“Bu gün biz Göyçə gölünü binoklsuz görürük”

post-img

Mənim Qərbi Azərbaycanda, konkret desək, Göyçə mahalı, Çəmbərək rayonunun Çaykənd kəndində doğulub-böyüdüyümü bilən dostlarım və iş yoldaşlarım, təxminən, on il qabaq demişdilər ki, Prezident bizim Göyçəyə də qayıdacağımızı dedi. Özü də əminliklə. 

Sonra öyrəndim ki, dövlət başçı­mız həmin fikirləri Nazirlər Kabinetinin 2013-cü ilin doqquz ayının sosial-iqti­sadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasda deyibmiş. Həmin çıxış verilmiş qəzetlər­dən birinini hələ də saxlayıram. Orada yazılırdı ki, azərbaycanlılar nəinki işğal edilmiş torpaqlarda, bütün tarixi torpaq­larında yaşamalıdırlar. Bu, bizim suve­ren hüququmuzdur. Soydaşlarımız nəin­ki Dağlıq Qarabağdan, tarixi torpağımız olan İrəvandan, Zəngəzurdan, Göyçədən də zorla çıxarılıbdır, deportasiya edilibdir, 1940-1950-ci illərdə, ondan sonra 1980-ci illərdə: “Bu, böyük ədalətsizlikdir. Biz o torpaqlara da qayıdacağıq, mütləq qa­yıdacağıq. Gənc nəsil o arzularla, o fikir­lərlə yaşamalıdır. Vaxt gələcək biz orada da yaşayacağıq. Ümumiyyətlə, xalqımıza məxsus olan bütün tarixi torpaqlarımızda azərbaycanlılar yaşayacaqlar, yaşama­lıdırlar. Bunu etmək üçün biz indidən öz siyasətimizi aparırıq”.

Əlbəttə, yaşlı adamların ata-baba yurdlarına qayıtmaq, heç olmazsa, ora­ları görüb sonra dünyasını dəyişmək ar­zusu həmişə olub və indi də çox böyük­dür. Ətrafımdakı yaşlı adamlardan bu arzunu hər gün eşidirəm. Mən isə etiraf edim ki, nə zamansa həmin torpaqlara qayıdacağımıza o qədər də inanmırdım. Üstəlik, vaxt ötdükcə olan-qalan ümi­dim də yavaş-yavaş itirdi. Ancaq cənab Prezidentin həm 2013-cü ildə verdiyi hə­min proqnozdan, həm də ötən ilin son günlərində səsləndirdiyi qətiyyətdən son­ra mən – nisbətən cavan göyçəli, bəlkə də, qocaman yerlilərimdən də çox həmin günü arzulayıram. 

Cənab Prezident ötən il dekabrın 24-də Qərbi Azərbaycan İcmasının in­zibati binasında yaradılan şəraitlə tanış olandan sonra Azərbaycanın həmin əra­zilərində doğulub böyümüş bir qrup ziyalı ilə görüşündə də biz göyçəlilərin yurdu görməyə olan ümidini birə beş qat artır­dı. Dövlət başçımız dedi ki, biz sentyabr­da Azərbaycan – Ermənistan sərhədində məcburən hərbi əməliyyat keçirməli ol­duq. Bu hərbi əməliyyat nəticəsində bizim tarixi şəhərlərimiz bu gün artıq gözümü­zün önündədir. 

Həmin çıxışdakı bir cümlə məni ruhən, xəyalən Göyçəyə apardı: “Bu gün biz ar­tıq Bala Göyçənin sahilindəyik. Bu gün biz Göyçə gölünü binoklsuz görürük. Birinci­si, hesab edirəm ki, bu, ədalətlidir. İkincisi, sentyabr toqquşmaları bizi gələcəkdə bö­yük problemlərdən sığortalayacaq. Çünki Ermənistanda revanşist qüvvələr baş qal­dırır, – istər iqtidarda, istər müxalifətdə, – faktiki olaraq bizim üçün fərqi yoxdur. Çünki Ermənistanda cəmiyyətin şüuru çox zəhərlənib”.

Bəli, olduqca yerində deyilmiş fikirlər­dir. Mən ermənilərin beyninin zəhərləndi­yini indiyədək çox görmüşdüm. Üstəlik, otuz illik işğal dövründə Azərbaycana aid bütün tarixi-mədəni abidələrin darma­dağın edilməsi zamanı da həmin zəhərli təxəyyülün şahidi olduq. Onlar Azərbay­can əsgəri ilə üz-üzə döyüşlərdə uduzan­da gecə vaxtı, yatmış şəhərlərimizi raket atəşinə tutanda da beyin xəstəliyindən əziyyət çəkdiklərini gizlədə bilməmiş­dilər. İndi isə ölkə rəhbərliyi ilə kilsə ara­sında barışmaz mübarizə gedir. Bu isə o deməkdir ki, xaricdən göndərilən zəhərin dozası çox olub və ona görə də katolikos dini rəhbərin funksiyasını unudaraq, xalqı da, dövləti də müharibəyə çağırır. 

Hələ iki-üç il qabaq Rusiyada yaşayan bir erməni demişdi ki, bizim üç düşməni­miz var: Azərbaycan, Türkiyə və katoli­kos. Ancaq onun dediyindən fərqli olaraq, həm biz, həm də Türkiyə Ermənistana qarşı heç bir düşmənçilik etmək istəmirik. Bunu hamı başa düşür. Xalqın beynini zəhərləyən katolikosdan başqa. 

Hər halda, mən artıq Göyçəni yenə də görmək arzusu ilə yaşayıram və buna inanıram. Bu inamımı gücləndirən başqa bir faktı da yada salmaq istəyirəm. Belə ki, 44 günlük İkinci Qarabağ müharibəsi bitəndən sonra bəzi bədxahlarımız deyir­dilər ki, ermənilər bundan sonra Azərbay­can ərazisindəki Rusiya sülhməramlıla­rının xidmətindən bəhrələnəcək, onların köməyi ilə istədiklərini edəcəklər. Sonra nə oldu? 

Sonra müzəffər Ali Baş Komanda­nımız Rusiya sülhməramlılarının və bü­tün dünyanın gözü qarşısında Laçın –Xankəndi yolunda nəzarət-buraxılış məntəqəsinin qurulmasına nail oldu. Yəni heç kəsin inanmadıqlarını reallığa çevirdi. Mən tam səmimiyyətlə inanıram ki, bizim Göyçəyə qayıdacağımız günün reallığa çevrilməsi də uzaqda deyil. 

Anar ALLAHVERDİYEV,
Çəmbərək rayonunun Çaykənd kəndindən qaçqın, iqtisadçı

Sosial həyat