Dünən AZƏRTAC-ın kollektivi şəhid iş yoldaşları Məhərrəm İbrahimovun doğum gününü yenidən onsuz qeyd etdilər.
Anım mərasimində bildirildi ki, Məhərrəm doğulduğu Göyçənin Ardanış kəndindən cəmi 50 kilometr məsafədə yerləşən Kəlbəcər rayonunun Susuzluq kəndində şəhidlik zirvəsinə ucaldı. 2021-ci il iyunun 4-də çəkiliş qrupunun olduğu nəqliyyat vasitəsinin hərəkət olan yolda tank əleyhinə minaya düşməsi nəticəsində AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov, AZTV-nin operatoru Sirac Abışov və Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısının Susuzluq kənd inzibati dairəsi üzrə nümayəndəsinin müavini Arif Əliyev həlak oldular.
Məhərrəm İbrahimov AZƏRTAC-da müxbir kimi əmək fəaliyyətinə 22 yaşında başlamış, 17 il agentlikdə çalışmışdı. Azərbaycan Ordusunun və hüquq-mühafizə orqanlarının fəaliyyəti, eləcə də ən qaynar nöqtələrdən xəbərlər hazırlanmaq ona həvalə olunmuşdu. O, bu çətin işin öhdəsindən bacarıqla gəlirdi.
O, daim qaynar nöqtələrə üz tutur, hadisələrin mərkəzində olmağa can atırdı. Sorağı Ağdam, Füzuli, Xocavənd, Cəbrayıl, Zəngilan, Qubadlı və işğaldan azad edilmiş digər bölgələrdən gəlirdi. Cəbhə müxbiri kimi üzərinə düşən işi vicdanla, məsuliyyətlə və ürəklə yerinə yetirirdi. Dəfələrlə AZƏRTAC-da ilin ən yaxşı əməkdaşı adına layiq görülmüşdü. Eləcə də “Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi”, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən “Hərbi vətənpərvərlik tərbiyəsində xidmətlərə görə” medalları ilə təltif olunmuşdu.
T.RÜSTƏMLİ, “Xalq qəzeti”


 
                                 
                                                                 
                                                                .jpeg) 
                                                                 
                                                                 
                                                                 
                                                                 
                                                                .jpg) 
                                                                 
                                                                 
                                 
                                 
             
                                     
                                     
                                     
                                    