Mayın 8-də Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti Həştərxan şəhərindəki Heydər Əliyev adına 11 nömrəli orta ümumtəhsil məktəbində olub.
Nazirlər Kabinetindən aldığımız məlumatda bildirilir ki, qonaqlar fotosərgi ilə tanış olub, onlara məktəb haqqında məlumat verilib. Baş nazirin müavini Şahin Mustafayev qeyd edib ki, Heydər Əliyev hər zaman təhsil sahəsinə böyük diqqət yetirib.
Daha sonra Azərbaycanın ümummilli lideri Heydər Əliyevin həyat yolu və onun adını daşıyan məktəbin fəaliyyəti barədə videoçarx nümayiş olunub.
Sonda ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş müsabiqənin qalibləri olmuş məktəblilərin beş nominasiyada mükafatlandırılması olub.
***
Mayın 8-də Azərbaycan Respublikasının Baş nazirinin müavini Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyətinin Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru İqor Babuşkin və rəhbər şəxsləri ilə görüşü olub.
İqor Babuşkin bu il vilayətdə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş xatirə tədbirlərinin keçirildiyini bildirib. “Mən Həştərxan vilayətində belə tədbirlərin təşkili məsələləri ilə bağlı xahişlə Prezident İlham Əliyevə müraciət etdim və onun dəstəyini aldım. Cari ilin əvvəlindən başlayaraq Həştərxan vilayətində Heydər Əliyevin 100 illiyinə həsr olunmuş müxtəlif konfranslar, dəyirmi masalar, televiziya verilişləri və müsabiqələr keçirilir. Yaxın günlərdə konsertlər, gənclər forumu və bir sıra digər maraqlı tədbirlər təşkil olunacaq. Bütün bunlar sözsüz ki, bizim necə səmimi və dostluq münasibətlərinə malik olduğumuzu növbəti dəfə sübut edir.
Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev vurğulayıb ki, səfərin əsas məqsədi ulu öndər Heydər Əliyevin 100 illiyinə həsr olunan xatirə tədbirlərində iştirak etməkdir. O, Azərbaycan Prezidenti İlham Əliyevin və Baş nazir Əli Əsədovun salamlarını çatdırıb, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin nurlu xatirəsinə göstərdikləri səmimi münasibətə görə həştərxanlılara təşəkkürünü bildirib.
Baş nazirin müavini İkinci Dünya müharibəsində Qələbədə Azərbaycanın rolundan danışıb.
Heydər Əliyevin Azərbaycan üçün mürəkkəb dövrdə onun inkişaf proqramını qurduğunu deyən Həştərxan vilayətinin sabiq qubernatoru Aleksandr Jilkin qeyd edib: “Biz Heydər Əliyev sayəsində Azərbaycanın inkişafının şahidləriyik. Qeyd etmək istəyirəm ki, Prezident İlham Əliyev Heydər Əliyevin siyasətini uğurla davam etdirir. Gənc yaşlarımda Heydər Əlirza oğlu ilə görüşmək mənə nəsib olub. Həştərxan regionu ilə qarşılıqlı fəaliyyət siyasətinə görə Azərbaycan hökumətinə və Prezident İlham Əliyevə minnətdarlığımı bildirirəm”.
Azərbaycan Baş nazirinin müavini görüşdən sonra rusiyalı jurnalistlərin suallarını cavablandırıb.
“Xalq qəzeti”