiristanlığına çevrilmiş, icti­mai mühit bozlaşmış, təlatümlərdən ad­lamış cəmiyyət dağınıq görkəm almış­dı. Elə idarəçilik aparatının özündəki ab-havaya da gərginlik hakim kəsilmiş­di, hərc-mərclik təmayülləri tərəddüdlər doğurmuşdu. 

Azərbaycanın müstəqil dövlət kimi qalıb-qalmayacağı sual altına düşmüş­dü. Heydər Əliyev respublikamıza ikinci dəfə rəhbərliyə, məhz, belə bir çətin şə­raitdə gəlmişdi. Çətinlik mətbuatın möv­zu palitrasına da təsirsiz ötüşməmişdi. Üstəlik, senzura amilini nəzərdən qaçır­mamalıyıq. O amili ki, bütün mütərəqqi keyfiyyətlərinə rəğmən, sovet dövrü Azərbaycan mətbuatının iliyinədək iş­ləmişdi. Ziddiyyətə baxın ki, azadlığın və istiqlalın əldə edilməsində müstəsna pay sahibi olan mətbuat özü azad ola bilməmişdi. 

Həmin dövrdə ulu öndər Heydər Əliyev medianı ideyalara inandırırdı. İdeyaları isə özü yaradırdı. Cəmiyyəti müqəddəs amallara köklədi. Ulu ön­dərin çıxışları, keçirdiyi tədbirlər icti­mai mühitdə böyük canlanma yaratdı. Beləcə, həm də mətbuat üçün geniş mövzu bazası yarandı. Jurnalistikamız formalaşdı, cilalandı, möhkəmləndi. Bu prosesdə dayanıqlıq əzminin məğzini müstəqil dövlətçilik uğrunda mübarizə təşkil etdi. Ümummilli liderə inanan jur­nalistlər mübarizənin ideya əsgərlərinə çevrilirdilər. Hər bir qələm sahibində qəti əminlik yarandı ki, Heydər Əliye­vin dediyi fikir, söylədiyi söz ölkəmiz və xalqımız üçün həyati əhəmiyyətlidir. 

Bəli, hər bir jurnalist özünü son dərəcə vacib missiyanı yerinə yetirən şəxsiyyət kimi təsəvvür edirdi. Çünki ulu öndər jurnalistlərə, ilk növbədə, şəxsiy­yət kimi yanaşırdı. O dövrü yaxşı xatır­layıram. Dahi rəhbər hələ Naxçıvanda idi. Mən Bakıda AZƏRTAC-ın baş direk­torunun birinci müavini vəzifəsində ça­lışırdım. Naxçıvandan olan xəbərlərlə bağlı tez-tez telefon zəngləri edərdim. Özü hər cümlənin yazılışına, söz sıra­sına xüsusi diqqət yetirərdi. Hər sözünə və kəlməsinə son dərəcə həssas yana­şardı. Heydər Əliyev şəxsiyyəti üçün mətbu sözün nə kimi böyük əhəmiyyət daşıdığını elə o zaman anladım. 

Gənc idim, ancaq məndə yetkin şəxslərə xas əminlik yarandı. Sidq-ürək­lə inandım ki, Heydər Əliyevin hər sözü dövlətimiz və xalqımız üçün vacibdir. Bu vacibiyyəti dərk edərək, bir jurnalist kimi püxtələşdim, necə deyərlər, yetiş­dim. Ulu öndərlə hər təmasım təcrübə­mi artırdı. Bir jurnalist olaraq dövlətimə və xalqıma faydalı olmaq üçün nəyi və necə etməli olduğumun fərqinə vardım. Tam əminəm ki, ulu öndərlə söhbətləş­miş digər həmkarlarım da eyni hissləri keçiriblər və anadan olmasının 100-cü ildönümü kimi gözəl gündə, şübhəsiz, onların da bölüşməyə xatirələri, təəs­süratları var. Elə təəssüratlar ki, onlar o zamanın gəncləri olaraq bizə həm də tariximizin bir parçasına çevrilmək xoş­bəxtliyini nəsib edir. 

***

Əvvəldə də vurğuladığım kimi, Hey­dər Əliyev idarəçiliyin özünü də media amilinə kökləyirdi. Medianı ideya cəhət­dən hazırladığı kimi, onun missiyasını dövlətin idarəçiliyinə də gətirirdi. Prin­sip bu idi: əgər dövlət idarəçiliyində xoşagəlməzliklər, mənfi hallar qalırsa, jurnalistlər ona reaksiya verməlidirlər. Jurnalist reaksiyası idarəçiliyə müna­sibəti formalaşdırırdı. Media orqanı tənqidi material qələmə alırdısa, demə­li, nöqsan var və həmin nöqsanın ara­dan qaldıdırlması üçün səfərbərlik də mütləqdir. Beləcə, jurnalistika öyrənirdi. Öyrənməklə bərabər, ictimaiyyətə öz prinsiplərini – tərəfsizliyi, qərəzsizliyi, obyektivliyi və operativliyi aşılayır, öy­rədirdi. 

Əlbəttə, başlıca amil azad söz idi. Daha dəqiq ifadə etsək, söhbət sözü necə demək bacarığından gedir. Hər bir jurnalist ulu öndərin sözə önəmini anla­yır və dərk edirdi. Bu mənada Heydər Əliyev şəxsiyyəti ilə media təmsilçiləri arasında qəribə bir bağ, izaholunmaz anlaşma yaranmışdı. O dövrdə mətbu­ata verdiyi çoxsaylı müsahibələrə nəzər salanda da bunu görmək mümkündür. Hər müsahibəsi bir dərs idi. Jurnalistlər onun fikirləri ilə maariflənirdilər. Bu ma­ariflənmə azad sözün ifadə vasitələrini də zənginləşdirirdi. 

Jurnalistlərimiz bilirdilər ki, hansı sualı, hansı məqamda ünvanlamaq, hansı məsələni necə diqqətdə saxla­maq vacibdir. İndi düşünəndə görürük ki, ulu öndər özü də cavablarında möv­cud istiqamətdə tövsiyələr verir, sanki, fəaliyyət strategiyası müəyyənləşdirirdi. Bəzən diqqəti elə bir vacib məsələyə, daha doğrusu, elə bir mühüm məsələ ilə əlaqədar nüansa yönəldirdi ki, konkret hadisə və ya prosesə dair mənzərə gün kimi aydın olurdu. Jurnalistlər də həmin mənzərəyə uğun ictimai rəy formalaşdı­rırdılar. 

Digər bir məqama diqqət yetirim. Yaxşı yadımdadır, Azərbaycan Prezi­denti cənab İlham Əliyev jurnalistlər üçün inşa edilmiş binanın açılışındakı nitqində bildirmişdi ki, media təmsil­çiləri biznesmen deyillər, gəlirləri azdır və özləri mənzil ala bilmirlər. Heydər Əliyev prezidentliyi zamanında dövlət başçımızın illər sonra dilə gətirəcəyi bu deyimi nəzərə alıb fəaliyyət göstərirdi. Buna görə özü, bilavasitə qanunverici­lik təşəbbüsləri ilə çıxış edirdi, təklifləri dinləyir, hər bir məqamı hərtərfli nəzər­dən keçirirdi. Mediamızın maddi-texniki bazasının möhkəmləndirilməsinə, jur­nalistlərin qayğı ilə əhatə olunmasına çalışırdı. Bunun mexanizmlərini müəy­yənləşdirirdi. 

Bir qədər öncə mətbuatımızın azad­lıq və istiqalal yolunda böyük xidmətlər göstərdiyini, lakin senzuranın mövcud­luğu şəraitində özünün mütləq azadlığı­na qovuşmadığını vurğuladım. Əlbəttə, bunun obyektiv səbəblərinin mövcudlu­ğu diqqətdən yayınmamalıdır. Ən böyük səbəb isə Ermənistanın Azərbaycana təcavüzü, torpaqlarımızın işğalı idi. Bu amil müharibə təhlükəsini qaçılmaza çevirmişdi. Müharibə isə həm də məh­dudiyyət deməkdir. Məhdudiyyətin ağır­lıq yükünü öz üzərində hiss edən ən mühüm ictimai institut mətbuatdır. Onun fəaliyyətinə, istər-istəməz, nəzarət edil­məlidir. 

Mətbuatın dövlətsizləşdirilməsi xət­tini götürən ulu öndər xarakterinə xas əminliklə həmin nəzarəti tarixin arxivinə göndərməklə, jurnalistikanın, azad sö­zün qarşısında, tamamilə, yeni bir sə­hifə açdı. Elə bir səhifə ki, 1875-ci il iyu­lun 22-dən, yəni ilk milli nəşrimiz olan “Əkinçi”nin ərsəyə gəldiyi gündən hə­min vaxtadək nəinki heç görünməmiş, heç təsəvvürə belə gətirilməmişdi. 

Ulu öndər Heydər Əliyev “Azərbay­can Respublikasınada söz, fikir və mə­lumat azadlığının təmin edilməsi sahə­sində əlavə tədbirlər haqqında” 1998-ci il 6 avqust tarixli Fərmanı ilə ölkəmizdə senzuranı aradan qaldırmaqla, xəyalla­rı gerçəkləşdirdi. Bu, son dərəcə böyük hadisə idi. Qeyd etdiyimiz müharibə təhlükəsinin sovuşmadığı bir zamanda belə bir qərarın verilməsi isə həm də böyük iradə və cəsarət tələb edirdi. 

Fərmanın başlıca önəmi bu idi ki, ona əsasən, “Mətbuatda dövlət sirləri­ni mühafizə edən baş idarə” ləğv edi­lir, həmçinin Azərbaycan Respublikası Prezidentinin hərbi senzura yaradılma­sı haqqında 16 aprel 1992-ci il tarixli fərmanı və bütün informasiya yayımı üzərində nəzarət tətbiq edilməsi ilə bağ­lı 15 aprel 1993-cü il tarixli sərəncamı qüvvədən düşmüş sayılırdı. Sənəddə, həmçinin ölkəmizin söz, fikir və məlu­mat azadlığının qorunması sahəsində müvafiq beynəlxalq sazişlərə qoşulma­sından tutmuş, jurnalist kadrların peşə hazırlığının və təhsilinin yüksəldilmə­sinə, onlara vətəndaşlıq məsuliyyətinin və mənəvi dəyərlərin aşılanmasınadək, bir sıra məqamlar dolğun şəkildə əksini tapmışdı. 

Həmin fərman, eyni zamanda, ulu öndərin jurnalistlərə inamı sayılmalıdır. Hesab edirəm ki, 1993-cü ildən 1998-ci ilədək olan müddətdə Heydər Əliyevin şəxsində dövlətlə media arasında bən­zərsiz etimad bağı formalaşmışdı. Bu bağ vətəndaş cəmiyyətinin möhkəm­lənməsini, hüquqi dövlət quruculuğu­nun dərinləşməsini, ən əsası isə müxtə­lif platformalarda ölkəmizin haqq işinin dəstəklənməsini rəhbər tuturdu. 

***

Medianın dövlətimizin və xalqımızın mənafeyi baxımından fəaliyyətini yük­sək qiymətləndirən Prezident Heydər Əliyev 1999-cu ildə Azərbaycanda “Kütləvi informasiya vasitələri haqqın­da” Qanun imzaladı. Bu, postsovet məkanında media ilə bağlı barmaqla sayılacaq mütərəqqi dövlət sənədlərin­də biri, hətta, birincisi di. 

Ulu öndərin 2000 və 2001-ci illərdə imzaladığı fərmanlar da xüsusi vurğu­lanmalıdır. Bunlardan biri “Azərbay­canda milli mətbuatın yaradılmasının 125 illiyi haqqında” 27 mart 2000-ci il tarixli fərman idi. Mətbuatımızın keçdiyi yola müfəssəl baxışın ifadəsini tapdığı bu sənədə diqqət yetirəndə, gözlərimiz önündə mətbuatımızın yaranmasından həmin dövrə qədərki proseslər incəlik­lərinədək canlanır, ətraflı şərh olunurdu. 

Əlbəttə, media cəmiyyətin maraqları naminə fəaliyyət göstərməli idisə, ona dəyər də vacib idi. Sözügedən fərman böyük dəyər nümunəsi kimi tariximizdə qalacaqdır. Həmin sənəd, eyni zaman­da, yeni ənənənin də əsasını qoydu. Söhbət milli mətbuatımızın yubileylə­rinin keçirilməsi ənənəsindən gedir. Azərbaycan Prezidenti İlham Əliyevin milli mətbuatımızn 130, 135, 140 və 145 illik yubileylərinin qeyd edilməsini əsas tutan sərəncamlarını xatırlayaq. Bu sərəncamlar Heydər Əliyev siyasətinə varisliyin media seqmentinin vurğulan­ması baxımından müstəsna əhəmiyyət daşıyır. Onlar, həmçinin jurnalist əmə­yinə dəyər ənənəsində də davamlılıq nümunələridir. 

Medianın dövlət və cəmiyyət naminə çalışması prinsip kimi götürülürdüsə, deməli, onun problemləri də aradan qaldırılmalı idi. Problemlərin həlli isə sahəyə fundamental yanaşmanı aktual­laşdırırdı. Bu mənada Prezident Heydər Əliyevin 20 iyul 2001-ci ildə imzaladığı “Kütləvi informasiya vasitələrinə dövlət qayğısının artırılması haqqında” fərman xüsusi vurğulanmalıdır. Sənədə diqqət yetirəndə görürük ki, o, media fəaliy­yəti ilə bağlı istək və arzuların dəqiq ifadə olunmuş platformasıdır. Yəni, biz mətbuatı, jurnalistikanı necə görmək istəyirik? Suala cavab bu dövlət sənə­dində əhatəli şəkildə əksini tapmışdı. Orada jurnalistlərin, kütləvi informasi­ya vasitələri ilə bağlı mütəxəssislərin beynəlxalq standartlara uyğun hazırlığı və ixtisaslarının artırılması ilə əlaqədar məsələlər də təsvir olunub. 

Bu sənədin ruhundan irəli gələn mə­ziyyətlərdən biri də bu idi ki, orada uzun müddət rəhbəri olduğum Azərbaycan Mətbuat Şurası ilə bağlı axtarışlar yer almışdı. Çünki ulu öndər medianın özü­nütənzimləmə strukturunun olmasına, onun dövlətsizləşdirilməsi xəttinin vahid model olaraq seçilməsinə ciddi önəm verirdi. Təsadüfi deyil ki, Prezident Hey­dər Əliyev Mətbuat Şurasının təsis edil­diyi Azərbaycan jurnalistlərinin 2003-cü il martın 15-də keçirilmiş qurultayına təbrik məktubu ünvanlamış, ali məclisin işinə uğurlar arzulamışdı. 

Ulu öndər Heydər Əliyev mətbuata misilsiz dəstək nümunələrinə görə “Jur­nalistlərin dostu” mükafatının qalibi se­çilmişdi. 2002-ci il martın 22-də Heydər Əliyev kimi nəhəng dövlət adamına bu mükafatı təqdim etmənin qürur və fəxarət hissini bu gün də xatırlayıram. Bu böyük şəxsiyyətin təqdimetmə mə­rasiminin keçirildiyi “Hyatt Regency” hotelinə gəlişi, sanki, kino lenti kimi gö­zümün önündədir. Tədbirdəki çıxışı isə həm peşəmizə önəmin nümunəsi, həm cəmiyyətə və dövlətə baxışın ifadəsi, həm də ayrıca jurnalistika dərsidir:

“…Mən sizinlə, jurnalistlərlə dost ol­maq istəyirəm. Amma dostluq ikitərəfli şeydir. Gərək, iki tərəf də dost olmaq istəsin. İndi belə bir hadisə baş verib, iş belə gətirib ki, biz, iki tərəf də dost olmaq istəmişik. Amma gəlin danışaq ki, bu, daha pozulmasın, biz dost olaq, axıra qədər dost olaq. Mən dost olmaq istəyirəm”.

“Əmin edirəm ki, mən keçmişdə ol­duğu kimi, bu gün də o təhlükəsizliyin dostuyam və təhlükəsizliyin dostu ola­cağam”.

“Jurnalistika elə bir sahədir ki, ümumiyyətlə, tənqidlə məşğuldur, bü­tün başqa vəzifələri ilə bərabər, əsas məqsədi tənqid etmək, nöqsanları aş­kar etmək, onların aradan qaldırılması üçün çalışmaqdır. Jurnalistika cəmiy­yətdə həmişə bu işləri görüb, bu gün də görür və çox uğurla görür”. 

“Mətbuat Azərbaycanda, həqiqətən, çox sərbəstdir, çox azaddır. Bu da o deməkdir ki, söz azaddır, fikir azaddır”.

“Biz bir xalqıq, bir xalqın övladları­yıq. Bir millətik, bir millətin insanlarıyıq və bu cəmiyyətdə bir yerdə yaşayırıq. Heç bir yerə də getməyəcəyik, mən buradan çıxıb bir yerə getməyəcəyəm, sən də getməyəcəksən, niyə də gedək! Biz bir yerdə, bir Vətəndə, bir torpaqda, bir cəmiyyətdəyik. Bir cəmiyyətdə oldu­ğumuz halda gərək, biz danışaq, fikir mübadiləsi aparaq, bir-birimizi anlama­ğa çalışaq”.

***

Heydər Əliyev şəxsiyyətinin jurna­listikaya yanaşması, ümumən, media­nın qanunvericilik bazasının formalaş­ması və təkmilləşməsi istiqamətində imzaladığı qanunlar, verdiyi qərarlar Azərbaycanın bugünkü media siyasəti üçün çıxış nöqtəsidir. Bildirdiyim kimi, “Kütləvi informasiya vasitələrinə dövlət qayğısının artırılması haqqında” fərman mətbuatla bağlı arzu və istəklərin dəqiq ifadə olunmuş forması idi. Prezident İl­ham Əliyev 31 iyul 2008-ci il tarixdə təs­diqlədiyi “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinə dövlət dəstəyi Konsepsiyası” isə həmin arzu və istəklərin fundamental əsaslarla sis­temləşdirilməsini hədəf seçdi.

Prezident İlham Əliyev ulu öndər Heydər Əliyevin media, jurnalistika ilə bağlı baxışlarını özünün konseptual yanaşmaları ilə zənginləşdirdi. Bu ya­naşmalar dövrün, zamanın tələbindən irəli gələn müasirlik obrazı qazandı. Onu da vurğulamaq lazımdır ki, cənab İlham Əliyevin sayəsində ümummili li­derin jurnalistika ilə əlaqədar yanaşma­larındakı dövlətçilik xətti jurnalist fəaliy­yətinin qayəsinə çevrildi. Məhz bunun nəticəsidir ki, ümummilli məsələlərdə jurnalistlərimiz daim həmrəylik nümayiş etdirdilər. 44 günlük Vətən müharibəsi bu baxımdan tarixi və taleyüklü sınaq idi və jurnalistlərimiz sınaqdan üzüağ, alnıaçıq çıxdılar. 

Prezidenti İlham Əliyev, eyni zaman­da, Heydər Əliyev şəxsiyyətinin media baxışlarına islahat mahiyyəti qazan­dırdı. Bu mahiyyət müasirləşmə üçün müstəsna təminatdır. Bu, habelə, Azər­baycanın media orqanlarının dünyanın kütləvi informasiya vasitələri ilə rəqabət aparmalarını təmin edən müstəsna fak­tordur. Nəticə etibarilə, hazırda Azər­baycan mediası regionda lider statusu­na malikdir. 

Bəli, ümummilli lider Heydər Əliyevin media siyasəti bu gün də dövlətimiz, xalqımız və dövlətçiliyimiz üçün xidmət amalına köklənib. Əminəm ki, bu dəst-xətt Azərbaycan dövlətinin özü kimi əbədi olacaqdır. Heydər Əliyev şəx­siyyətinin qəlbimizdə qurduğu ümman kimi əbədi. Ulu öndəri böyük hörmət və etiramla anır, onun ruhu qarşısında baş əyirəm!

 

Əflatun AMAŞOV,
“Xalq qəzeti”nin baş redaktoru





Sosial həyat