Müstəmləkəçi indi də anklavdan danışır

post-img

Fransanın Xarici işlər naziri Ketrin Kolonna “France Inter” ictimai radio kanalına müsahibəsində Qarabağ bölgəsini Azərbaycan daxilində ermənilərlə məskunlaşmış anklav adlandırıb. O, bir daha Laçın yolunun blokadada olduğunu iddia edərək, yolun açılmasını tələb edib.

Qeyd edək ki, bu, fransız nazirin ilk ermənipərəst açıqlaması deyil. Mayın 20-də onun bu vəzifəyə təyin olunma­sının bir ili tamam olacaq. Buna bax­mayaraq, cəmi bir il ərzində xanım Kolonna Ermənistanın və dünya er­mənilərinin maraqlarına uyğun səslən­dirdiyi fikirlərin sayına görə sələflərini çoxdan ötüb keçib. Məsələn, Jan-İv Le Drian ondan əvvəl 5 il ərzində (2017-2022-ci illərdə) Fransa Xarici işlər na­ziri olub. Ancaq onun beş ildə verdiyi ermənipərəst bəyanatlarının hamısını bir yerə yığsaq, K.Kolonnanın bir ildə səsləndirdiyi qədər olmaz. Bu mənada xanım nazir, necə deyərlər, Paşinyan­dan daha artıq erməni olmaq istəyinə düşüb.

Onu da bildirək ki, fransalı nazir az müddət öncə – aprelin 27-də ölkəmiz­də səfərdə olub. Onun bölgəyə səfəri Ermənistandan yox, Azərbaycandan başlamışdı. Ancaq az sonra səfərin Azərbaycandan başlamasının yalnız görüntü xarakteri daşıdığı məlum ol­muşdu. Belə ki, K.Kolonna Bakıda da açıq ermənipərəst bəyanat vermişdi. O, Xarici işlər naziri Ceyhun Bayramov­la birgə mətbuat konfransında demiş­di: “Biz Azərbaycan tərəfdən birtərəfli qaydada qurulan keçid məntəqəsini (Laçında Ermənistanla şərti sərhəddə Azərbaycanın aprelin 23-də yaratdığı sərhəd nəzarət-buraxılış məntəqəsi nəzərdə tutulur) pisləyirik, bunu bəyan etmişik. Həmçinin, Beynəlxalq Ədalət Məhkəməsinin qərarı yerinə yetirilmə­lidir”.

Ceyhun Bayramov isə fransız həm­karına anındaca cavab vermişdi: “Xa­nım nazir çıxışı zamanı dedi ki, Fransa Azərbaycan tərəfindən atılan birtərəfli addımları qəbul etmir. Həmçinin Bey­nəlxalq Ədalət Məhkəməsinin qərarına istinad da eşitdik. Birincisi, Azərbaycan öz Konstitusiyasına uyğun olaraq, öz ərazisində addım atıb. Bu addımından 2,5 il yarım öncə hər kəsə problemin mahiyyətini deyib. Bu illər ərzində Fran­sa bir dəfə də olsun Ermənistana çağı­rış etməyib. Beynəlxalq Ədalət Məh­kəməsinin qərarına gəldikdə isə Laçın yolu üç istiqamət üzrə – vətəndaşlar, yüklər və nəqliyyat vasitələri üçün isti­fadə edilə bilər. Bu üç istiqamət üçün Laçın yolu hər zaman açıqdır”.

***

K.Kolonnanın fikirlərinə Azərbay­can XİN-in cavabı bu dəfə də özünü çox gözlətməyib. Nazirliyin mətbuat katibi Ayxan Hacızadə bildirib ki, fran­salı nazirin Azərbaycanın Qarabağ bölgəsini yanlış olaraq “Dağlıq Qara­bağ” şəklində Azərbaycanın daxilində “anklav” adlandırması ölkəmizin suve­renliyinə və ərazi bütövlüyünə, eləcə də, bu bölgədən kütləvi etnik təmizlən­məyə məruz qalmış azərbaycanlıların hüquqlarına hörmətsizlikdir: “Fransalı nazirə bir daha xatırlatmaq istərdik ki, Qarabağ bölgəsi Azərbaycanın bey­nəlxalq səviyyədə tanınmış suveren ərazisi və tərkib hissəsidir”.

A.Hacızadə qeyd edib ki, bununla yanaşı, Azərbaycanın öz suveren əra­zisində yaratdığı və erməni sakinlərin artıq şəffaf şəkildə hər iki istiqamətdə keçməyə başladığı Laçın sərhəd nə­zarət-buraxılış məntəqəsinin guya yolu blokadada saxladığı barədə Fransa tərəfinin iddiasının heç bir əsası yox­dur: “Azərbaycan öz sərhədlərinin mü­hafizəsini və bu sərhədlərdən keçidi ölkə qanunvericiliyinə və beynəlxalq səviyyədə qəbul edilmiş qaydalara uy­ğun olaraq həyata keçirir. Fransa tərəfi sülhə və sabitliyə xidmət etməyən bu kimi təhrikçi və təxribatçı fikirlərə son qoymalıdır”.

***

Həqiqətən də, fransalı nazirin Azər­baycan daxilindəki 14 iqtisadi rayon­dan biri olan Qarabağ iqtisadi rayonu­nu “anklav” adlandırması heç bir ölçüyə sığmır. Əgər hər bir ölkədə kompakt yaşayan milli azlıqlar üçün anklavlar yaradılsaydı, dünya elə anklavlardan ibarət olardı. Elə Fransanın özünü gö­türək, etnik tərkibi rəngarəngdir. Əha­linin 84 faizi fransızlardan ibarətdir. O cümlədən böyük regional etnik qruplar olan korsikalılar, oksitanlar, bretonlar, elzaslar, lotaringiyalılar, normandlar, flamandlar, katalonlar, basklar da bura daxildir. Fransa əhalisinin 7 faizini digər avropalılar, 7 faizini şimali afrikalılar, qalan 2 faizini isə indoneziyalılar, asi­yalılar və Latın Amerikasından olanlar təşkil edir. Anklav yaratmaq münasib­dirsə, Fransa bu hüququ öz daxilində kompakt yaşayan etnik azlıqlara mü­nasibətdə tətbiq edə bilər.

Digər tərəfdən, K.Kolonna özü kor­sikalıdır. Yaxşı olar ki, o illərlə istibdad içində yaşamış Korsikanın, 300 minlik korsunun bugünkü problemlərini qal­dırsın. K.Kolonna korsikalıların doğma dili korsunun hüququnun tanınmasına Fransa hökumətinin qarşı çıxmasına bir dəfə də olsun etiraz etməyib. Zən­nimizcə, onun bu məsələni qaldırması, daha doğru olardı.

***

Onu da qeyd edək ki, Fransanın “öz gözündə tiri görməyib özgə gö­zündə tük axtarmaq” siyasətinə Pre­zident İlham Əliyev də dəfələrlə etira­zını bildirib. Cənab İlham Əliyev Vətən müharibəsi dövründə – 2020-ci ilin oktyabrın 4-də “Əl-Ərəbiyə” televiziya kanalına müsahibəsində deyib: “Onlar Azərbaycandan əl çəkməlidirlər, onlar regiondan əl çəkməlidirlər. Biz burada öz torpağımızdayıq. Bizim torpağımız işğal olunub. Əgər Fransa Qarabağ üçün öz müqəddəratını təyinetmə istə­yirsə, qoy onlar, demək olar ki, sakin­lərinin yarısı ermənilərdən ibarət olan Marsel şəhərini onlara versinlər... qoy onlara müstəqillik versinlər. Qoy Korsi­kaya müstəqillik versinlər, qoy basklara müstəqillik versinlər. Niyə onlar bizdən Dağlıq Qarabağ üçün müstəqillik tələb edirlər? Onların bunu bizdən tələb et­məyə nə haqqı var? Onlar bu ittihamla­rı dayandırmalıdırlar”.

Dövlət başçımız Laçın rayonunun işğaldan azad olunması münasibətilə 2020-ci ilin dekabrın 1-də xalqa müra­ciəti zamanı Fransanın ermənipərəst mövqeyinə bir daha toxunub: “İndi məsələ həll olunandan sonra görün nələr baş verir? Fransa Senatı qət­namə qəbul edir ki, Qarabağ tanınsın. Sizin onlardan xoşunuz gəlirsə, mən müharibə dövründə demişdim, verin Marsel şəhərini, onun adını dəyişdi­rin, onlara orada ikinci dövlət yaradın. Amma bizim işimizə heç kim qarışa bil­məz”.

Bəli, bizim işimizə heç kim qarışa bilməz. Fransa hakimiyyətinin Parisdə illərdir bitmək bilməyən “sarı jiletlilər”in etiraz aksiyalarına, pensiya yaşının ar­tırılmasına vətəndaşların kəskin müqa­vimətinə, ərazisindəki etnik azlıqların problemlərinə diqqət yetirməsi daha faydalıdır.

İlyas Hüseynov,
politoloq

– Fransalı nazirin Azərbayca­na qarşı həqiqətə uyğun olmayan fikirlər səsləndirməsi ilk dəfə deyil. O, beynəlxalq hüquqa açıq-aşkar hörmətsizlik edir. Nəzərə almaq lazımdır ki, Qarabağda azərbay­canlılara qarşı etnik təmizləmə siyasəti həyata keçirilib. Azərbay­can isə beynəlxalq hüquqa uyğun olaraq, Laçın yolunda təhlükəsiz­liyin təmin olunması üçün sərhəd nəzarət-buraxılış məntəqəsi ya­radıb. Belə olan təqdirdə Fran­sanın Azərbaycana diplomatik hücumları yolverilməzdir. Eyni zamanda, Parisin bu cür yanlış, təhrikçi və təxribatçı bəyanatları beynəlxalq ictimaiyyəti çaşdırır, onlarda səhv mövqe formalaş­dırır. Sonra isə Fransanın böyük təsiri altında olan ölkələr, xüsusilə Benilüks ölkələri (Belçika, Nider­land, Lüksemburq) Azərbaycana qarşı bu yanlış siyasəti davam etdirirlər.

Ketrin Kolonnanın açıq ermə­nipərəst mövqeyi regional sülhə zərbə vurur və təhlükəsizlik mühi­tini sarsıdır. Nəzərə almaq lazım­dır ki, hazırda Bakı ilə İrəvan ara­sında ABŞ-da effektiv danışıqlar aparılıb. Danışıqlardan sonra bu cür mövqe nümayiş etdirilməsi həm də sülh prosesini kökündən sarsıdır.

Səxavət HƏMİD, “Xalq qəzeti”



Siyasət