Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası Naxçıvanda yaşayan şəhid və qazi ailələrinə, sağlamlıq imkanları məhdud və aztəminatlı 2 min 200 ailəyə ərzaq yardımı edib.
Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfliyə məlumat verilib ki, Naxçıvan şəhərində və muxtar respublikanın rayonlarında yaşayan aztəminatlı ailələr üçün verilən bağlamalar müxtəlif zəruri ərzaq məhsullarından ibarətdir.
AHİK-in sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev açıqlamasında bildirib ki, 2022-ci ildən bugünədək Naxçıvanda 7 mindən artıq vətəndaşa ərzaq yardımı göstərilib. Ümumilikdə isə ölkə üzrə 75 min ailəyə ərzaq yardımı edilib, 100 mindən çox insana maliyyə dəstəyi göstərilib.
Sonra ərzaq məhsulları ilə yüklənmiş 6 avtomobil təyinatı üzrə ünvanlara yola salınıb.
***
Ulu öndər Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Naxçıvan və Türkiyə alpinistlərinin muxtar respublikanın məşhur zirvəsi Haçadağa ekstremal yürüşü təşkil olunub.
Naxçıvan Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, 11-i yerli idman federasiyalarının, 23-ü isə "İğdır Gençlik ve Spor Dağcılık", "İğdır Dağcılık ve Bisiklet Spor", "Kars Dağcılık ve Arama Kurtarma" klublarının üzvləri olmaqla, 34 alpinist dəniz səviyyəsindən 24 min 15 metr yüksəklikdə olan təbiət abidəsinin zirvəsinə qalxıb.
Yürüşün son nöqtəsində Azərbaycan Respublikası və Türkiyə Cümhuriyyətinin Dövlət himnləri səsləndirilib.
***
AMEA Naxçıvan Bölməsində ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə “Ümummilli lider Heydər Əliyevin həyatı və fəaliyyəti xalqa və Vətənə xidmət nümunəsidir” mövzusunda elmi konfrans keçirilib.
Konfransda bölmənin sədri, akademik İsmayıl Hacıyev çıxış edərək ulu öndərin zəngin və şərəfli həyat yolu, bənzərsiz siyasi və dövlətçilik fəaliyyəti haqqında məlumat verib. Sonra Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Hacıfəxrəddin Səfərlinin “Azərbaycanın inkişafında dönüş mərhələsi (1969-1982-ci illər)”, institutun şöbə müdirləri, AMEA-nın müxbir üzvü Vəli Baxşəliyevin “Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin qurucusudur”, tarix elmləri doktoru, dosent Emin Şıxəliyevin “Ümummilli lider Heydər Əliyevin ermənilərin Azərbaycana ərazi iddialarına qarşı mübarizəsi” və tarix üzrə fəlsəfə doktoru, dosent Asəf Orucovun “Ulu öndər Heydər Əliyev və Azərbaycanın xarici siyasəti” mövzularında çıxışları dinlənilib.
Çıxışlarda ümummilli lider Heydər Əliyevin mənalı ömür yolu və ictimai-siyasi fəaliyyətindən, həmçinin Naxçıvana rəhbərliyi dövründə həyata keçirilən tədbirlərdən geniş söhbət açılıb.
***
Xəbər verdiyimiz kimi, ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə Bakıda və Ankarada yerləşən diplomatik korpusun nümayəndələri – 80-dək ölkənin 140 diplomatı və hərbi attaşesi ulu öndərin doğulduğu torpağı ziyarət edib, onun xatirəsini ehtiramla anıblar.
Səfər iştirakçısı olan Türk Dövlətləri Təşkilatının baş katibinin müavini Yerjan Mukaş qəzetimiz üçün açıqlamasında bildirib:
– Heydər Əliyevin yüzillik yubileyinə həsr olunmuş tədbirdə iştirak etmək üçün buradayam. Naxçıvanda olmağıma çox şadam. Bu ziyarət rəmzidir, çünki təşkilatımız 2009-cu ildə ilk sammit zamanı Naxçıvanda yaranıb. Mənim üçün ikiqat şərəfdir, çünki mən Qazaxıstanın Azərbaycandakı səfirliyində də çalışmışam. Azərbaycan xalqını ümummilli lider Heydər Əliyevin yüzillik yubileyi münasibətilə təbrik edirəm. Heydər Əliyev təkcə Azərbaycanın deyil, bütün türk dünyasının dahi şəxsiyyəti idi. O, türk dünyası arasında körpü rolunu oynayırdı.
Səbuhi HƏSƏNOV,
“Xalq qəzeti”