“O, Günəş ömrüdür, sönməyəcəkdir!”

post-img

Sabunçu Rayon Mərkəzi Kitabxanasında ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar keçirilən tədbirdə Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat  İnstitutunun əməkdaşı, şair İbrahim Yusifoğlunun “O, Günəş ömrüdür, sönməyəcəkdir” adlı poeması təqdim olunub. 
Kitabda ötən əsrin 90-cı illərində xalqın təkidi ilə Azərbaycanda siyasi hakimiyyətə qayıdan Heydər Əliyevin doğma Vətənin xilası naminə göstərdiyi misilsiz fədakarlıqlarından bəhs olunur. Ulu öndərin Azərbaycan xalqının milli-mənəvi, əxlaqi dəyərlərinin qorunmasında, milli dövlətçiliyimizin gücləndirilməsində göstərdiyi danılmaz xidmətlərdən də söz açılır. Poemada həmçinin, 1980-ci illərdə Böyük Britaniyanın məşhur “Tayms” nəşrinin Heydər Əliyevi yüksək bacarıq və keyfiyyətlərinə görə “SSRİ-nin parlayan ulduzu” adlandıraraq onun Sovet İttifaqının növbəti rəhbəri olmağa əsas namizəd kimi qiymətləndirilməsi xüsusi vurğulanır. 
Kitabın “Heydər Əliyev – böyük  millət və dövlət xadimi” adlı hissəsinin ön söz  müəllifi Azərbaycan Respublikası Milli Məclisinin sədr müavini  Adil Əliyev, “Heydər Əliyevin bədii obrazı haqqında” olan hissənin ön söz müəllifi isə filologiya elmləri doktoru, AMEA-nın professoru, Rusiya Təbiət Elmləri Akademiyasının həqiqi üzvü Salidə Şərifovadır. 
Tədbirin sonunda şair İbrahim Yusifoğlu ulu öndər haqqında poemanı böyük məhəbbətlə qələmə aldığını söyləyib, həmçinin tədbir təşkilatçılarına və qonaqlara minnətdarlığını bildirib.


Fidan SALMANOVA, “Xalq qəzeti”

Sosial həyat