İdman siyasətdən uzaqdır. Bu tezis dillər əzbəridir. Amma belə görünür ki, ermənilər bunun əksini düşünürlər. Belə olmasa idi, Ermənistan təhsil, elm, mədəniyyət və idman nazirliyi “Formula 1 Qran-Prisi 2023” təşkilatçılarına “120 min erməninin blokadada qalmasına” münasibət göstərməyə çağırmazdı. Əslində, təəccübləndirici hadisə baş vermədi. Ermənilər Azərbaycanın hər sahədə yüksəlişini həzm edə bilmədiklərinə görə, fürsət düşən kimi, belə anormal çağırışlar edirlər. Amma həmişə olduğu kimi, bu dəfə də ermənilərin arzuları ürəklərində qaldı. Siyasəti idmandan uzaq tutan “Formula 1 Qran-Prisi 2023” təşkilatçıları daha üç il Azərbaycanda qalıb “kral yarışı” həvəskarlarını sevindirməyə qərar verdilər.
Formula 1 “kral yarışı”, “böyük sirk”, “avtoidmanın ali zirvəsi” də adlandırılır. Onun bir çox adı var, lakin həmin adların arxasındakı mahiyyət həmişə eynidir. Bu, Formula 1-in dünyanın ən prestijli yarış seriyası və əksər yarış sürücülərinin karyerasının zirvəsi hesab edilməsi ilə bağlıdır. Azərbaycan da 2016-cı ildən bu möhtəşəm yarışın keçirildiyi məkana çevrilib. Artıq yeddi ildir ki, dünyanın hər yerindən minlərlə azarkeş öz sevimli komandalarını və pilotlarını izləmək və dəstəkləmək üçün Bakıya gəlirlər. Sürətin həyəcana qarışdığı bir mühitdə pilotların şüşə kimi hamar asfaltda şütümələri hamıda böyük maraqla qarşılanır. Şərqlə Qərb üslübunu özünəməxsus şəkildə sintez edən Bakının gözəllikləri fonunda da “kral yarışları”nın yüksək səviyyədə keçirilməsi artıq xoş ənənəyə çevrilib.
27–30 aprel tarixlərində də bütün dünyanın idman nəbzi Bakıda döyündü. Yarım milyard auditoriyaya malik Formula 1-in Bakıda keçirilməsi ölkəmizin beynəlxalq idman arenasında əldə etdiyi uğurları bir daha əks etdirdi, Azərbaycanın idman dövləti olduğunu təsdiqlədi. Bütün bunlar, təbii ki, Azərbaycanın dünyada getdikcə artan nüfuzu, siyasi və iqtisadi sahədə böyük uğurları ilə bağlıdır. Üç gün ərzində beynəlxalq idman ictimaiyyəti müstəqillik yolu ilə uğurla gedən Azərbaycanı bir daha tanıdı. Qədim tarixə, zəngin mədəniyyətə, milli-mənəvi dəyərlərə, canlı idman ənənələrinə malik ölkəmizin qüdrətli potensialı bir daha dünyaya nümayiş etdirildi. Onun dinamik inkişafının nümunəsi olan Azərbaycanda istənilən məqsədin, niyyətin necə uğurla həyata keçirildiyinin şahidi oldu.
Amma bütün bu uğurlar Ermənistanı qıçıqlandırır. Hayların indiyədək Azərbaycanın evsahibliyi etdiyi yarışlara belə yaxın düşmək şansı olmayıb. Əksinə, ermənilər fürsət düşən kimi, Azərbaycana qara yaxmağa çalışıblar. Hələ Birinci Avropa Oyunlarının keçirildiyi ərəfədə erməni lobbisinin sifarişi ilə Azərbaycana qarşı beynəlxalq mediada aparılan “qara piar”ı unutmamışıq. Amma bütün qara yaxmalara, aparılan böhtan kampaniyalarına baxmayaraq, Azərbaycan qitəmiqyaslı, bütün dünyanın maraqla izlədiyi möhtəşəm tədbirləri yüksək səviyyədə keçirməyə müvəffəq oldu. Təsadüfi deyil ki, son illər Azərbaycan Birinci Avropa Oyunlarından başqa, Dünya Şahmat Olimpiadası, 17 yaşadək futbolçular arasında Avropa çempionatı, bədii gimnastika üzrə Dünya Kuboku, Formula 1 kimi beynəlxalq yarışlara uğurla ev sahibliyi edib. “Odlar yurdu” artıq dünyada idman gücü kimi tanınır.
Ermənilər isə uzun yalvarışlardan sonra ağır atletika üzrə Avropa çempionatına evsahibliyi etmək şansı qazandılar. Amma onu da Azərbaycan bayrağını yandırmaqla idman tarixində görünməmiş barbarlığa imza atdılar. Bütün bunlar azmış kimi, ermənilər Formula 1-in təşkilatçılarına müraciət ediblər. Ermənistan təhsil, elm, mədəniyyət və idman nazirliyi Formula 1 Avropa Qran-Prisi 2023 turnirinin təşkilatçılarına və beynəlxalq idman yarışlarına müraciət edərək, “Azərbaycan hakimiyyətinin Dağlıq Qarabağda apardığı etnik təmizləmə siyasəti” ilə bağlı etiraz notası verməyə çağırıb. Ermənilər burada da səs-küy salaraq, “etnik təmizləmə” mahnısını yenidən dilə gətiriblər. Halbuki 30 il ərzində azərbaycanlılara qarşı soyqırımı, etnik təmizləmə siyasətini məhz haylar aparıblar.
Əlbəttə ki, ermənilərin nağıllarına qulaq asan yoxdur. Formula 1 kimi yarışların təşkilatçıları da idman prinsiplərini rəhbər tuturlar. Həmin prinsiplər arasında da ədalətli mübarizə, şəffaf şərait və bərabər imkanlar yer alıb. “Etnik təmizləmə” və ya “120 min erməninin blokadada qalması” kimi sərsəmləmələr “kral yarışları”nın kodeksində yoxdur.
S.ELAY, “Xalq qəzeti”

