1977-ci ilin iyul ayında gənc şair Nüsrət Kəsəmənli Göyçənin Toxluca kəndində bir neçə günlük qonaq olmuşdu. Onu Toxluca kəndinə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinin tələbəsi Şəmşəd Bayramov dəvət etmişdi.
O zaman yay tətili olduğundan kənd ziyalılarının çoxu toxlucada idi. İlk gündən N.Kəsəmənli ilə görüş bizə xoş təsir bağışladı. Danışığı, səmimiyyəti, mehribanlığı onunla söhbətimizi daha da şirinləşdirirdi. Nüsrət müəllim kənddən gedəndən sonra Toxlucaya, sakinlərinə olan məhəbbətini, kəndin qəhrəmanlıq tarixini “Toxluca” şeirində bədiiləşdirməklə əbədiləşdirdi. Onun bu mənzuməsində Toxlucanın təbii mənzərəsi, qəhrəmanlıq tarixi , aşıq havalarının mayalarına hopduğunu poetik dillə tərənnüm edilmişdir.
Xatırladım ki, 1918–1920-ci illərdə Toxluca kəndindən qovulanlar Ermənistanda sovet hakimiyyətinin qurulmasından istifadə edərək 1922-ci ildə öz doğma yurdlarına qayıda bilmişdilər. Lakin Ermənistan dövlətinin azərbaycanlılara qarşı yeritdiyi ayrı-seçkilik siyasəti XX əsrin 30–80-ci illərində də davam etmiş, soydaşlarımız fiziki və mədəni soyqırımına məruz qalmışlar. Bu da azərbaycanlıların yaşadığı kəndlərin, o cümlədən Toxlucanın sosial-mədəni inkişafına həmişə çox pis təsir göstərmiş, azərbaycanlı sakinlərin konstitusiya hüquqları nəzərə alınmamış, tapdalanmışdır.
Çəmbərək (Krasnoselo) rayonundakı azərbaycanlılar 1988-ci ilin mart–dekabr aylarında ermənilərin mühasirəsi şəraitində yaşamışlar. İrəvanla, eləcə də Ermənistanın digər şəhərləri ilə əlaqə saxlamaq nəinki çətin idi, hətta əlaqə saxlamaq, gedib gəlmək mümkün deyildi. Rayonda hadisələrin ən zirvə nöqtəsi 1988-ci ilin noyabrın 24-də oldu. O gün Krasnoselo RPK-nın XXXI konfransı keçirilirdi. Toxluca kənd orta məktəbinin direktoru olduğum üçün həmin konfransda mən də iştirak edirdim. Bütün hadisələr gözlərimin önündə baş verirdi.
1988-ci il 24 noyabr səhər saat 10:00-da başlanan konfrans 25 noyabr səhər saat 4:00-da yekunlaşdı. 18 saat davam edən bu konfrans qarşısına bir məqsəd qoymuşdu: azərbaycanlıları mütləq rayondan qovmaq. Konfransda iştirak edən Ermənistan KP MK-nın təbliğat-təşviqat şöbəsinin müdiri Asatryan tribunadan açıq-aşkar bəyan etdi: “Ermənistan ermənilərindir. Burada yalnız ermənilər yaşamalıdır. DQMV-ni Ermənistana birləşdirmək isə xalqımızın əsas məqsədidir”.
Bu konfransdan sonra 1988-ci ilin noyabr ayının 25-dən silahlı erməni quldurları azərbaycanlı kəndlərinə hücumlara başladılar. Rayondakı azərbaycanlılar, həmçinin Toxluca kəndinin sakinləri var-dövlətini, ev-eşiyini, mal-qarasını atıb dan üzü saat 3-də qışın şaxtalı, qarlı-boranlı günündə dağlardan, dərələrdən keçib Azərbaycana gəldilər. Beləliklə, Toxluca kəndinin sakinləri də digər Qərbi azərbaycanlılar kimi, tarixi-etnik torpaqlarından deportasıya olundular.
Həyatdan vaxtsız getmiş gözəllik şairi Nüsrət Kəsəmənlinin təqdim etdiyim şeiri bizə Toxlucalı günlərimizi xatırlatdığından kənd ziyalılarının dilinin əzbəridir.
İbrahim BAYRAMOV,
ADPU-nun şöbə müdiri, professor
Toxluca
O dağlarda bir kənd qaldı, ulu bir kənd – Toxluca,
Qarşı dağlar ola bilməz bir bəstəboy oğluca...
Gündoğana baxar onun xana-xana evləri,
Bir-birinə qısılıbdır ana-bala evləri.
Bahar vaxtı lalələnər, batar qana evləri,
Çəmənləri mavi dəsmal, bulaqları ballıca,
O dağlarda bir kənd qaldı, ulu bir kənd – Toxluca.
Qocaları bir qayadır, illər ötüb yel kimi,
Qönçə-qönçə uşaqları bahar öpmüş gül kimi,
O dağların başı üstə düyümlənib əl kimi...
Sal qayalar ovxarlanıb, dönüb yalın qılınca,
O dağlarda bir kənd qaldı, ulu bir kənd – Toxluca.
O dağların sinəsində Göyçək elim var mənim,
Göy gölümün əkiztayı Göyçə gölüm var mənim,
Ləpələrin nəğməsində “Göyçəgülü”m var mənim.
Nəğmələri elə sığmaz, söz-söhbəti bolluca,
O dağlarda bir kənd qaldı, ulu bir kənd – Toxluca,
Qarşı dağlar ola bilməz bir bəstəboy oğluca...
Nüsrət Kəsəmənli
Çəmbərək, 1977