Formula 1 həyəcanı davam edir

post-img

Planetin ən güclü pilotlarının şəhər trekləri arasında sürətdə tayı-bərabəri olmayan Bakı trasında gərgin mübarizəsi başlayıb. Formula 1 üzrə dünya çempionatının dördüncü mərhələsi – Azərbaycan Qran-Prisinə Formula 2 yarışı üzrə sərbəst yürüşlə start verilib. 

Yarışda 11 komanda birincilik uğ­runda mübarizə aparıb. Hər komanda­nı iki pilot təmsil edib. 45 dəqiqə davam edən sərbəst yürüşdə “Preme Racing” komandasının pilotu Oliver Berman birinci olub. “Hitech”in üzvü İsak Hajar yarışı ikinci, “Campos Racing”dən Kuş Maini üçüncü yeri tutublar. 

Yarış “Dams” komandasının üzvü Artur Lekler üçün uğursuz olub. 23 yaşlı sürücünün maşını ikinci döngənin çıxışında fırlanandan sonra dayanıb.

Sonra Formula 1 pilotlarının sər­bəst yürüşü başlayıb. Hər biri iki pilo­tdan ibarət 10 komanda 6 kilometrlik Bakı şəhər halqasında mübarizə apa­rıb. Bir saat davam edən mübarizədə ən yaxşı nəticəni "Red Bull"dan Maks Ferstappen göstərib. "Ferrari"dən Şarl Lekler ikinci, Ferstappenin komanda yoldaşı Serxio Peres üçüncü yeri tutub. 

Bu yarışda “Alpine” komandasının pilotu Pyer Qasli sonacan mübarizə apara bilməyib. Pilotun bolidi yana­raq alışdığı üçün yürüşü dayandırmaq məcburiyyətində qalıb. “Haas” ko­mandasının pilotu Kevin Maqnussen də sərbəst yürüşdə mübarizəni erkən başa vurub. O, maşınında yanacaq sistemində təzyiqin artması nəticəsin­də yürüşə davam edə bilməyib.

“Red Bull” komandasının rəhbə­ri Kristian Horner sərbəst yürüşdən sonra Bakı trekində təəccübləndirəcək çox şeyin olduğunu deyib. Sessiyanın yaxşı keçdiyini qeyd edən komanda rəhbəri bildirib ki, prioritet bazar gün keçiriləcək yarışda maksimum xal top­lamaqdır. 

“Mövsüm yeni başladığı üçün xal ehtiyatını artırmaq vacibdir. Pilotlarımız bir-biri ilə yarışa bilərlər. Yetər ki, bunu təmiz mübarizə ilə etsinlər”, – deyə o əlavə edib.

Formula 2 yarışlarının sıralanma turu da gərgin mübarizə şəraitində ke­çib. Burada pilotlar qəzasız ötüşməyib­lər. Belə ki, “PHM Racing”in sürücüsü Bred Benavidesin bolidi birinci döngə­də təhlükəsizlik maneəsinə çırpılıb və yararsız hala düşüb. 30 dəqiqə davam edən yürüşdə “Preme Racing” ko­mandasının pilotu Oliver Berman qa­lib olub. “Rodin Carlin” komandasının üzvü Enzo Fittipaldi yarışı ikinci, “ART Grand Prix”in pilotu Teo Purşer üçüncü pillədə başa vurublar.

Günün sonunda Formula 1 pilotları sıralanma turunda güclərini nümayiş etdirirblər. Niderlandlı sürücü sıralama turunda qəza törədib. Belə ki, “Alpha Tauri” komandasının pilotu Nik de Vri­sun bolidi təhlükəsizlik səddinə çırpılıb və yararsız hala gəlib.

Yarışı “Ferrari”nin pilotu Şarl Lekler qalib kimi başa vurub. “Red Bull Racin­g”in üzvləri Maks Ferstappen və Serxio Peres ilk üçlüyü tamamlayıblar. 

Beləliklə, Azərbaycan Qran-Prisinin start düzülüşü bəlli olub.

Bu gün Formula 1 üzrə sprint yarış­larının təsnifat və əsas, Formula 2 üzrə isə sprint yarışı keçiriləcək. Sonuncu gün – sabah isə Formula 1 Azərbaycan Qran-Prisi, həmçinin Formula 2 üzrə ikinci yürüş keçiriləcək.

Qeyd edək ki, Bakı treki 51 dövrə­dən ibarət olub, ümumilikdə 306,049 kilometr məsafəni əhatə edir. Pay­taxtımızda Formula 1 yarışı Avropa Qran-prisi adı ilə ilk dəfə 2016-cı ildə keçirilib. Sonrakı altı turnir Azərbaycan Qran-Prisi adlanıb. İlk yarışda almani­yalı pilot Niko Rozberq qalib adına la­yiq görülüb. Sonrakı yarışlarda Daniel Rikkardo (Avstraliya), Lyuis Hamilton (Böyük Britaniya), Valtteri Bottas (Fin­landiya), Serxio Peres (Meksika) və Maks Ferstappen (Niderland) birinci yeri tutublar. 

Hazırda “Red Bull”un niderlandlı sürücüsü Maks Ferstappen 132 xalla liderlik edir. Onun komanda yoldaşı meksikalı Serxio Peres 116, “Aston Martin”in ispaniyalı pilotu Fernando Alonso 85 xalla sonrakı pillələrdə qə­rarlaşıblar. 

“Red Bull” 123 xalla Konstruktor­lar kubokunda birinci yerdədir. “Aston Martin” 65 xalla ikinci, “Mercedes” 56 xalla üçüncü yeri tuturlar. 

 

Leyla SABİRQIZI, “Xalq qəzeti”





İdman