Ulu öndər Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi 1969-1982-ci illərdə respublikamızı inkişaf etməkdə olan aqrar sənaye ölkəsinə çevirərək ön sıralara çıxarmışdı. 1993-2003-cü illəri əhatə edən müstəqillik dövründə isə ümummilli lider Azərbaycanı parçalanmaq və məhv olmaq təhlükəsindən xilas edərək hüquqi və demokratik dövlətimizi qurmuş və onun dünya ölkələri sırasında layiqli yer tutmasına nail olmuşdur. Heydər Əliyev dühasının bütün bu və digər nailiyyətlərinin kökündə böyük həyat və idarəçilik təcrübəsi, parlaq və iti zəka, aydın məntiq, dərin elmi yanaşma dayanırdı.
Elmin, texnikanın və təhsilin ölkənin sürətli və hərtərəfli inkişafında müstəsna rolunu dərindən dərk edən ümummilli lider bu sahələrin inkişafına xüsusi qayğı və diqqət göstərirdi. Çünki elmi, texnikası və təhsili inkişaf etmiş dövlətlər dünyada söz sahibidir. Elmin, texnikanın və təhsilin inkişafında elmin və elmi kadrların xüsusi rol oynadığını dərindən dərk edən ulu öndər bütün fəaliyyəti boyunca bu sahədəki inkişafa mane olan problemlərin üzə çıxarılmasına, qısa zamanda onların aradan qaldırılmasına böyük enerji sərf etmişdir.
Ümummilli lider Heydər Əliyev 1969-cu ildə respublikamıza rəhbərlik etməyə başlayanda Azərbaycanı hərtərəfli inkişaf etdirmək üçün müxtəlif sahələrdə bir sıra ixtisaslar üzrə çox böyük sayda ali təhsilli mütəxəssisə ehtiyac olduğunu bir fakt kimi ortaya çıxardı. O zaman respublikamıza zəruri olan ixtisaslar üzrə mütəxəssislər hazırlayan ali məktəblər və kafedralar yox idi. Respublikamızdan kənarda ali təhsil almaq üçün göndərilənlərin sayı isə, təqribən, 50 nəfər idi və onların sırasında milliyyətcə azərbaycanlılar azlıq təşkil edirdi. Hər il 50 nəfər gəncin Azərbaycandan kənarda ali təhsil almaq üçün göndərilməsi respublikamızın ali təhsilli kadrlara olan tələbatını ödəmirdi və onlara kəskin ehtiyac hiss edilirdi. Keçmiş Sovet İttifaqının qabaqcıl ali məktəblərində təhsil almaq üçün göndərilən gənclərin sayını kəskin artırmaq isə asan məsələ deyildi. Bu problemi həll etmək üçün ulu öndər böyük çətinliklərlə üzləşməsinə baxmayaraq, keçmiş Sovet İttifaqının ən yüksək səviyyədə təmsil olunan rəhbərliyi ilə danışıqlar aparıb müvafiq rəsmi razılıq aldı və əvvəlki illərdə hər il 700-800, sonrakı illərdə isə hər il 1000-dən artıq istedadlı oğul və qızlarımızı keçmiş Sovet İttifaqının Moskva, Leninqrad və digər şəhərlərinin ən qabaqcıl ali təhsil müəssisələrinə göndərməyə başladı.
Onu da qeyd edim ki, Azərbaycandan kənarda təhsil almaq üçün göndərilən tələbələrin hazırlığı ilə bağlı xərclər respublikamızın hesabına deyil, Mərkəzin, yəni Moskvanın hesabına ödənilirdi.
Ümummilli lider 1970-ci ildə Azərbaycan SSR Elmlər Akademiyası həqiqi və müxbir üzvlərinin müşavirəsində respublikamızda o zaman elmin mövcud vəziyyətini təhlil edərək problemlərə diqqəti yönəltmiş və onların həlli yollarını göstərmişdi. Həmin müşavirədən sonra Azərbaycan SSR Elmlər Akademiyasının fəaliyyətində əsaslı dəyişikliklər baş vermişdir. Belə ki, EA-nın maddi-texniki bazası möhkəmlənmiş, Azərbaycan dili, ədəbiyyatı, tarixi üzrə aparilan tədqiqatlar genişləndirilmiş, yeni mərkəzlər açılmış, elmi işçilərin, elmi-tədqiqat institutlarının və laboratoriyaların sayı artırılmış, yüksəkixtisaslı kadrları yetişdirmək məqsədilə keçmiş Sovet İttifaqının aparıcı elmi mərkəzlərinin və ali təhsil müəssisələrinin laboratoriyalarına kadrlar ezam edilmişdir.
1973-cü ildə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə keçmiş Sovet İttifaqında ilk dəfə Bakıda “Kosmik Tədqiqatlar: Elm və texnologiyaya təsir” adlı 24-cü Beynəlxalq Astronavtika Konqresi keçirilmişdi. Konqresin Bakıda keçirilməsinin bilavasitə nəticəsi olaraq 1974-cü ildə Azərbaycanda kosmik tədqiqatlar sahəsində ilk tətbiq yönümlü qurum olan Kaspi Elm Mərkəzi və 1975-ci ildə Azərbaycan Dövlət Universitetində (indiki Bakı Dövlət Universiteti) Astrofizika kafedrası yaradılmışdı. Yeni yaradılmış Kaspi Elm Mərkəzi sürətlə inkişaf etməyə başlamış və bir müddət sonra bu mərkəzin və Azərbaycanın digər əlaqədar elm qurumlarının alimləri, mühəndisləri “Salyut-Soyuz” orbital kompleksi üçün RS-17 rentgen spektrometrinin və Mir orbital stansiyası üçün Pulsar-X-1 rentgen aparatının hazırlanmasında fəal iştirak etmişdilər.
Ulu öndər Heydər Əliyevin hərtərəfli dəstəyi və qayğısı sayəsində və yerli alimlərin səyi ilə Azərbaycanda rabitə, elektronika sənayesi, informasiya texnologiyaları, kosmik tədqiqatlar sahəsi formalaşdırıldı, elektron və cihazqayırma zavodları işə salındı, xüsusi konstruktor büroları fəaliyyət göstərməyə başladı. Elmə, elmi işçilərə və alimlərə göstərilən qayğının nəticəsi idi ki, respublikamızda fizika, riyaziyyat, kimya, tibb, yer elmləri, texnika, biologiya və aqrar elmlər sahəsində mühüm nailiyyətlər əldə edilmişdir.
Ümummilli lider siyasi hakimiyyətə qayıdandan sonra artıq Sovet İttifaqı dağıldığına görə, Elmlər Akademiyası tənəzzülə uğramış və dağılmaq təhlükəsi ilə üzləşmişdi. Ulu öndər Azərbaycan alimlərini bir araya toplayıb onlarla məsləhətləşmələr apararaq Elmlər Akademiyasını xalqımızın milli sərvəti adlandırmış və onu dağılmaq və bağlanmaq təhlükəsindən xilas etmişdir. Bundan sonra, Azərbaycan Milli Elmlər Akademiyasının fəaliyyətində canlanma yaranmış, onun institutlarının maddi-texniki bazası zənginləşdirilmişdir.
Azərbaycan Respublikasında yüksəkixtisaslı elmi və elmi-pedaqoji kadrların attestasiyası sahəsində vahid dövlət siyasətini həyata keçirən ali attestasiya orqanının – Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının formalaşması və onun məhz Azərbaycan Respublikasının Prezidenti yanında fəaliyyət göstərməsi ümummilli lider Heydər Əliyevin müstəsna xidməti sayəsində mümkün olmuşdur
Heydər Əliyevin siyasi və iqtisadi kursu, o cümlədən Azərbaycanda elmin inkişafı ilə bağlı həyata keçirdiyi kurs müasir dövrün və dünyanın cağırışları və reallıqları, respublikamızın tələbatı nəzərə alınmaqla bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən böyük müvəffəqiyyətlə davam və inkişaf etdirilir. Bu sahədə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın müstəsna xidmətləri xüsusi qeyd olunmağa layiqdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev respublikamızda elmin sürətli inkişafının, onun praktikaya tətbiqinin, dünya elminə inteqrasiyasının və ölkəmizin iqtisadiyyatına fayda verməsinin təmin edilməsi məqsədilə “Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya” və “Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı dövlət Proqramı” təsdiq etmiş və həmin strategiya və dövlət proqramı onun rəhbərliyi ilə həyata keçirilmişdir. Elmi tədqiqatları dəstəkləmək, elmi işçilərin və alimlərin xaricdə və respublikamızda keçirilən beynəlxalq elmi tədbirlərdə təmsil olunmasını təmin etmək məqsədilə Elmin İnkişafı Fondu yaradılmış və hazırda fəaliyyət göstərir. Elmi fəaliyyətin hüquqi bazasını təmin etmək və möhkəmləndirmək məqsədilə 2016-cı ildə “Elm haqqında” Azərbaycan Respublikasının Qanunu təsdiq olunmuşdur.
Respublikamızda elmin inkişafına, alimlərə və elmi işçilərə dövlət tərəfindən yaradılan şəraitin nəticəsidir ki, bu gün Azərbaycan alimləri İsveçrənin Cenevrə şəhərində yerləşən Avropa Nüvə Tədqiqatları Mərkəzində Böyük Adron Kollayderində, Rusiya Federasiyasının Dubna şəhərində yerləşən Birləşmiş Nüvə Tədqiqatları İnstitutunda, Türkiyə Cümhuriyyətinin Ankara şəhərində yerləşən TÜBİTAK elmi-texniki mərkəzində, Amerika Birləşmiş Ştatlarının, Almaniyanın, Yaponiyanın və dünyanın digər inkişaf etmiş ölkələrinin qabaqcıl elmi mərkəzlərində fəal tədqiqatlar aparırlar.
Bu gün Azərbaycan qlobal əhəmiyyət kəsb edən böyük elmi tədbirlərin keçirildiyi əlverişli bir məkana çevrilmişdir. Belə ki, Azərbaycanın paytaxtı Bakı şəhərində ardıcıl olaraq bir neçə Beynəlxalq Humanitar Forum keçirilmiş və həmin nüfuzlu tədbirlərdə dünyanın tanınmış siyasətçiləri, sabiq dövlət başçıları, ayrı-ayrı elmlər üzrə Nobel mükafatçıları, iqtisadçılar və başqaları iştirak etmişlər.
Azərbaycan Respublikasının Prezident İlham Əliyevin sərəncamı ilə “2019-2023-cü illər üçün ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi və həmin sənədin ikinci komponentinin xaricdə doktorantura səviyyəsində təhsilin maliyyələşdirməsini əhatə etməsi respublikamız üçün elmi dərəcəli kadrların hazırlanması sahəsində xüsusi əhəmiyyətə malikdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2018-ci ilin dekabrın 10-da imzaladığı “Azərbaycan Respublikasında elmi və elmi-pedaqoji kadrların attestasiyasının aparılması işinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” sərəncamı yüksəkixtisaslı elmi kadrların attestasiyasının aparılması işinin təkmilləşdirilməsini və elmi tədqiqatların səviyyəsinin yüksəldilməsini müasir dövrün tələbləri səviyyəsində qurmaq üçün mühüm əhəmiyyət kəsb edir və elmimizin gələcəyi üçün geniş perspektivlər açır.
Son iki onillikdə Azərbaycan kosmosun tədqiqi sahəsində bir sıra mühüm uğurlara imza atıb. Belə ki, 2010-cu ildən başlayaraq, iki telekommunikasiya peyki və bir Yer müşahidə peyki uğurla orbitə çıxarılıb. 2021-ci ildə Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə “Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikasının Kosmik Agentliyinə çevrilib. Hərtərəfli dövlət dəstəyi ilə ölkəmizdə kosmik sənaye üzrə müasir infrastruktur yaradılmış, telekommunikasiya və yerətrafı müşahidə peyklərinin orbitə buraxılması sahəsində böyük təcrübə qazanılmış, yeni insan kapitalı və etibarlı tərəfdaş imici formalaşmışdır. Məhz bütün bunların və dövlətimizin başçısı, cənab Prezident İlham Əliyevin reallaşdırdığı uğurlu daxili və xarici siyasətin sayəsində beynəlxalq aləmdə respublikamızın siyasi nüfuzu və ölkəmizə olan inam xeyli artmışdır. Eyni zamanda, Azərbaycanda gedən proseslərin dünya miqyasında aparıcı dövlətlər, beynəlxalq ictimaiyyət və mühüm beynəlxalq təşkilatlar tərəfindən böyük rəğbətlə qarşılanmasının nəticəsidir ki, Beynəlxalq Astronavtika Federasiyası Baş Assambleyası tərəfindən “Qlobal çağırışlar və imkanlar: kosmosa şans verək” adlı 74-cü Beynəlxalq Astronavtika Konqresinin 2023-cü il 2-6 oktyabr tarixlərində Azərbaycanın paytaxtı Bakı şəhərində keçirilməsi qərara alınmışdır.
Vəli HÜSEYNOV,
Fizika İnstitutunun laboratoriya rəhbəri, AMEA-nın müxbir üzvü