Paytaxt Bakı yeddinci dəfə nüfuzlu Formula 1 Azərbaycan Qran-Prisinə yüksək səviyyədə evsahibliyi etdi. Formula 1 tarixində təqvimin ən dramatik yarışı kimi xatırlanan, qısa müddətdə azarkeşlərin ən sevimli yarışına çevrilərək dünyanın hər yerindən minlərlə ziyarətçini özünə cəlb edən Bakı yürüşü bu dəfə də yaddaşlarda unudulmaz iz qoydu. Bu dəfə də yürüş iştirakçıları və tamaşaçılar toqquşmalarla dolu gərgin trek mübarizələrinə, ən sürətli şəhər trasında yaşanan həyəcan dolu anlara, yarış liderlərinin qəzalarına – mövsümün sürprizlərlə dolu Bakı yarışına şahidlik etdilər.
Formula 1 Azərbaycan Qran-Prisinin üçüncü günü – əsas yarış gününə Formula 2 üzrə sprint yarışı ilə start verilib. Əvvəlki yarışlar kimi, bu yürüşdə də gərgin mübarizə gedib. “Hitech”dən İsak Hacar uzun müddət lider olsa da, bunu sonadək davam etdirə bilməyib. “PHM Racing” pilotu Bred Benavides isə qəza nəticəsində təhlükəsizlik maneəsinə çırpıldığı üçün yarışı dayandırıb. “Prema Racing”in pilotu Oliver Bearman isə əzmkarlığı nəticəsində 29 dövrənin tamamında hamıdan güclü olduğunu təsdiqləyib. “Rodin Carlin”dən Enzo Fittipaldi ikinci, “Art Grand Prix”in sürücüsü Teo Purşer üçüncü yeri tutublar. Onlar sıralama turunda da müvafiq yerlərdə qərarlaşmışdılar.
Formula 2-nin əsas sprint yarışından sonra Azərbaycan Avtomobil Federasiyasının təşkilatçılığı ilə klassik avtomobillərin yürüşü təşkil edilib. Bir dövrədən ibarət olan yürüşdə müxtəlif illərə aid 30-a yaxın klassik avtomobil nümayiş etdirilib. Klassik avtomobillər yürüşü izləmək üçün gələn azarkeşlərin böyük marağına səbəb olub.
Sonra Qran-Prinin açılış mərasimi keçirilib.
Açılış mərasimində Azərbaycan Respublikasının Dövlət Himnini “Eurovision-2018” müsabiqəsində Azərbaycanı təmsil edən Aysel Məmmədova səsləndirib.
Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışı başlayıb.
Formula 1 yarışında hər biri iki pilotdan ibarət 10 komanda mübarizə aparıb. Pilotlar 2 saat ərzində Bakı şəhər trekində 51 dövrə vurublar. Sürət ustaları arasında gedən gərgin rəqabət zamanı bolidində problemlər yarandığı üçün “Alpha Tauri” komandasının pilotu Nik de Vris mübarizəni dayandırıb. “Alfa Romeo”nun pilotu Cou Quanju da bolidindəki texniki problemlərə görə yarışdan kənar qalıb.
Beləliklə, hamıdan güclü olduğunu sübut edən “Red Bull Racing” komandasının pilotu Serxio Peres Bakı Formula 1 üzrə dünya çempionatının dördüncü mərhələsi – Azərbaycan Qran-Prisinin qalibi olub. Onun komanda yoldaşı Maks Ferstappen ikinci, “Ferrari”nin sürücüsü Şarl Lakler isə üçüncü pillələrdə yer alıblar.
Bununla da Serxio Peres ikinci dəfə Formula 1 Azərbaycan Qran-Prisinin qalibi olub. Meksikalı pilot cari mövsüm və Bakı şəhər halqasında ikinci, karyerasında isə altıncı qələbəsini qazanıb. Azərbaycan Qran-Prisi tarixində ilk dəfə bir pilot iki dəfə podiumun ən yüksək pilləsinə qalxıb. Belə ki, S.Peres 2021-ci ildə Bakı mərhələsində birinci olub. Bu, Serxio Peresin cari mövsüm ikinci uğurudur. O, Səudiyyə Ərəbistanı Qran-prisində də birinci olub.
Yarışdan sonra fikirlərini bölüşən Serxio Peres çətin keçən yürüşdə Maks Ferstappenin təzyiqinə dözdüyünü bildirib: “Bakıda iki qələbə? Əslində, iki yarım. Təhlükəsizlik maşını çıxanda liderliyi ələ keçirə bildik. Bu gün ikimiz də yaxşı sürət yığdıq, hətta bir-iki dəfə divara toxunduq. M.Ferstappen mənə həqiqətən də çətin anlar yaşatdı. Ancaq hər şeyi nəzarətdə saxlamağı bacardım”.
Sonra Formula 1 Azərbaycan Qran-Prisinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. Əvvəlcə qalib idmançının və komandanın şərəfinə müvafiq olaraq Meksika və Avstriyanın dövlət himnləri səsləndirilib. İlk üç yerin sahiblərinə mükafatlar təqdim edilib.
Beləliklə, nüfuzlu Formula 1-in “Gözlənilməzə hazır ol” şüarı ilə keçirilən Bakı yarışı əvvəlki illərdə olduğu kimi, bu dəfə də sürət həvəskarlarına yüksək rəqabət, gərgin mübarizələrlə zəngin olan yürüş bəxş etdi. Bakı trasında keçirilən yarışdan danışarkən istər pilotlar, istərsə də azarkeşlər ilk növbədə sürəti qeyd edirlər. Elə doğma trekimizdə Serxio Peresin ikinci dəfə qalib olmasına münasibət bildirən “Red Bull Racing” komandasının rəhbəri Kristian Horner də Peresin həlledici məqamda sürətli olmasını xüsusi vurğulayır: “S.Peres həmişə Bakı şəhər halqasında möhtəşəm çıxış edir. Düzü bunun hansı səbəbdən qaynaqlandığını bilmirəm. O, Azərbaycan Qran-Prisində uğurlu mübarizəsi ilə yadda qalır. O, bu gün çox sürətli idi. Rəqibləri arasında vaxt fərqini artırmağı bacarmışdı. Həqiqətən o, Azərbaycan Qran-Prisində inanılmaz idi”.
Qeyd edək ki, “Aston Martin” komandasının pilotu Fernando Alonso cari mövsüm ilk dəfədir ilk üçlükdə yer almayıb. Belə ki, pilot Bəhreyn, Səudiyyə Ərəbistanı və Avstraliya Qran-prilərində üçüncü yeri tutub. Hazırda aktivində 60 xal olan F.Alonso pilotların sıralamasındda üçüncü pillədə yer alıb.
“Red Bull Racing” komandasının pilotu Maks Ferstappen Formula 1 Azərbaycan Qran-Prisində ikinci olsa da, pilotların sıralamasında liderliyini davam etdirir. Niderlandlı pilotun aktivində 93 xal var və sıralamada birincidir. Serxio Peres isə 87 xalla ikinci pillədə yer alıb. İlk üçlüyü “Aston Martin”in ispaniyalı sürücüsü Fernando Alonso tamamlayıb. Formula 1-in Bakı mərhələsində üçüncü olan “Ferrari”nin pilotu Şarl Lekler xallarının sayını 28-ə çatdırıb və altıncı yerə yüksəlib.
Konstruktorlar kubokuna isə 180 xalla “Red Bull Racing” komandası rəhbərlik edir. “Aston Martin” 87 xalla ikinci, “Mercedes” isə 76 xalla üçüncü pillədə qərarlaşıblar.
Xatırladaq ki, Azərbaycanda Formula 1 yarışları 2016-cı ildən keçirilir. Avropa Qran-Prisi adlandırılan ilk yarışda “Mercedes” komandasının pilotu Niko Rosberq birinci yeri tutub. Növbəti ildən Azərbaycan Qran-Prisi adını alan yarışlarda Daniel Rikkardo (“Red Bull Racing” – 2017), Luis Hamilton (“Mercedes” – 2018), Valtteri Bottas (“Mercedes” – 2019), Serxio Peres (“Red Bull Racing” – 2021), Maks Ferastappen (Red Bull Racing” – 2022) qalib adına layiq görülüblər. Koronavirus pandemiyası səbəbindən 2020-ci ildə Formula 1 Azərbaycan Qran-Prisi keçirilməyib.
Leyla QURBANOVA, “Xalq qəzeti”




