Ermənistan hakimiyyətinin ağızucu “Nemezis” üzrxahlığı

post-img

Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsində türklərə qarşı düşmənçiliyi əks etdirən, XX əsrin əvvəllərində türk diplomatların, eləcə də azərbaycanlı siyasilərin qətllərinin həyata keçirilməsi əməliyyatı olan “Nemezis”ə abidə qoyulmasını yanlış addım adlandırıb. Bu barədə o, “Azadlıq” radiostansiyasına müsahibəsində bildirib. Erməni baş nazirin sözlərinə görə, bu abidənin ucaldılması ilə bağlı qərar hökumət deyil, yerli idarəçilik orqanı tərəfindən verilib. 

Maraqlıdır ki, Paşinyan yaranmış durumu demokratiya ilə əlaqələndi­rib. Daha doğrusu, vəziyyəti demok­ratiyanın gətirdiyi xoşagəlməzlik kimi əsaslandırıb. Arqumenti isə bu olub ki, guya, demokratiya şəraitində hökumət başçısı hamını nəzarətdə saxlaya bil­mir: “Bəli, bu, bizim komandadır. Bu hadisə emossional, bir çoxlarının bə­zilərini “satqın” adlandırdıqları və gül­lələnmə ilə hədələdikləri fonda baş ve­rib. Dərin problemlər var...”

Paşinyanın demokratiya ilə ifrat li­beralizmi və anarxizmi qarışıq salma­sı onun dünyagörüşündəki qısırlığın məhsuludur, belə yanaşma özlüyündə absurddur. Yəni, demokratiya üçün özbaşınalıq amili yoxdur. Əksinə, qa­nunun aliliyi və dövlət strukturlarının fəaliyyətinin mütəhərrikliyi, bir-biri ilə koordinasiya olunmuş şəkildə işləmə­si var. Əgər, həqiqətən də, erməni baş nazirin “Nemezis” abidəsinin qoyulma­sından xəbəri olmayıbsa, bu, anarxik durumdan, özbaşınalıqdan, saymaz­yanalıqdan başqa bir şey deyil. 

Bəli, Paşinyan “dərin problemlər var” deməkdə haqlıdır. Həqiqətən, Er­mənistan cəmiyyətində olduqca dərin problemlər var. Cəmiyyət xəstəlikdən qurtula bilmir. İki əsrə yaxın müddətdə özünü türklərə qarşı nifrət ritorikasına kökləmiş, düşmən axtarışı ilə varlığını sürdürməkdə olan, XX əsrin sonlarına doğru əldə etdiyi dövlətçiliyi də qonşu­larına münasibətdə qəzəb və hiddət motivləri üzərində inkişaf etdirən top­lumun durumu ağırdır. Elə Ermənistan hakimiyyətinin bugünkü acınacaqlı du­rumu, həm də qeyd etdiyimiz, yumşaq desək, xoşagəlməz tendensiyanın bir­başa təsiridir. 

Söhbət demokratiyadan düşmüş­kən, qeyd edək ki, Paşinyan 2018-ci ildə hakimiyyətə gələndən sonra, məhz demokratiyanı erməni qəzəb və hiddə­tinin tərənnümü üçün alətə çevirmişdi. “Qarabağ Ermənistandır” bəyanatını verən indi “Nemezis” abidəsini qoyan­lar deyildi, baş nazirin özü idi. Yəni, Nikol demokratik seçki ilə hakimiyyətə gəlməsinə, ən əsası isə xunta rejimini devirməyin dünyada qazandırdığı nü­fuza güvənərək, ənənəvi erməni qəzə­bini işə salmışdı. Beynəlxalq hüququn norma və prinsiplərinə meydan oxu­muşdu. Başqa sözlə desək, Paşinyan demokratiyası da azərbaycanlılara və türklərə münasibətdə nifrətə, qəsbkar­lığa köklənmişdi. 44 günlük müharibə­dəki acınacaqlı məğlubiyyət həm də bu düşüncənin böyük cəzasına çevril­di. Savaşdakı rüsvayçılığın nəticəsidir ki, hazırda Nikol erməni cəmiyyətində­ki dərin problemlərin mövcudluğuna diqqət yetirməkdədir. Deməli, “mühari­bə terapeyası” olmalıymış...

Bəli, nifrət və qəzəb Ermənistanın müasir dövlətçiliyinin, necə deyərlər, başqaxıncına çevrilməkdədir. Bu gün Paşinyan öz ölkəsində abidənin qo­yulmasına “səhv addım” deyirsə, bu, eyni zamanda, üzrxahlıqdır. Lakin üz­rxahlıq açıq şəkildə deyilməlidir. Özünə hörmət edən dövlət bu günə düşməz. Ancaq söhbət Ermənistandan gedirsə, belə bir aqibət məntiqi və qanunauy­ğundur. 

Ermənistanın Türkiyədə səfərdə olan parlament sədri Alen Simonya­nın “Nemezis”lə bağlı söylədikləri də diqqət çəkməkdədir. Doğrudur, Si­monyan Paşinyan kimi “dərin problem­lərdən” danışıb konspoloji fəlsəfə ilə əlaqədar eyham vuracaq qədər siyasi romantik olmağı bacarmır. O bildirir ki, “Nemezis” abidəsini Ermənistanın xarici siyasətinin təzahürü kimi qiymət­ləndirmək lazım deyil. “Çox təəssüf ki, abidənin ucaldılması Türkiyədə böyük reaksiya doğurdu. Mən bunu türkiyəli həmkarımla müzakirə etdim. “Neme­zis” abidəsinin qoyulmasına dair qərar yerli idarəçilik orqanı tərəfindən verilib. Bu qərarı Ermənistanın xarici siyasət kursu və qeyri-dost davranışı olaraq qəbul etmək lazım deyil. Ermənistanın xarici siyasətini baş nazir, xarici işlər naziri müəyyənləşdirir və siz hamınız bu səviyyədə görülmüş işlərə şahidsi­niz”, – deyə Simonyan vurğulayıb. 

Erməni spikerin fikirlərində bir məqam da var. O bildirir ki, münasibət­lərin pisləşməsini istəyəndə çox səbəb tapmaq mümkündür. “Mən özüm də çox səbəb tapa bilərdim ki, Türkiyəyə gəlməyim. Amma mən türk cəmiyyə­tinə Ermənistanın heç bir şərt qoyma­dan sülhə və münasibətlərin normal­laşmasına hazır olduğunu bildirmək üçün Türkiyədəyəm. Başa düşmək lazımdır ki, yol asan olmayacaqdır. Ancaq irəliyə doğru getmək lazımdır. Ümid edirəm ki, türkiyəli tərəfdaşları­mız da irəliyə doğru gedəcəklər və biz tarixi şansdan istifadə edərək, özümüz və regionumuz üçün yeni səhifə aça­cağıq”, –deyə A.Simonyan vurğulayıb. 

Təbii ki, Simonyanın da bəzi fikirləri ilə razılaşmaq mümkündür. O anlamda ki, həqiqətən Türkiyə-Ermənistan mü­nasibətlərinin normallaşması baxımın­dan tarixi şans yaranıb. Ancaq erməni spikerin də söylədiyi kimi, bu şans həm də region üçündür. O region üçün ki, orada Azərbaycan da var. Nəinki var, həm də kifayət qədər ciddi aktordur. Ermənistan Türkiyə ilə düşmənçilik səhifəsinin qapadılması ritorikasından çıxış edirsə və bu baxımdan “Neme­zis” vəhşiliyinin XXI əsrdəki ləkəsini öz üzərindən silib atmaq istəyirsə, gərək, tam səmimi olsun. Elə Türkiyəyə mü­nasibətdə də səmimi davranmalıdır. Yəni, Simonyan deməməlidir ki, Tür­kiyəyə gəlməmək üçün səbəblər tapa bilərdi. O, belə bir səbəbin ola biləcəyi­ni, ümumiyyətlə, ağlından keçirməmə­lidir. Həm də ona görə ki, indiki dövrdə Türkiyə və Azərbaycan Ermənistanın xilasıdır. Ankara və Bakı ilə münasi­bətlərin normallaşmaması isə İrəvan üçün iflasdır. Bu, açıq tekstlə bildiril­məlidir. 

Bu gün Türkiyə Azərbaycandır, Azərbaycan isə Türkiyə. Təsadüfi deyil ki, “Nemezis” abidəsinə ölkəmizin Xa­rici İşlər Nazirliyi də reaksiya vermiş, heykəlin ucaldılmasını qəti şəkildə pis­ləmişdi. Regional münasibətlərdə də ölkələrimiz eyni mövqedən çıxış edir­lər. Yəni, indiki durumda Ermənistanın Türkiyəni ayrıca tutmağı və mövcud is­tiqamətdə yanaşmalar irəli sürməyi, Si­monyanın şəxsində ikitərəfli əlaqələrin inkişaf perspektivlərinə yönələn səmi­miyyət zəngülələri vurması mənasız­dır. Nəzərə alaq ki, Türkiyə-Ermənistan sərhədlərinin illərdir bağlı qalmasının səbəbi Azərbaycan torpaqlarının işğalı idi. 

Digər tərəfdən, hazırda Ermənis­tandan Türkiyəyə gerçəkləşdirilən səfərlər olduğu kimi, eyni iradə Azər­baycanla bağlı da ortaya qoyulmalı­dır. Prezident İlham Əliyevin bildirdiyi kimi, vasitəçilərsiz, təkbətək danışıq­lara üstünlük verməlidirlər və əsrlərdir “Nemezis” və törətdikləri bu qeyri-in­sani davranışlara görə Cənubi Qafqaz regionunda itirdikləri inam və etimadı bərpa etmək barədə ciddi şəkildə dü­şünməlidirlər. Əlbəttə, bu anlamda da Simonyan haqlıdır ki, yol asan olmaya­caq. Ancaq Ermənistan yolun gedilməli olduğunu tam şəkildə anlamalıdır. 

Bəli, bu gün paşinyanlar, simonyan­lar və özlərini mütərəqqiliyə kökləmiş başqa “yanlar” erməni cəmiyyətini “Ne­mezis” və digər ona bənzər xəstəliklər­dən qorumaq üçün ciddi səy göstərmə­lidirlər. Son dərəcə səmimi olmalıdırlar. Elə erməni xalqına münasibətdə də səmimi olmalıdırlar. Xalqın qarşısı­na çıxıb tam açıq şəkildə düşmənçilik səhifəsinin tarixə gömüldüyünü bəyan etməlidirlər. Hələlik isə biz bu səmi­miyyətin real elementlərini görmürük. Gördüyümüz fürsətcillikdir ki, bu da xəstə erməni xislətinin təzahürüdür. Ermənistan hakimiyyəti isə özündə cə­sarət tapıb ilk növbədə bu mərəzdən qurtulmalıdır. 

 

Ə.RÜSTƏMOV, “Xalq qəzeti”

Siyasət