Qərbi azərbaycanlılar Çalxanqalaya necə gəlmişlər?

post-img

Kəngərli rayonunun Çalxanqala kəndi diyarın tarixi yaşayış məskənlərindəndir. Dərələyəz silsiləsində, dağətəyi zonada yerləşən kəndin adı yaxınlıqdakı Çalxan dağının üzərindəki dördkünc formalı abidə-qaladan götürülüb. Kənddə məskunlaşmış sakinlərin də, demək olar ki, hamısı Dərələyəz mahalının Naxçıvanla həmsərhəd olan yaşayış məntəqələrindən bura pənah gətirənlərdir. Hazırda isə onların sayı 2163 nəfər təşkil edir. 

Bu məlumatları kənd bələdiyyəsinin sədri Şahzadə Vəliyev deyir. Dərələyəz mahalının Paşalı rayonundan olan Və­liyevlər ailəsi də 1988-ci ilin sonlarında Naxçıvana köçməyə məcbur olublar. Şahzadə Vəliyev bildirir ki, Paşalı ra­yonu 1931-ci ildə yaradılıb, 1956-cı ilə qədər Əzizbəyov rayonu adlandırılıb. 1991-ci ildən isə ermənilər adını dəyiş­dirərək Vayk rayonu qoyublar. Həmçinin rayonun Köçbəy, Leyliqaçan, Axta, Ko­tanlı, Herher, Səfolar, Bulaqlar, Gömur, Gabud, İtqıran, Zeytə və digər kəndləri olmaqla, ümumilikdə 34 kəndi 1989-cu ilə qədər tamamilə azərbaycanlıların yaşadıqları kəndlər olub. Həmsöhbətim qeyd edir ki, onlar Gabud kəndindən bura köçüblər. Mərhum general-ley­tenant Firudin Nəbiyev, şair Surxay Şahquliyev, yazıçı-jurnalist, kimya üzrə fəlsəfə doktoru Nazir Əhmədli məhz bu kəndin yetirmələridir. 

Gabud da qədim kəndlərdən olub. Adı “qayalıqda keçən yol”, “daşlıq” mə­nasındadır. Tarixçilər kəndin əsasının X əsrdə qoyuldugunu bildirirlər. Ermə­ni mənbələrində kəndin adı “Gyabut”, “Gyabud” formalarında verilir. O vaxt kənddə səkkizillik məktəb fəaliyyət göstərib. Kənd 1918-ci ildə də deporta­siyaya məruz qalıb. Ermənistanda so­vet hakimiyyəti qurulandan sonra əhali yenidən ora qayıdıb. Amma bu qayıdış da çox çəkməyib. Tam 70 ildən sonra – 1988-ci ildə burada yaşayan azər­baycanlılar yenidən kəndi tərk etməyə məcbur olublar. Statistikaya görə, hə­min ilədək kənddə 500-ə yaxın sakin yaşayıb. Ancaq həm birinci, həm də ikinci deportasiya dövrlərində kənddən köçənlər Azərbaycanın bir çox bölgələ­rinə, o cümlədən Naxçıvana, Şəkiyə, Şamaxıya, Bakıya və digərlərinə pənah aparmalı olublar.

Kənddə görüşüb söhbətləşdiyimiz insanlardan biri də Əbülfəz Həşimov­dur. Əbülfəz müəllim hazırda Çalxanqa­la kənd tam orta məktəbində fizika fənnini tədris edir. 62 yaşı var. Onlar da bura Dərələyəz mahalından – Ye­geqnadzor rayonunun Agkənd kəndin­dən köçüblər. Bu rayon da 1931-ci ildə yaradılıb, 1935-ci ilə qədər Keşişkənd, həmin tarixdən 1957-ci ilə qədər Mi­koyan, ondan sonra isə Yeğeqnadzor rayonu adlandırılıb. Paşalı kimi Keşiş­kəndin əhalisi də ötən əsrin əvvəllərin­də daşnakların hücumuna məruz qalıb. Hətta 1918-ci ilin yazında bu hücum­lardan yaxa qurtarmaq üçün dinc əhali Vedibasar özünümüdafiə dəstələrinin komandanı Abbasqulu bəy Şadlinskinin mühafizəsi ilə müvəqqəti olaraq oradan çıxarılıblar, sonradan həmin əhali yeni­dən öz yurdlarına qayıdıb. 

Sovet dövründə isə buradakı Azər­baycan kəndlərini erməniləşdirmək üçün mənfur qonşularımız əllərindən gələni ediblər. Nəticədə 1920-ci ildə rayon ərazisində 66 azərbaycanlı kən­di olduğu halda, 1988-ci ildə bu rəqəm 7-yə endirilib: Ələyəz, Aysəsi, Qovu­şuq, Qabaxlı, Gülüdüzü, Qaraqaya, Qoturvan. Ümumilkdə isə elə həmin il Qalasər, Əmağu, Sallı, Hors, Ağkənd, Civə, Aysəsi, Qovuşuq, Qabaxlı, Gü­lüdüzü, Qaraqaya, Qoturvan, Ələyəz kəndlərində yaşayan bütün azərbay­canlılar oradan çıxarılıb. 

Əbülfəz müəllim deyir ki, onlar Ağkənddə yaşayırdılar. Digər azər­baycanlı kəndlərində olduğu kimi, bu kənddə də səkkizillik məktəb fəaliyyət göstərirdi. Əhali əsasən əkinçilik və heyvandarlıqla məşğul olurdu. Başqa bir fəaliyyət sahəsi yox idi. Bir məsələ də var idi ki, ermənilər heç vaxt azər­baycanlıların yuxarı bir vəzifəyə irəli çə­kilməsinə imkan vermirdilər. Məsələn, öz kəndimizdə və digər qonşu kənd­lərdə tanıdığımız çox sayda insanlar var idi ki, Bakıda, Moskvada, o zaman Leninqradda müxtəlif sahələrdə ali təh­sil alıb qayıtsalar da, onlar ən yaxşı halda kənd məktəbində müəllim işləyə bilərdilər. Yəni bütün bunları ermənilər düşünülmüş bir siyasət olaraq həyata keçirirdilər. Məqsəd təbii ki, azərbay­canlıların indiki Ermənistan ərazisində yaşamaması idi. 

Naxçıvana necə köçdüklərini dilə gə­tirən Əbülfəz Həşimov deyir ki, bu işdə naxçıvanlıların bizə çox köməyi dəydi. Köçümüzü gətirmək üçün buradan xeyli sayda yük maşınları da gəlmişdi. Ancaq bir neçə yataq dəsti və geyimlərimi­zi götürə bildik. Digər əşyalarımızı elə evimizlə birgə orada qoymağa məcbur olduq. 

Şahzadə Vəliyev söhbətə müdaxilə edərək deyir ki, bizim yaşadığımız kəndlərin çoxu Naxçıvana yaxın oldu­ğundan biz əvvəlki illərdə də bura ba­zara, alış-verişə, toya-düyünə gələrdik. Xüsusilə bir xəstəmiz olanda üz tutdu­ğumuz yer yalnız Naxçıvan xəstəxa­naları idi. Bunu həm də güvənc, etibar məqsədi ilə edirdik. Buna görə də bura­da tanıdığımız dost-tanışlar, qohumlar çox idi. Çox vaxt yaylaq yerlərində qo­yun sürülərimizi yanaşı otarardıq. Nax­çıvana köçəndə isə Kükü (Şahbuz ra­yonu) kəndinin camaatı bizə çox kömək etdi. Aramızdaki məsafə çox yaxın idi, cəmi 7-8 kilometr. İlk günlərdə kənd sakinlərinin bir çoxu evlərində bizim ailələrə qalmaq üçün yer də ayırmışdı. Elə Gabuddan köçənlərin bəziləri də sonradan Şahbuzun bir neçə kəndində məskunlaşmalı oldular.

Şahzadə Vəliyev onu da əlavə edir ki, hazırda Çalxanqalada Qərbi Azərbaycanın 20-yə yaxın kəndindən gələnlər var. Həmçinin bizim Dərələyəz mahalından köçənlərdən Şərurda, Şah­buzda, Babəkdə, Naxçıvan şəhərində yaşayanlar az deyil. Burada özümüzə yurd-yuva qursaq da, doğulub boya-ba­şa çatdığın yerlər, uşaqlıq xatirələri insanı bir ömür boyu tərk etmir. Döv­lətimiz burada bizim üçün hər cür şə­rait yaradıb. Daimi işığımız, qazımız, suyumuz var, kəndimizdə bütün lazımi infrastruktur layihələri həyata keçirilib, 2003-cü ildən 2009-cu ilədək kənddə 37 fərdi ev tikilərək sakinlərə verilib, yol­larımız abadlaşdırılıb. Ancaq bununla yanaşı, yurd nisgili qəlbimizdə hələ də qalmaqdadır. İnanırıq ki, biz yenidən öz el-obamıza qayıdacağıq.

Bu fikirlərə Əbülfəz Həşimov da qo­şulur. Deyir ki, Ağkənd onun uşaqlıq və gənclik xatirələrinin ömür yoluna ya­zılan kövrək səhifələridir. Bu səhifələr nə qədər oxunsa da bitən deyil. Böyük ümidlə inanırıq ki, o səhifələri yenidən vərəqləmək imkanımız olacaq.

Qərbi azərbaycanlılarla indiyədək fərqli mövzularda çox görüşüb söhbət­ləşmişəm. Mövzu nə olursa-olsun, söh­bət həmişə də ələnib-fırlanıb o doğma torpaqların üzərində dayanıb. Həmyer­lilərimiz öz dədə-baba yurdlarına sev­gilərini dilə gətirsələr də, ürəklərindəki nisgil hər zaman onları narahat edib – bir daha o yerləri görə bilməmək qorxu­su. Amma şükürlər olsun ki, Vətən mü­haribəsində qazandığımız Qələbədən sonra Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun yaratdığı reallıqlar qəlbimizdə o torpaq­lara qayıtmaq ümidini də xeyli artırıb: “Bizim tarixi torpaqlarımız İrəvan xan­lığıdır, Zəgəzur, Göyçə mahallarıdır… Biz azərbaycanlılar bu tarixi torpaqlara qayıtmalıyıq”. Prezidentin bu bəyana­tı indi yüzminlərlə soydaşımızın illərlə arzuladıqlarının reallığa çevrilməsinə vəsilə olan ümid qığılcımlarıdır. Bu qı­ğılcımların alovlanmasına isə az qalıb. 

 

Səbuhi HƏSƏNOV, 

Naxçıvan

Sosial həyat