Türk dünyasının Heydər Əliyev sevgisi

post-img

Universitetimiz türk dünyasının, xüsusən də Azərbaycanın problemləri ilə yaxından maraqlanan, bu məsələlərin həlli yollarını axtaran təhsil müəssisəsidir. Böyük öndər Heydər Əliyevi Türkiyədə indiki və gələcək nəsillərə tanıtmaqda, eləcə də onun bənzərsiz bir şəxsiyyət olaraq türklüyə xidmətlərini təbliğ etməkdə Qazi Universiteti böyük rol oynayır”. 

Bu fikirləri Qazi Universitetinin rektoru, professor Musa Yıldız “Xalq qəzeti”nə açıq­lamasında bildirdi. Ali məktəb rəhbəri qeyd etdi ki, tarixdə mühüm rol oynayan, həyatını xalqının uğurlarına həsr edən tarixi şəxsiy­yətlər vardır və bu mənada mərhum Heydər Əliyev ömrünü həm türk dünyasının, həm də Azərbaycan türklərinin rifahına həsr etmiş dövlət xadimidir. Bu baxımdan Heydər Əli­yevin anadan olmasının 100 iliyi ilə əlaqədar Azərbaycanla yanaşı, Türkiyədə də silsilə tədbirlərin keçirilməsi bu nadir şəxsiyyətə türk dünyasında olan sevgi və ehtiramı ifadə edir. 

Həmsöhbətim Heydər Əliyevin 80 illik həyatında mübarizə yolundan və Türkiyə–Azərbaycan əlaqələrinin güclənməsinə verdiyi töhfələrdən də bəhs etdi: 

– Naxçıvanda yaşadığı vaxtda onun türk dünyası ilə bağlı başlatdığı mübarizəsi, öm­rünün son anına qədər dövlətinə, millətinə göstərdiyi fədakarlıq əsl nümunəvi əhəmiy­yətə malikdir və bu xidmət nəsillərin yadda­şında qalacaqdır. Qazi Mustafa Kamal Ata­türkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” ifadəsi Azərbaycanda yaşayan qardaşlarımızla Anadolu coğrafiya­sının insanları arasındakı münasibəti daha da yaxınlaşdırıb. 

Eləcə də Azərbaycanın ümummilli lideri Heydər Əliyevin “Biz bir millət, iki dövlətik” kəlamı bizim çox yaxın müttəfiq olduğumu­zun ən bariz göstəricisidir. Təsadüfi deyil ki, Heydər Əliyev vaxtilə universitetimizi də ziyarət edib, bizi şərəfləndirib və ona univer­sitetimiz tərəfindən fəxri doktor adı verilib.

Azərbaycanın 1990-cı illərdə müstəqil­liyini tanıyan ilk ölkənin Türkiyə olduğunu xatırladan Musa Yıldız Heydər Əliyevin Türkiyə ilə bütün sahələrdə əməkdaşlığa önəm verdiyini bildirdi: 

– Düşünürəm ki, Heydər Əliyevin 1990-cı illərdə sovet ittifaqına qarşı mübarizəsi, 20 Yanvar hadisələrini törədənlərin cəzalan­dırılması tələbi gənclərimizə xüsusilə təbliğ olunmalıdır. 1995-ci ildə Türkiyə Cümhuriy­yətinin təşəbbüsü ilə həyata keçirilən böyük tələbə layihələri, bir çox sahələrdəki təsisat işləri, iqtisadiyyat, beynəlxalq əlaqələr, təh­sil və mədəni fəaliyyətlər Heydər Əliyevin bu təşəbbüsləri dəstəkləməsi sayəsində baş tutub. Məhz bunun nəticəsidir ki, Azərbay­can əsgəri Türkiyədən aldığı hərbi təlim və dəstəkləri ilə təkmilləşdi, bununla da Qara­bağ torpaqları işğaldan azad edildi. 

Bu istiqamətdə Prezident İlham Əliyevlə Prezident Rəcəb Tayyib Ərdoğanın “İki döv­lət, bir millət” prinsipi əsasında əməkdaşlığı qardaş ölkələrə, dostlara etimad, düşmənə qorxu verir. Biz “İki dövlət, bir millət” prin­sipinin son nümunəsini Qarabağ müharibəsi zamanı ən parlaq şəkildə bütün dünyaya bə­yan etdik. Ölkələrimiz arasında bu qardaş­lıq və əməkdaşlıq ruhunun inkişafında Qazi Mustafa Kamal Atatürkdən Heydər Əliyevə qədər tarixə söykənən bir mərhələ var.

Rəhbərlik etdiyi təhsil müəssisəsi haqqında məlumat verən rektor, univer­sitetdə Azərbaycanla bağlı keçirilən və keçirilməsi nəzərdə tutulan tədbirlərə də toxundu: 

– Azərbaycanın universitetləri ilə Qazi Universiteti olaraq çox sahələrdə əməkdaş­lığımız var. 2020-ci ildə universitetimizdə rektor kimi fəaliyyətə başladıqdan sonra 11 universitetlə təhsil-tədris əməkdaşlıq proto­kolları imzalamışıq. O cümlədən Azərbaycan Texniki Universiteti ilə elektrik və elektron mühəndisliyi sahəsində birgə diplom proq­ramı, 2023-2024-cü illər üçün Azərbaycan Tibb Universiteti ilə birgə tibb və fiziote­rapiya sahələrində birgə kurs proqramları, Erasmus+ və Orhun mübadilə proqramları ilə fəaliyyətimizi davam etdiririk. 

Hazırda universitetimizdə bakalavr və magistratura pilləsində ümumilikdə 110 azərbaycanlı tələbə təhsil alır. İyun ayında isə Ankarada Mingəçevir Universiteti ilə bərabər Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı simpozium keçiriləcək. Bundan əlavə, uni­versitetimizdə Türk İncəsənət Cəmiyyəti və Türk Dünyası Araşdırmalar Mərkəzinin xətti ilə hər il mütəmadi olaraq Xocalı Soyqırımı və Qarabağ Zəfəri ilə bağlı tədbirlər keçirilir.

 

M.SULTANOVA

Ankara

Sosial həyat