Azərbaycan – Çin dostluğunun bugünkü səviyyəsi Heydər Əliyev siyasi müdrikliyinin nəticəsidir

post-img

Bəri başdan deyim ki, magistr təhsili almaq üçün Çin Xalq Respublikasında yaşadığım illərdə bu ölkənin və xalqın tarixi, təhsili, mədəniyyəti, iqtisadiyyatı, siyasəti barədə az öyrənməmişəm. Ona görə də həmin istiqamətlər haqqında qələmə aldığım yazılar ölkəmizdə də, Çində də kiçik dairədə olsa belə, razılıqla qarşılanmışdır. İndi qələmə aldığım bu sətirlər də elə dost ölkədəki təəssüratlarımın bəzi məqamlarıdır. 

Həm Pekin Normal Universitetin­də oxuduğum illərdə, həm də bu dost ölkədəki Yanşan Universitetinin dok­torantı olduğum dövrdə həmsöhbət olduğum professor və müəllımlərim­dən Azərbaycan haqqında eşitdiyim fikirlərin önündə daim ulu öndərimizin adı olub. Bu Asiya nəhənginin ziyalı zümrəsi Azərbaycan deyəndə öncə “Heydər Əliyev” ad - soyadını yada sa­lır. Çin dili haqqında məlumatlı olanlar yaxşı bilirlər ki, bizim yazılı nitqdə qa­bartmaq istədiyimiz xüsusi məqamları onlar şifahi dildə də ustalıqla reallaşdı­rırlar və “Heydər Əliyev” söz birləşməsi onların dilində olduqca gözəl səslənir. 

Xatırladım ki, bu gün dünyanın ən qədim dövlətlərindən biri olan Çini də, ölkənin hər bir sakinini də indi ancaq iqtisadi imkanların artırılması üçün atılan addımlar maraqlandırır. Məhz həmin marağın nəticəsidir ki, ulu ön­dərimiz Heydər Əliyevin 1994-cü ilin martında Pekinə reallaşdırdığı rəsmi səfərinin təəssüratlarına bu gün də Çin ziyalılarının söhbətlərində rast gəlmək olur. Yeri gəlmişkən, gələn il bugünkü Azərbaycan – Çin dostluq və tərəfdaşlıq münasibətlərinin təməlini qoymuş həmin səfərin 30 illiyini qeyd edəcəyik. Çinli dostlarımın fikrincə, həmin fakt rəsmi Pekin üçün də xü­susi əhəmiyyəti olan hadisə kimi yad­daşlarda qalıb. 

Ulu öndər səfər çərçivəsində Pe­kindəki İctimai Elmlər Akademiyasında çıxış edərkən demişdi ki, biz Çin Xalq Respublikasının Sədri cənab Tszyan Tszemin, Dövlət Şurasının Baş naziri cənab Li Pen ilə görüşlər və danışıqlar zamanı dövlətlərarası münasibətləri­mizlə bağlı bir çox məsələləri müzakirə etmişik: “Biz Çin ilə Azərbaycan arasın­da münasibətlərin gələcək inkişafının perspektivlərini müəyyənləşdirən mü­hüm sənədlər imzalamışıq. Çin Xalq Respublikasının Sədri və mən ölkələ­rimiz arasında əməkdaşlığın prinsipləri haqqında bəyannamə imzalamışıq. Bu sənəd dostluq əlaqələrimizin gələcək inkişafının proqramıdır”.

Yeri gəlmişkən, ulu öndərimizin özü də Çin səfərindən qayıdarkən jurna­listlərə verdiyi müsahibədə onu tarixi hadisə adlandırmışdı: “Hesab edirəm ki, Çin Xalq Respublikasına səfərimiz böyük tarixi hadisədir. Çünki Çin ilə Azərbaycan arasında heç vaxt bu sə­viyyədə əlaqələr olmamışdır. Doğru­dur, tarixən müəyyən əlaqələr, “Böyük İpək yolu” və başqa faktların olduğunu xatırlayırıq. İndi isə... dövlətlərarası sıx münasibətlərin yaranması böyük siya­si hadisədir. İlk növbədə Azərbaycan Respublikası üçün böyük hadisədir”.

Mən həmin “böyük siyasi hadisə”­nin də, “gələcək inkişafın proqramı”nın da nəticələrini Azərbaycan Prezidenti İlham Əliyevin bu il yanvarın 17-də Da­vosda Çinin CGTN televiziya kanalına verdiyi müsahibədə də gördüm. Dövlət başçımız dedi ki, 30 il ərzində davam edən siyasi münasibətlər artıq bizim yaxşı tərəfdaş və bir-birinə etibar edən dostlar olduğumuzu nümayiş etdirir. Bizim beynəlxalq təsisatlar çərçivəsin­də çox yaxşı əməkdaşlığımız var. Biz həmişə bir-birimizin ərazi bütövlüyünü və suverenliyini dəstəkləyirik. Biz çox möhkəm siyasi platforma qurmuşuq.

Dövlət başçımız xatırlatdı ki, Orta Dəhlizlə bağlı Sədr Si Cinpinin təşəb­büslərini tam dəstəkləyirik. Həmçinin biz enerji, kənd təsərrüfatı və yüksək texnologiyalar sahələrində də əmək­daşlıq etməyə ümid edirik. İnformasiya texnologiyaları sektorunu təmsil edən bir çox Çin şirkətləri Azərbaycanda uzun illərdir ki, fəaliyyət göstərir. Belə­liklə bizim, həqiqətən də çoxşaxəli mü­nasibətlərimiz var.

Orta Dəhliz demişkən, xatırladım ki, mənim elmi işimin mövzusu Asiya və Avropanın iqtisadi imkanlarını qo­vuşduran məlum dəhlizlərin səmərə­sinin və perspektivlərinin öyrənilmə­sinə, proqnozlaşdırılmasının təhlilinə həsr olunmuşdur. Yəni çox əhatəli bir mövzudur. Ona görə də Çində, Qazaxıstanda və Azərbaycanda çox mütəxəssislərlə görüşmüş, məsləhət və tövsiyələr almışam. Maraqlıdır ki, həmin insanların hamısı elmi söhbətə başlamazdan əvvəl səmimiyyətlə eti­raf edirlər ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev həmin layihələrin bugününü görür, qiymətlən­dirir və onların icrasının Çin, Azərbay­can və ya hansısa bir neçə ölkə üçün deyil, ümumilikdə, Avrasiya məkanı üçün möhtəşəm perspektiv vəd etdiyini dəfələrlə söyləyirdi. 

Bu zaman başqa bir faktı da xatır­latmaq zərurəti yaranır. Belə ki, artıq neçə illərdir istifadəyə verilən Bakı-Tbi­lisi-Qars dəmir yolu qitələrarası daşın­malar üçün geniş imkanlar açıb. Çin ilə Avropa ölkələri arasında ən qısa mar­şrut olan bu dəmir yolunun yaratdığı əlverişli şərait bir çox ölkələrin, xüsu­silə Şərq ölkələrinin diqqətini cəlb edib. Mütəxəssislərin fikrincə, bu dəmir yolu xətti Asiya ilə Avropa arasında ən qısa və rahat yol olub yüklərin daşınmasına sərf edilən vaxtı 2 dəfədən çox azalt­mağa imkan verir. Bakı-Tbilisi-Qars dəmir yolu Mərkəzi Asiya ölkələrinin – Türkmənistan, Qazaxıstan, Özbəkis­tan, Qırğızıstan, Tacikistan və Əfqanıs­tanın da Avropa və dünya bazarlarına çıxışını asanlaşdırır. Bu layihə həm də, Çinin elan etdiyi, Azərbaycan da daxil olmaqla, bir sıra ölkələrin dəstəklədiyi “Bir kəmər, bir yol” iqtisadi inkişaf stra­tegiyasının tərkib hissəsinə çevrilib. Maraqlandığım çoxsaylı mənbələrdəki məlumatlardan hasil olan nəticə belə­dir ki, bu dəmir yolu qitələrarası daşı­malar üçün böyük imkanlar yaradır.

Mən bu sətirləri çinli dostlarımdan birinin ifadəsi ilə tamamlamaqdan da məmnunam: “Aralarında otuz il yaş fərqi olsa da, deməliyəm ki, möhtərəm Si Cinpin kimi Heydər Əliyev də təkcə öz xalqı və dövləti üçün yox, Avrasiya­nın bütün xalqları və dövlətləri naminə fəaliyyət göstərmişdir.” 

 

Sadiq QAÇAYEV,
Çinin Yanşan Universitetinin doktorantı, UNEC Biznes Məktəbinin müəllimi

Sosial həyat