Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasında ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş geniş foto və kitab sərgilərinin, tammətnli elektron resursların, sənədlər toplusunun təqdimatı təşkil edilib.
Tədbirdə çıxış edən kitabxananın direktoru Mayıl Əhmədov hazırda istər ölkə daxilində, istərsə də xarici ölkələrdə ulu öndərin anadan olmasının 100 illiyi münasibətilə silsilə tədbirlər və beynəlxalq konfransların keçirildiyini, Heydər Əliyevin ömür yolu, dövlətçilik missiyası və zəngin irsinin yenidən öyrənildiyini, təhlil və təbliğ edildiyini bildirdi. Qeyd etdi ki, “Heydər Əliyev. Elektron sənədlər toplusu” ümummilli liderin anadan olmasının 100 illiyi ərəfəsində həm məzmun, həm də dizayn baxımından tamamilə yenilənib.
Bildirildi ki, “Heydər Əliyev. Elektron sənədlər toplusu” 8 fəsil və 42 bölmədən ibarətdir. “Ümummilli lider”, “Sənədlər”, “Xarici siyasət fəaliyyəti”, “Elektron kitabxana”, “Biblioqrafiya”, “Fotoqalereya” digər fəsillərin yer aldığı informasiya resursu geniş oxucu kütləsinin və tədqiqatçıların istifadəsi üçün nəzərdə tutulub və sənədlərin, materialların rəqəmsal formatda toplanılması, təqdim edilməsi baxımından ölkədə yaradılan ən mükəmməl informasiya sistemidir.
Tədbirdə Yeni Azərbaycan Partiyasının sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin İctimai-Siyasi Sənədlər Arxivinin direktoru Elmira Ələkbərova çıxış edərək Azərbaycanın inkişafı naminə ümummilli lider Heydər Əliyevin gördüyü misilsiz işlərdən danışıblar.
Sonra ulu öndərin həyat və yaradıcılığından bəhs edən videoçarx nümayiş etdirilib, ümummilli liderin anadan olmasının 100 illiyinə həsr olunmuş geniş foto və kitab sərgilərinə baxış keçirilib.
Leyla AZAD, “Xalq qəzeti”