Yüz ilin 100 anı

post-img

On milyonlarla soydaşımızın böyük mütəşəkkilliklə bayram etdiyi “Heydər Əliyev ili”nə hərə öz töhfəsini verir. Bu baxımdan “Xalq qəzeti” redaksiyasında təşkil edilmiş yubiley foto-sərgisi xüsusi önəm daşıyır. Çünki ulu öndər Heydər Əliyev birinci dəfə respublika rəhbəri kimi fəaliyyətə başlayandan az sonra məhz bu qəzetin 50 illik yubileyində, həm də Azərbaycan dilində çıxış etmişdir. Eləcə də, müstəqilliyin ilk illərində nəşrin bağlanmasını gündəliyə gətirmiş insanların həmin səhv addımının qarşısı da məhz ulu öndərin siyasi hakimiyyətə qayıdışından sonra alınmışdır... 

Bu fikirlər redaksiya binasının birin­ci mərtəbəsində təşkil edilmiş “Heydər Əliyev –100” foto-sərgisinin açılışında səsləndirildi. Öncə həm ulu öndərin, həm də dövlət müstəqilliyimizin bərpası və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda şəhid olmuş soydaşlarımızın xa­tirəsi birdəqiqəlik sükutla yad edildi. Son­ra əsas lövhənin və bütün fotoların önünə tər qərənfillər düzüldü. “Xalq qəzeti”nin baş redaktoru Əflatun Amaşov, Mətbu­at Şurasının sədri Rəşad Məcid, şuranın Ahıl Jurnalistlər Məclisinin rəhbəri Tahir Aydınoğlu, 1993-2003-cü illərdə ümum­milli liderin siyasi fəaliyyətini işıqlan­dırmış jurnalistlər, Nəsimi rayonundakı müxtəlif təhsil müəssisələrinin təmsilçiləri və digər natiqlər o böyük dövlət xadimi­nin siyasi fəaliyyətinin ayrı-ayrı detalları barədə maraqlı xatirələr səsləndirdilər. 

Onu da xatırladaq ki, nümayiş olunan fotoların bir çoxunda ulu öndərimiz sadə əmək adamlarının, elm, təhsil, mədəniy­yət xadimlərinin, hərbçilərin qonağı kimi lentə alınmışdır. Daha çox maraq kəsb edən fotolar isə ümummilli liderimizin həm xarici səfərlərində, həm də Bakıda əcnəbi siyasətçi və diplomatları qəbul edərkən çəkilmiş əsərlərdir. Yeri gəlmiş­kən, tədbirdə çıxış edənlərdən biri dedi ki, bu sənədlər artıq adi fotolar yox, tarixi özündə yaşadan əsərlərdir. 

Təkrar edildi ki, AZƏRTAC-ın və “Xalq qəzeti” foto-müxbirlərinin, eləcə də, ayrı-ayrı müəlliflərin müxtəlif illərdə lentə aldıqları fotoların hər biri bu gün olduqca dəyərli tarixi sənədlərdir. Yüz ilin müxtəlif anlarını özündə əks etdirən həmin sənəd­lərdə Azərbaycanın 1969–1982-ci illər­dəki inkişafı, müstəqillik yolunda atılan addımlar, ulu öndərin siyasi fəaliyyətinin Naxçıvan dövrü, 1993-cü ilin yayından sonrakı ictimai-siyasi proseslər, “Əsrin müqaviləsi”nin hazırlanması və imzalan­ması, beynəlxalq aləmə inteqrasiya, ordu quruculuğu, elm, təhsil, mədəniyyət və səhiyyənin inkişaf etdirilməsi məqsədilə atılan addımlar öz əksini tapmışdır. 

Tamaşaçılar dörd hissədən ibarət olan sərginin birinci hissəsinin girişində ənənəvilikdən uzaq olan bir mətn-təqdi­matla da tanış oldular. Orada yazılmışdı: 

“Nə qədər ki, Azərbaycan var, bu müdrik xalq yaşayır, Sən də yaşayacaq­san, böyük Xilaskar!

Sən milyonlarla soydaşına müstəqil, qüdrətli Azərbaycan dövləti yaratmağın yolunu göstərmisən, biz – milyonlarla qədirbilən insan isə sənin əməllərinin hələ yüz illər boyu yaşamasını təmin edi­rik və edəcəyik.

Sənin işləyib hazırladığın siyasi stra­tegiya bizə azad yaşamağı da öyrətdi, düşmən tapdağında qalmış ərazilərimizi işğaldan azad etməyi də. Sənin qarşısın­da diz çökdüyün müqəddəs Azərbaycan Bayrağını biz Ali Baş Komandanımızın rəhbərliyi ilə Şuşada, Ağdamda, Kəlbə­cərdə, Laçında, Füzulidə, Suqovuşanda – işğaldan azad edilmiş bütün əraziləri­mizdə qaldırdıq. Azərbaycan əsgərinin Xankəndiyə doğru atdığı addımların səsi də eşidilməkdədir. 

Sən tariximizə qızıl hərflərlə yazılan Horadiz əməliyyatına imza atdın, övlad­ların isə İkinci Qarabağ müharibəsindəki möhtəşəm Zəfərə. 

Sən təkcə o yerlərə qayıtmağımızı arzulamırdın, həm də o yerləri şəxsən görmək istəyirdin. İndi səni Baba adlan­dıran çoxminli nəvələrin həmin ərazilərə qayıdışın sevincini yaşayırlar. Cəbrayılın Cocuq Mərcanlı kəndindən başlanmış Böyük Qayıdışın hər mərhələsində öncə sənin ruhun anılır, xatırlanır, ehtiramla yad edilir. 

Sən bizə dünyaya çıxmağın yollarını göstərdin, biz isə dünyanın əksər ölkələ­rini Azərbaycanın dostuna çevirməyi bacardıq. Sən “Əsrin müqaviləsi”nə nail oldun, biz isə Avrasiyanın ən möhtəşəm iqtisadi layihələrinin icrasına. 

Bütün bunları ona görə xatırladırıq ki, sənin qüdrətin dağlar qədər böyük idisə, bizim o möhtəşəm xidmətə olan sədaqə­timiz də ondan az deyil.

Bu gün sənin yüz yaşını qeyd edirik, amma yaşayacağın yüzilliklər hələ öndə­dir!”

 

İttifaq MİRZƏBƏYLİ,
(Fotolar: Səbuhi MƏMMƏDOV və Elşən AĞALAR),
“Xalq qəzeti”





Sosial həyat