Ağcabədi Rayon Mədəniyyət Mərkəzində “Heydər Əliyev İli” çərçivəsində “Dünyanı heyran qoyan insan ” mövzusunda konfrans keçirilib.
YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov bildirib ki, Azərbaycanın hərtərəfli inkişafı ulu öndər Heydər Əliyevin adı, dövlətçilik təfəkkürü, idarəetmə məharəti və yorulmaz fəaliyyəti ilə sıx bağlı olmuşdur. Ən yüksək tribunalardan böyük iftixarla “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam” söyləyən bu böyük şəxsiyyət, ilk növbədə, dövlətçilik tariximizin müasir mərhələsinin əsasını qoymuşdur. Ümummilli lider Heydər Əliyev Azərbaycanın parlaq və firavan gələcəyinə öz varlığı qədər inanırdı. Çünki onun təməlini qoyduğu bu siyasi kurs və iqtisadi inkişaf modeli dərin elmi əsaslara və qabaqcıl dünya təcrübəsinə söykənirdi. Ulu öndər İlham Əliyevin Azərbaycan üçün taleyüklü məsələləri həll etməyə qadir olduğunu vurğulayır və ona özü qədər inandığını bildirirdi.
Milli Məclisin deputatları Tahir Rzayev, Şahin İsmayılov və Aqil Abbas qeyd ediblər ki, Azərbaycan tarixinin son 54 illik dövrünə nəzər yetirəndə ulu öndərin ölkənin gələcəyinə hesablanmış, effektli, uzunmüddətli şərtlərin təminatını, intellektual və elmi potensialın inkişafını nəzərdə tutan, cəmiyyətin həyatına nüfuz etmiş uzaqgörən siyasətin təzahürlərini görürük. Heydər Əliyev Azərbaycan xalqının müdriklik simvolu, müdriklik zirvəsi idi. Bu zirvədən baxanda yalnız bir ömrün yaşandığı illər deyil, bir xalqın dünəni, bugünü və sabahı da görünür.
Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov isə ulu öndər Heydər Əliyevin azərbaycançılıq məfkurəsinə böyük önəm verdiyini vurğulayaraq deyib ki, dünya tarixinin nadir şəxsiyyətlərindən olan Heydər Əliyev öz siyasi uzaqgörənliyi, müdrikliyi, təcrübəsi, iradəsi və qətiyyəti ilə Azərbaycanı və xalqımızı tarixin ağır sınaqlarından uğurla çıxarmışdır.
Sonda rayonun ictimai-siyasi həyatında fərqlənən bir qrup YAP fəalına YAP Ağcabədi rayon təşkilatının fəxri fərmanları təqdim edilmişdir.
Pünhan ƏFƏNDİYEV,
“Xalq qəzeti”nin bölgə müxbiri