Ulu öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş ən nüfuzlu turnirlərdən biri – güllə atıcılığı üzrə dünya kuboku yarışı planetin hər yerindən ən dəqiq nişançıları Bakıda bir araya gətirib. Bakı Atıcılıq Mərkəzində dünyanın 66 ölkəsinin 600-dən çox idmançısı öz aralarında ən sərrastları müəyyənləşdirmək üçün mübarizəyə başlayıblar.
Yeri gəlmişkən, dəqiq nişançıların səbirsizliklə gözlədiyi dünya çempionatı da avqustda Bakıda olacaq. Paris Olimpiadasında iştirak üçün 48 lisenziyanın paytaxtımızda öz sahibini tapması böyük önəm daşıyır. Şübhəsiz, bütün bunlar təsadüfi deyil. Azərbaycanın bu idman növünün inkişafına verdiyi böyük töhfələr xüsusi əhəmiyyətə malikdir. Ümumilikdə, ulu öndər Heydǝr Əliyevin müstǝqil Azǝrbaycanın beynǝlxalq idman arenasında tanınmasında misilsiz xidmətləri bugünkü nailiyyətlərin əsasında durur.
Elə dünya kubokunun açılış mərasimində çıxış edənlər də vurğulayıblar ki, ümummilli lider Heydər Əliyev digər sahələrdə olduğu kimi, idmanın da inkişafına böyük diqqətlə yanaşmış, onun gələcək inkişaf perspektivlərini ciddi nəzərə almışdı.
Gənclər və idman naziri Fərid Qayıbov çıxışında bu növdə ilk Olimpiya qızılının məhz ulu öndərin prezidentliyi dövründə qazanıldığını bildirib. Nazir qeyd edib ki, ölkəmizdə üçüncü dəfə keçirilən dünya kuboku yarışı Azərbaycanda atıcılıq idman növünün inkişafında böyük rolu var.
Azərbaycan Atıcılıq Federasiyasının, Milli Olimpiya Komitəsinin vitse-prezidenti, Olimpiya çempionu Zemfira Meftahəddinova dünya kuboku yarışına komandamızın böyük heyətlə qatıldığını bildirib.
Açılış mərasimində çıxış edən Beynəlxalq Atıcılıq İdman Federasiyasının İdarə Heyətinin üzvü Hazem Hosni isə “Paris 2024” Yay Olimpiya Oyunlarında tətbiq olunacaq yeni qaydaların qüvvəyə mindiyini bildirib.
Əyləncə proqramı ilə davam edən tədbir başa çatdıqdan sonra yarışa start verilib.
Qeyd edək ki, yarış iştirakçıları altı gün ərzində güllə atıcılığının 10 növündə güclərini sınayacaqlar.
L.QURBANOVA, “Xalq qəzeti”