Heydər Əliyev dərsləri

post-img

Uzun illər Azərbaycan televiziyasında çalışmış Əməkdar jurnalist Faiq Sadıqov siyasi materialların efirə hazırlanması ilə məşğul olub. Prezidentlər Heydər Əliyev və İlham Əliyevi daxili və xarici səfərlərdə jurnalist kimi müşayiət edib, onların keçirdiyi tədbirlərdən, görüşlərdən video-materialların efirə hazırlanmasının fəal redaktorlarından biri kimi tanınıb. 

Faiq Sadıqov hazırda Heydər Əliyev irsinin araşdırması ilə məşğuldur. Onun ulu öndərin çıxışlarından həm şahidi olduğu, həm də araşdırdığı maraqlı və ibrətamiz məqamların bəzilərini oxucula­ra təqdim edirik.

Mənə ləqəb qoymuşdular: “MİXAYLO”

Heydər Əliyev 1969-cu ildə ilk dəfə hakimiyyətə gələrkən ona "Mixaylo" ləqəbi verildiyini o dövrün adamları yaxşı xatırlayırlar. Ulu öndər 1997-ci ildə çıxış­larının birində nə üçün ona bu ləqəbin verildiyini belə izah edib:

– 1969-cu ilin iyul ayında mən Azər­baycana rəhbər seçilərkən respublikada hərc-mərclik idi. Mən isə ondan öncə iş­lədiyim vəzifədə bunların çoxunu yaxşı bilirdim. O vaxtlar çoxları məni tanımırdı, çünki işim elə idi ki, ictimaiyyətdə o qə­dər də məşhur adam deyildim. Fəallar tanıyırdı, amma geniş kütlələr o qədər ta­nımırdı. Yəni mən orada-burada çıxış et­mirdim, televiziyada göstərmirdilər. Ona görə də mən bir müddət – təxminən bir ay bundan istifadə etdim, şəxsən özüm bu işlərlə məşğul oldum. Xatirinizdədir, o vaxt adamlar mənə bir ləqəb də qoymuş­dular: “Mixaylo”. Bir neçə əməliyyatı res­publikanın başçısı kimi özüm keçirəndən sonra mənə dedilər ki, haradansa fotoşə­killərimi tapıblar, çoxaldırlar, satırlar və çox adamlara verirlər ki, məni görəndə tanısınlar. Çünki bəzən mağazalara ge­dirdim, nöqsanları aşkar edirdim, onlar tanımırdılar mən kiməm, ona görə də öz­lərini çox kobud aparırdılar və sonra da çox böyük bəlaya düşürdülər. 

O vaxt, 28 il bundan öncə, mən bir eksperiment keçirdim. O vaxt bizim ta­nınmayan işçilərimiz, məxfi işçilər var idi. Onların bir-ikisinə tapşırdım ki, gedin Sabirabada, bir avtomaşın qarpız alın, gətirin bazara satmağa. Görək yolda bunu neçə yerdə saxlayacaqlar, nə qə­dər rüşvət alacaqlar. Gətirdilər, onlara da mən tapşırmışdım ki, gizli foto çəksin­lər. O vaxt televiziya, yəni bu video yox idi, fotoaparatla adamları gizli çəkirdilər. Sabirabaddan buraya gələnə qədər 7-8 yerdə onları saxlamışdılar – nə bilim, polis işçisidir, yol işçisidir, nədir. O vaxt polis deyildi, milis idi. Hamısı da rüşvət almışdılar. Bu şəkilləri gətirdilər, mən o vaxt daxili işlər nazirini çağırdım, Şəkilləri qoydum stolun üstünə və tələb etdim ki, o adamlar cəzalandırılsın. Xatirinizdədir, o vaxt mən 5-6 aydan sonra Daxili İşlər Nazirliyinin bütün rəhbərliyini kənarlaş­dırdım. Hamısını – naziri də, müavinləri də işdən çıxardım.

"Harada görünüb ki, xalqın başında dəlləklik öyrənəsiniz?"

Heydər Əliyev 1993-cü ildə ikinci dəfə hakimiyyətə gəldiyi zaman qarşılaşdığı çətinlikləri aradan qaldırmağın heç də asan olmadığını onun sonrakı çıxışla­rında, müsahibələrində tam aydınlığı ilə görmək mümkündür. Ulu öndər o dövrün hadisələrinin mənzərəsini ibrətamiz və maraqlı faktlar əsasında təsvir edirdi. Bu baxımdan onun 1993-cü ilin avqustunda rus yazıçısı Aleksandr Proxanova verdiyi müsabidən bir parçaya diqqət yetirək.

Heydər Əliyev: Fevral ayında mən El­çibəylə görüşdüm. Səkkiz saat danışdıq. Mən ona dedim: "Belə siyasət uğursuzlu­ğa məhkumdur!". O, çox düşüncəsiz ca­vab verdi: "Biz idarə etməyi öyrənirik. Qoy təcrübəsizlər təcrübə toplasınlar. Topla­mazlar, biz onları işdən çıxarar və yerlə­rinə başqalarını qoyarıq". Dedim: "Harada görünüb ki, xalqın başında dəlləklik öy­rənəsiniz. Onun üzərində eksperimentlər aparırsınız?" Bu, Gəncədə birbaşa ci­nayətlə nəticələndi, qanla qurtardı. Buna görə də xalq onları rədd etdi!.. 

Aleksandr Proxanov: - Bilirəm ki, Naxçıvanda, balaca bir respublikada siz qayda-qanun yaratmağa, layiqli həyat sə­viyyəsini qoruyub saxlamağa müvəffəq ol­dunuz. Sizin üçün, əgər belə demək caiz­sə, "Naxçıvana sürgünlük" nə demək idi?

Heydər Əliyev: - Xalq Cəbhəsinin yeni peyda olmuş başçılarından biri te­leviziyaya çıxıb, lovğa-lovğa bildirmişdi: "Əgər lazım gələrsə, mən Naxçıvana gedib Əliyevin başına güllə çaxaram!" Mənə qarşı iki dəfə qəsd təşkil etdilər, iki dəfə məni öldürmək istədilər. Amma oxları daşa dəydi, niyyətləri baş tutmadı. Onlar Əliyevə divan tutmaq üçün Naxçı­vanı blokadaya aldırdılar. Bizi ərzaqdan, neftdən məhrum etdilər. Elektrik enerji­sini büsbütün kəsdilər. Bizdə soyuqlar və aclıq başlandı. Südəmər körpələr xəstəxanalarda soyuqdan donub ölür­dülər. Camaat bağ-bağatı qırıb od qa­layırdı. Ev-eşiyi isitmək üçün meyvə ağaclarının 70 faizini kəsib doğradılar. Nə qədər meşə qırıldı. Lakin mən də sağ qaldım, xalq da.

"Qabilə dedim ki, sən əsl kişisən!" 

Heydər Əliyev insanları əməyinə, əqidəsinə, əməlinə, fəaliyyətinə görə seçməkdə fenomenal şəxsiyyət idi. O, adamların xarakterini və psixologiyasını bütün incəlikləri ilə çox tez müəyyən­ləşdirib qiymətləndirməyi məharətlə ba­carırdı. 1997-ci ilə Xalq şairi Qabilin 70 illik yubileyindəki çıxışında Heydər Əliyev çoxlarının Qabildə müşahidə edə bilmə­diyi şəxsi nümunəni belə açıqlamışdı:

– Yubiley gecəsində çıxış edənlərdən biri dedi ki, Qabil siyasətlə məşğul olma­yıbdır. Bu fikir doğru deyil. Qabilin Yanvar faciəsinə həsr olunmuş şeirinin özü si­yasətdir. Yaxud, yadımdadır, mən Naxçı­vanda olanda Qabil burada qəzetdə çıxış etmişdi və Mütəllibova 24 sual vermişdi ki, o bu suallara cavab versin. Mən o vaxt bu yazını oxudum, fikirləşdim ki, görəsən, Mütəllibov bu suallara cavab verəcək, yoxsa yox? O, həmin suallara cavab verə bilmədi. Qabilin bu sualları verməsinin özü bir vətəndaşlıq şücaəti, mövqeyi idi. Ona görə də Qabil heç də siyasətdən kə­narda qalmayıb, öz fikrini deyibdir.

...Qabil öz çıxışında Mədinə Gülgü­nün vəfatı ilə əlaqədar Aktyor evində yas mərasimindəki görüşümüzü xatırlatdı. Doğrudan da, o vaxt mən Qabilə dedim ki, sən əsl kişisən. Bu, elə-belə söz deyil. Bu mənim əvvəlki dövrdə, qurultaylarda, müxtəlif tədbirlərdə yazıçılarla görüşlə­rimdə müşahidələrimin nəticəsi idi və beynimdə Qabil haqqında toplanmış bir fikir idi. O fikri də mən uzun müddətli ayrı­lıqdan sonra oradakı görüşümüzdə bildir­dim. Yəni bu adi bir söz deyildi. Bilirsiniz ki, insanlar arasında "sən kişisən, mən də kişiyəm" sözləri çox işlənir. Mənim ağ­zımdan belə şey çıxmaz. Amma o vaxt çıxdı ki,doğrudan da onun yeri idi. 

"Sənin ixtiyarın yoxdur bunu etməyə!"

1997-ci ilin oktyabrında yazıçıların X qurultayı ərəfəsində Heydər Əliyevin gənc nəsildən olan yazıçı və şairlərin bir qrupu ilə görüşündə tənqidçi Vaqif Yusifli ilə maraqlı bir dialoq olur.

Vaqif Yusifli (tənqidçi): 20-ci illərin axırlarını, 30-cu illərin əvvəllərini xatır­lamaq kifayətdir. Bu illərdə ədəbiyyata yeni nəsil – Azərbaycan sovet ədəbiyya­tının yaradıcıları hesab olunacaq gənclər gəlmişdilər: Şairlərdən Səməd Vurğun, Süleyman Rüstəm, Mikayıl Müşfiq, Məm­məd Rahim, Osman Sarıvəlli, Mirvarid Dilbazi, Nigar Rəfibəyli, nasirlərdən Mir­zə İbrahimov, Mehdi Hüseyn, İlyas Əfən­diyev, Əbülhəsən, Ənvər Məmmədxanlı və başqaları.

Heydər Əliyev: Rəsul Rzanı yaddan çıxartdın…

Vaqif Yusifli: Üzr istəyirəm, Rəsul Rza.

Anar: Onu mən tapşırmışam, demə­sin.

Heydər Əliyev: Niyə? Sənin ixtiyarın yoxdur bunu etməyə!

“Onda gərək ATƏT-in Minsk qrupunu “ərə verək” 

2001-ci il noyabrın 4-də Heydər Əliye­vin ATƏT-in Minsk qrupunun həmsədrləri ilə növbəti görüşü keçirilir. Həmsədrlərin saysız-hesabsız və tamamilə səmərəsiz səfərləri, təbii olaraq, Heydər Əliyevi ar­tıq əsəbləşdirirdi. Lakin heç vaxt təmkini­ni pozmayan Prezident budəfəki söhbət zamanı həmsədrlərin fəaliyyətini ironiya ilə belə qiymətləndirdi.

Mən dünən fikirləşdim ki, Ermənis­tan–Azərbaycan, Dağlıq Qarabağ mü­naqişəsinin artıq 13 yaşı var. ATƏT-in Minsk qrupunun 9 yaşı var. Amma görün, neçə illər keçibdir, məsələ həll olunma­yıbdır. Əgər bir az da ləngisək, ATƏT-in Minsk qrupu artıq böyük oğlan olacaq, gərək onu evləndirək. Yaxud ola bilər, qız olsun, onda gərək Minsk qrupunu ərə verək. 

Zəngəzur Dəhlizi barədə razılıq niyə pozuldu?

"Göyçə mahalı, Zəngəzur deyəndə xalqımızın ürəyi ağrıyır, xalq o torpaqla­rın arzusu ilə yaşayır" – deyən Heydər Əliyev Zəngəzur dəhlizinin açılmaşında həmişə israrlı olub. Qarabağ münaqişə­sinin həlli ilə bağlı Emənistanla aparı­lan danışıqlarda hətta dəhlizin açılması barədə razılığın əldə edilməsinə də nail olmuşdu. Ulu öndər bu barədə açıqlama­nı ilk dəfə 2002-ci ilin iyununda verib.

Parisdə Prezident Jak Şirakla bu məsələlərlə əlaqədar görüş keçirərkən, bilirsiniz ki, öncə prezident Jak Şirak Er­mənistan prezidenti Köçəryanla görüş­müş, sonra məni Parisə dəvət etmişdi, ondan sonra isə hər ikimizi Parisə dəvət etmişdi, çox səmərəli danışıqlar apardıq. Təbiidir ki, mənim o danışıqların məz­mununu açmaq məqsədim yoxdur. Buna ehtiyac da yoxdur və o vaxt biz bəyan etmişdik ki, danışıqların məzmunu açıl­mamalıdır. 

Amma son vaxtlar Ermənistan tərəfi – ya xarici işlər naziri, yaxud da Ermə­nistan prezidenti Paris görüşlərindən möhtəkirlik məqsədi ilə müəyyən qədər sui-istifadə edirlər. Sonralar da bir-iki dəfə bəyanat veriblər ki, guya biz yeni­dən Paris prinsipləri əsasında danışıqlar aparmağa hazırıq. Bu məni təəccüblən­dirir. Çünki Paris prinsiplərini ondan dər­hal sonra Ki-Uestdə pozan Ermənistan tərəfi oldu. Bu prinsiplərin bir necə as­pekti vardı. Onlardan birı o idi ki, Ermə­nistan Mehri rayonundan Azərbaycan ilə Naxçıvan arasında dəhliz verir və bunun əvəzində Azərbaycan Laçın rayonundan Ermənistana Dağlıq Qarabağla əlaqə ya­ratmaq üçün dəhliz verir. 

Bu məsələ prezidentlər Şirak, Köçər­yan, Əliyev – üçümüz tərəfindən birlik­də çox geniş müzakirə olundu. Ümumi fikir belə oldu ki, Azərbaycan, Naxçıvan üçün Mehri rayonundan verilən dəhliz Azərbaycanın suveren torpağı olacaqdır, eyni suveren dəhlizi Azərbaycan Laçın rayonundan Ermənistana Dağlıq Qara­bağ üçün verəcəkdir. Deyə bilərəm ki, prezident Jak Şirak çox, bir neçə dəfə bu məsələ üzərində dayandı ki, bu dəhlizlər eyni statusa malik olacaqdır. Mehridən keçən dəhliz necə olacaqdırsa, Laçından keçən dəhliz də o cür olacaqdır. Ancaq bunu, eyni statusa malik olan dəhlizlərin – Mehri rayonundan Azərbaycan üçün, Laçın rayonundan Ermənistan üçün dəh­liz verilməsini Ermənistan tərəfi Ki-Uest­də pozdu. Bu da bütün sonrakı danışıqla­rın pozulmasına gətirib çıxardı. 

Mən bunu birinci dəfədir açıqlayıram, burada mətbuat da var. Amma məcbu­ram, çünki Ermənistan tərəfi bunu son vaxtlar dünya ictimaiyyətinə tamamilə yanlış şəkildə bildirir. Prezident Şirakın katibi vardı, yazırdı. O yazılarda bunların hamısı var. Mən bununla bu mövzunu bağlamaq istəyirəm. Əgər Parisdə əldə edilmiş bu razılıq bərpa olunursa, biz Pa­ris prinsipləri əsasında danışıqları davam etdirməyə hazırıq. Amma Ermənistan Mehridən suveren dəhliz vermək istəmir. Yəni əvvəlki sözündən geri cəkilir. Azər­baycandan isə suveren dəhliz istəyir…

"Ad günüm olduğunu unutmuşam"

2001-ci ilin mayında keçirilən növ­bəti görüşdə ATƏT-in Minsk qrupu və onları müşayiət edən nümayəndə heyə­tinin üzvləri Heydər Əliyevi ad günü mü­nasibətilə təbrik ediblər. Cavabında isə Heydər belə deyib: 

– Ad günüm münasibətilə təbriklərə görə təşəkkür etmək istəyirəm. Lakin mə­nim üçün ən həqiqi ad günü torpaqları­mızın azad ediləcəyi gün, sülh müqavilə­sini imzalayacağımız gün olacaqdır. Ona görə də bu məsələ ilə məşğul olduğum bütün ötən illər ərzində mənim üçün bay­ram da bayram olmayıbdır, xüsusən də ad günü. Ümumiyyətlə, mən ad günüm olduğunu unutmuşam, çünki beynimdə, fikrimdə ancaq bu problem dolaşır.

(ardı var)

Təqdim etdi:
Faiq SADIQOV, Əməkdar jurnalist

Sosial həyat