Müasir dövrün qlobal çağırışlarına cavab verən müstəqil Azərbaycanda bu gün mühüm islahatlar həyata keçirilir və uğurlu nəticələr əldə edilir. Təbii ki, bu islahatlar həyatın bütün sahələrində özünü göstərir. Hüquqi, dünyəvi, demokratik dövlət quruculuğu yolu ilə inamla irəliləyən, müstəqilliyini daha da möhkəmləndirən Azərbaycan hazırda beynəlxalq aləmdə nüfuz, söz sahibi kimi öz yerini və rolunu gücləndirməkdədir.
Azərbaycanın demokratik dəyərlərə sadiq müstəqil dövlət kimi formalaşmasında ümummilli lider Heydər Əliyevin böyük xidmətləri olub. XX əsrin 90-cı illərinin əvvəllərində, müstəqilliyin bərpasının ilk vaxtlarında Azərbaycan son dərəcə çətin sınaqlarla qarşılaşmış, hətta dövlət kimi “Olum, ya ölüm” dilemması ilə üz-üzə qalmışdı. Hadisələr Azərbaycanın əleyhinə cərəyan edirdi, daxili qarşıdurmalar və xarici təzyiqlər isə müstəqillik və suverenliyimizin itirilməsi ilə nəticələnmək üzrə idi. Ta ki, ümummilli lider Heydər Əliyev növbəti dəfə siyasi hakimiyyətə gələnədək…
Ulu öndərin həyatın bütün sahələrində, xüsusilə hüquqi, demokratik dövlət idarəçiliyinin yaradılması istiqamətində gördüyü işləri xüsusi olaraq qeyd etmək gərəkdir. O dövrdə yenicə müstəqillik əldə etmiş bir dövlətin inkişafında mükəmməl qanunvericilik bazasının yaradılması, qanunun aliliyinin təmin edilməsi mühüm şərt idi.
Azərbaycan xalqı müstəqillik əldə etdikdən sonra qanunvericilik bazasının formalaşdırılması, hüquqi islahatların həyata keçirilməsi, demokratik dəyərlərə əsaslanan hüquq və məhkəmə sisteminin yaradılması sahəsində Heydər Əliyevin rolu əvəzsizdir. O, demokratiya, qanunun aliliyi, insan hüquqları və azadlıqlarının təmin olunması istiqamətində, siyasi, iqtisadi, əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində çox mühüm və qətiyyətli addımlar atmışdı.
Heydər Əliyev ölkəmizdə müasir demokratik məhkəmə-hüquq sisteminin yaradıcısıdır. Ulu öndər tərəfindən aparılan köklü məhkəmə-hüquq islahatları çox dəyərli konsepsiyaya söykənir. Bu konsepsiya inkişaf etmiş ölkələrin hüquqi dövlət quruculuğu təcrübəsinə, ümumbəşəri demokratik prinsiplərə, eyni zamanda, Azərbaycan xalqının dövlətçilik tarixi və ənənələrinə əsaslanır. Bu hüquqi islahatlar azad cəmiyyətin formalaşmasına, hüquqi, demokratik dövlət quruculuğuna, qanunun aliliyinin təmin olunmasına, insan hüquq və azadlıqlarının müdafiəsinə təminat yaradır.
Azərbaycanda müstəqil məhkəmə hakimiyyətinin formalaşması ümummilli lider Heydər Əliyevin daim diqqət mərkəzində olmuşdur. Konstitusiyanın qəbulu ilə məhkəmə hakimiyyəti dövlət hakimiyyətinin müstəqil qolunun bütün atributlarına, hüquqi dövlətin prinsip və vəzifələrinə uyğun olaraq, qanunverici və icra hakimiyyəti ilə eyni statusu qazandı. Ulu öndərin təşəbbüsü ilə 1997-ci ildə “Məhkəmələr və hakimlər haqqında” yeni Qanun qəbul edildi. Qanunun tətbiq edilməsi və məhkəmə islahatlarının həyata keçirilməsinə dair fərman imzalandı. Ümummilli liderin rəhbərliyi ilə aparılan əsaslı məhkəmə-hüquq islahatları nəticəsində üçpilləli müstəqil məhkəmə sistemi formalaşdırıldı.
1998-ci ildə isə Azərbaycan Respublikası Prezidenti yanında məhkəmələrin təşkil edilməsi, hakim vəzifəsinə namizədlərin seçilməsi, habelə məhkəmələr və hakimlərlə bağlı digər məsələləri öz səlahiyyətləri dairəsində həyata keçirmək vəzifələrini yerinə yetirən Məhkəmə-Hüquq Şurası təsis olundu.
Heydər Əliyev ideyalarını uğurla davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyevin təşəbbüsü ilə məhkəmə sisteminin daha da müasirləşdirilərək Avropa standartlarına uyğunlaşdırılmasına başlanıldı. Bir sıra mühüm islahatlarla yanaşı, yeni hakimlərin çoxmərhələli imtahanlardan, tədris və stajkeçmədən ibarət olan seçimləri xüsusi şəffaflığına və obyektivliyinə görə Avropa Şurası və Avropa İttifaqı tərəfindən yüksək dəyərləndirildi. Zaman keçdikcə yeni regional məhkəmə, apellyasiya məhkəmələri və inzibati ədliyyə sistemi yaradıldı. Hakimlərin sayı iki dəfə artırıldı, məhkəmə infrastrukturunun müasirləşdirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirildi.
Bu gün ömrünü bütünlüklə xalqının rifahına və dövlətinin gələcək inkişafına həsr etmiş Heydər Əliyevin yaratdığı müasir Azərbaycan dövləti möhkəm təməllər üzərində dinamik tərəqqi yolu ilə irəliləyir, qüdrətlənir və inkişaf edir. Məhkəmə orqanlarında daha geniş islahatlar həyata keçirilir, müasir texnologiyalar tətbiq edilir, qanunvericilik bazası təkmilləşdirilir. Bir sözlə, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan dayanıqlı və perspektivli məhkəmə sistemi yeni dinamik inkişaf mərhələsini yaşayır. Məhkəmə-hüquq sistemində inkişafın yüksək səviyyədə həyata keçirilməsi məqsədi ilə hər bir hakim öz üzərinə düşən məsuliyyəti dərk edir, ədalət, qanunçuluq və qərəzsizlik prinsiplərinin tələblərini həmişə uca tutmağa çalışır.
Müstəqil Azərbaycanın banisi Heydər Əliyevin xatirəsi hər birimiz tərəfindən dərin hörmət və ehtiramla anılır. Bu gün hər bir Azərbaycan vətəndaşı ulu öndərin əziz xatirəsini həmişə uca tutur və minnətdarlıqla anır, Heydər Əliyevin bizə müqəddəs miras qoyduğu müstəqil, demokratik dövləti qoruyub saxlamağı şərəfli vəzifə hesab edir. Dahi şəxsiyyət Heydər Əliyevin dövlətçilik siyasəti Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. Yaradılması xalqımızın ümummilli liderinin adı ilə bağlı olan məhkəmə-hüquq sistemində çalışan hər kəs öz gələcək fəaliyyətində dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən və dövlətçiliyimizin inkişafına yönələn islahatlara öz töhfəsini vermək üçün əzmlə çalışır.
Pərviz HACIYEV,
Şəki Rayon Məhkəməsinin hakimi