Vedili günlərin göynərtisi...

post-img

Bu yaxınlarda bir nəfərin əlində “Köçmə bileti” gördüm, maraqlandım. 8872 nömrəli həmin üzüqara biletin sahibi ilə yaxından tanış oldum. Qılınc Mamarza oğlu Mahmudovla həmsöhbət oldum. Bileti alıb vərəqlədim, içərisindəki yazını oxudum. Bilet Azərbaycan SSR Nazirlər Soveti Yanındakı Köçürmə İdarəsi tərəfindən 26 sentyabr 1951-ci ildə verilmişdir. 

Həmin sənədin tərtib olunmasında er­məni millətçilərinin kələyi açıq hiss olunur. Bilet, güya, könüllü köçənlərə verilirmiş. Riyakarlıqla yazılıb: “Saxta köçmə bileti düzəltmək, yaxud bileti başqasına ver­mək qanunla cəzalandırılır”. Guya, öz yur­dundan köçmək üçün hətta saxta sənəd düzəltməyə hazır olanlar o qədər çox imiş ki, bunun qarşısını almaq üçün belə bir xə­bərdarlıq da vacib olub (?). Buradan aydın olur ki, ermənilər fənd işlədərək azərbay­canlıları öz tarixi köklərindən qoparmağa nail ola biliblər. 

Qılınc Mahmudov o illəri xatırlayıb dərindən bir ah çəkdi. Elə bil, yarasının qaysağını qopartdılar. Gözlərini mənə zilləyib yanıqlı-yanıqlı dedi:

Dərdi məndə 

Dərd nəfəs dərdi məndə.

Heç yanda axtarmayın,

Axtarın dərdi məndə.

Müsahibim sözünə davam etdi:

– Aşıq Ələsgər demiş, “Təpəsində xəstə üçün qar olan, çeşməsində abi-hə­yat car olan” dağlarımız, gen dərələrimiz, allı-güllü yaylaqlarımız, suyu diş göynədən buz bulaqlarımız, zümrüd yamaclarımız, çiçəkli çəmənlərimiz, suyunda çimdiyimiz Goraban çayı, gəncliyimizi keçirdiyimiz, uşaqlığımızı itirdiyimiz, indi həsrətini çək­diyim o yerlər apaydın yadıma düşdü. 

Bir də o yerlərə yolum düşsəydi.

Sərin çeşmələrdən öpəydim, Lələ.

Alma çiçəyini şirin yemliyə,

Qatıb gözlərimə təpəydim, Lələ.

Vətən həsrəti, yurd yanğısı, torpaq harayı içimi göynədir. Zaman-zaman sön­məyəcək bu yanğım. Üz-üzə, göz-gözə dayanan “Lələ köçüb yurdu qalan” dağ­larımızın əl-ətəyini gözləyən qar çiçəkləri məsum körpə kimi yollara boylana-boyla­na qalıblar indi.

Qılınc Mahmudovu onun həmdər­di kimi yaxşı anlayıram. Mənfur erməni millətçilərinin və onlara havadarlıq edən dövlətlərin illərlə apardıqları iblisanə si­yasətin ağrı-acısını ürəyimizdə çəkmişik, nadan gərdişin sacında cız-bız kimi qov­rulmuşuq. Dərdimiz içimizdə pas atıb, sə­simiz boğulub, hayımızı eşidən olmayıb. Ata-babalarımızın dadına çata bilməmişik.

Etnik təmizləmə və azərbaycanlılarsız Ermənistan dövləti yaratmaq erməni daş­naklarının şirin arzuları olub həmişə. Onlar bu işə hələ X əsrdən başlayıblar. Ermənilər zaman-zaman azərbaycanlıların qoltuğuna qısılıb. “Özümə yer eləyim, gör sənə ney­ləyərəm” məkri ilə içərimizdə yerləşiblər. Sonra da açıq mübarizə başlayıblar.

Müsahibim özünü belə tanıtdı:

– Mən Vedidə doğulmuşam, şair! Da­ğını, dərəsini, yamacını, çölünü, çəmənini qarış-qarış gəzmişəm o yurdun. Rəhmət­lik Fərman Kərimzadə ilə bir sinifdə oxu­muşam. Vedi böyük rayondur. Tarix boyu müharibə meydanlarına çevrilib. XVII əsrdə Şah Abbasın Osmanlı sultanları ilə apardığı müharibələr vaxtı Aran boyu əhali köçürülüb. Xalqın yadında qalan ən dəhşətli köçürmə 1919-cu ildə olub. Beş daşnak generalı ilə ikiillik döyüşlərdən sonra Abbasqulu bəy Şadlinski cəbhəni yararaq eli sağ-salamat Cənubi Azərbay­cana aparıb.

Qılınc Mahmudov dedi ki, Abbasqulu bəy camaatı tamam kənddən çıxarandan sonra Ağdağın sinəsində bir təpənin üs­tündə “obası köçüb yurdu qalan” doğma kəndə həsrətlə baxıb. Deyilənə görə, Ab­basqulu bəy bu yanıqlı bayatını o zaman çağırıb:

Vedinin yanı dağlar,

Ürəyi canı dağlar,

Burda bir el var idi,

Siz deyin hanı dağlar?

Dərd ortağım sonra bildirdi ki, el qəh­rəmanı 1921-ci ildə yenidən geriyə qayta­rıb camaatı:

– Həmin il Vedidə keçirilən iclasın pro­tokolu Yerevan Dövlət Arxivində saxlanılır. İclasa sədr Ağamirzə Mahmudbəyov və katib Əlihüseyn Kələşov olublar. Kəndin ümumi yığıncağı bu yerlərin Azərbaycan torpağı olduğunu qeyd edərək Azərbay­can SSR ərazisinə daxil olmaq arzusunu bildiriblər. O vaxt protokol saxtalaşdırılıb. Əhalinin arzusu ilə hesablaşmayıblar. Sonralar əhalinin bir hissəsini zorla Qa­zaxıstana və Qırğızıstana sürgün ediblər. Müharibə başlayanda bu iş dayandırılmış­dı. Müharibədən sonra 1947-ci ildə mək­təbdə müəllimlərimizdən tez-tez eşidirdik: “Ermənistanda yaşayan azərbaycanlıları Azərbaycana köçürmək istəyirlər”.

Xatirimdədir, 1951-ci il sentyabr ayın­da camaatı yığdılar, iclas elədilər və azər­baycanlıların Azərbaycana köçürülməsi ilə Sov.İKP MK və Nazirlər Sovetinin 23 dekabr 1947-ci il və 10 mart 1948-ci il tarixli qərarlarını oxudular. Köçürmə ko­missiyasının nümayəndələri çıxış edərək bildirdilər ki, bu iş “könüllü” olsa da əzəl-axır dövlətin qərarı ilə yerinə yetiriləcək. Beləliklə, 1951-ci ilin sentyabr ayından köç başlandı. Bizim kəndi Beyləqana köçürdülər. Şahsevənli kəndində bizi ay­rı-ayrı ailələrə, evlərə paylaşdırdılar. O dövrdə heç oralarda da vəziyyət yaxşı de­yildi. Kənd əhalisi çox kasıb dolanırdı. Ata­lar məsəli var: “Acda nə var ki, yalavaca da verə”. Elə ailə vardı uşağına gündəlik çörək tapmırdı. Ölən öldü, qalan qaldı...

Qılınc qardaş sonda bildirdi ki, 1959-cu ildən Sumqayıtda yaşayır. 38 il boru yayma zavodunda çalışıb. Fəhlə, usta, baş usta, növbə rəisi, sahə rəisi və rəis müavini vəzifələrində işləyib. Xatirəsi­ni isə belə tamamladı:

– Düzdür, sonralar Vediyə qayıdan­lar oldular. Lakin onlar dərdlərinin üstünə dərd qoyub geri döndülər. Demə, erməni quldurları kəndləri, qəbirstanlıqları düz­ləyiblər. Bəli, əsrin əvvəlindən başlanan bu köç karvanı 1988-ci ilin dekabrın 8-də mənzil başına çatdı. Ermənilər azərbay­canlılarsız Ermənistan yarada bildilər. Millətin başına gələn bu faciəni isə başsız rəhbərlərimiz başa düşmədilər.

Nə yaxşı ki, ümummilli lider Heydər Əliyev bu tarixi faciəni dünya ictimaiyyə­tinə çatdırmaq üçün qeyrət və cəsarət göstərdi. Onun Prezident kimi 18 dekabr 1997-ci ildə “1948-53-cü illərdə azərbay­canlıların Ermənistan SSR ərazisindəki tarixi etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında” fərmanı illərlə ürəyimizdə qalan, tərpətdikcə qövr ey­ləyən dərdlərimizi rəsmiləşdirməklə gizlə­dilmiş xəyanəti dünyaya bəyan etdi. 

 

Əvəz Mahmud LƏLƏDAĞ,
şair-publisist



Sosial həyat