Bu gün dünyanın bir çox ölkələrində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş silsilə tədbirlər keçirilir. Bizim böyük nümayəndə heyəti ilə Həştərxana gəlməyimizin məqsədi də burada keçirilən həmin tədbirlərdə iştirak etməkdir.
Bunu jurnalistlərə açıqlamasında iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov deyib.
Ötən il ərzində Həştərxan vilayəti ilə Azərbaycan arasında ticarət dövriyyəsinin 4 dəfədən çox artdığını deyən nazir müavini bildirib: “Əlbəttə, müsbət rəqəmlər baxımından yanaşanda bu rəqəm o qədər də adekvat deyil. Amma hər halda biz artım tempini saxlasaq, gələcəkdə mütləq rəqəmlərdə ciddi nəticələr olar. Həmçinin turizm sahəsinin inkişafı üçün bizdə yaxşı əsaslar var”.
Azərbaycan ilə Həştərxan arasında həftədə beş dəfə reyslərin həyata keçirildiyini qeyd edən S.Ələkbərov deyib ki, bu, gedib-gəlmək istəyənlərin sayının çox olduğunu göstərir və onların sayı gündən-günə artır. “Yəni, burada potensial kifayət qədər yüksəkdir, xüsusilə logistika sahəsində biz çox böyük nəticələr əldə edə bilərik. Azərbaycanda istehsal olunan kənd təsərrüfatı mallarının Həştərxan vasitəsilə Rusiyanın digər bölgələrinə çatdırılması da qarşıda duran məsələlərdəndir”, - deyə nazir müavini vurğulayıb.
Həştərxanda ulu öndər Heydər Əliyevə münasibətin çox yaxşı olduğunu vurğulayan Sahib Ələkbərov deyib: “Hamı ümummilli lideri tanıyır, çünki o, Moskvada işlədiyi müddətdə, SSRİ Nazirlər Sovetinin sədrinin birinci müavini vəzifəsində çalışarkən özünü Rusiya əhalisinə kifayət qədər yaxşı tanıda bilib. Rusiyanın bütün vilayətlərində onu tanımayan insan yoxdur. Burada Heydər Əliyevə böyük məhəbbət hiss etdik. Hansı tədbirlərdə iştirak edirdiksə görürdük ki, insanlar onun haqqında danışanda gözlərində qığılcım yaranır. Heydər Əliyevi nəinki tanıyırlar, onu həm sevirlər, həm də böyük hörmət bəsləyirlər”.
“Xalq qəzeti”