Dünən “Gülüstan” sarayında İqtisadiyyat Nazirliyinin dəstəyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının təşkilatçılığı ilə “Heydər Əliyev və Azərbaycanda sahibkarlığın inkişafı” mövzusunda konfrans keçirilib.
Tədbirdə aidiyyəti dövlət qurumlarının rəhbər şəxsləri, sahibkarların ictimai birliklərinin nümayəndələri, eləcə də müxtəlif sahələrdə fəaliyyət göstərən iş adamları iştirak ediblər.
Konfransda çıxış edən Azərbaycan Respublikası Prezidentinin sosial-iqtisadi məsələlər üzrə köməkçisi Xalid Əhədov xalqımızın ümummilli lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi ilə bağlı 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan olunması, bununla əlaqədar ölkəmizdə və xaricdə həyata keçirilən silsilə tədbirlər, ulu öndərin ölkəmizin inkişafı istiqamətində misilsiz xidmətləri barədə fikirlərini bölüşüb, iş adamlarını 25 Aprel Sahibkarlar Günü münasibətilə təbrik edib.
İqtisadiyyat naziri Mikayıl Cabbarov videomüraciətində ölkəmizdə bazar münasibətləri prinsipləri əsasında iqtisadiyyatın, o cümlədən, özəl sektorun formalaşması və inkişafında Ulu Öndərin rolu, bu siyasətin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilməsi barədə danışıb. Qeyd olunub ki, ölkəmizdə biznes və investisiya mühiti davamlı olaraq yaxşılaşır, sahibkarlıq fəaliyyətini tənzimləyən qanunvericilik bazası və dəstək alətləri müasir çağırışlar əsasında təkmilləşdirilir, sahibkar-dövlət münasibətləri inkişaf edir. Qarşıdakı dövrdə də sahibkarlığın inkişafı, biznesin stimullaşdırılması məqsədilə tədbirlər davam etdiriləcək.
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev ümummilli lider Heydər Əliyevin müəllifi olduğu və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən iqtisadi inkişaf strategiyasının sosialyönümlü olduğunu, sahibkarlığın bu strategiyaya uyğun olaraq sosial rifah və məşğulluqda mühüm rol oynadığını vurğulayıb. Nazir Sahil Babayev dövlətimizin başçısının sosial sahəyə xüsusi qayğısı nəticəsində vətəndaş rifahının təminatı istiqamətində atılan addımları, xüsusilə son 5 ildə 4 sosial islahat paketinin icra edilərək sosial ödənişlərdə ciddi artımlara nail olunduğunu diqqətə çatdırıb.
İqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov ulu öndər Heydər Əliyevlə bağlı xatirələrini bölüşüb, ümummilli liderin Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxardığını, qeyri-adi idarəçilik bacarığı və yüksək vətənpərvərliyi sayəsində ölkəmizdə sosial-iqtisadi, elmi-texniki və mədəni sahələrin inkişafına nail olunduğunu bildirib.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Heydər Əliyevin cəmiyyətdə qadınların rolunu yüksək qiymətləndirdiyini, onların müxtəlif fəaliyyət sahələrində ön sıralarda olmasına dəstək göstərdiyini, Azərbaycanda lider və sahibkar qadınların yetişməsinin hazırda bu siyasətin uğurla davam etdirilməsinin nəticəsi olduğunu qeyd edib.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin (KOBİA) sədri Orxan Məmmədov ölkəmizdə KOB-ların iqtisadiyyatda rolunun artırılmasının prioritet istiqamətlərdən olduğunu vurğulayıb, bu sahədə görülən tədbirlər, Agentliyin fəaliyyəti və KOB-lara göstərilən dəstək və xidmətlər barədə məlumat verib.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Möhbalıyev çıxışında sahibkar və işçilər arasında düzgün münasibətlərin qurulması, bunun sahibkarlıq fəaliyyətinə müsbət təsiri barədə danışıb.
Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev dövlət dəstəyinə adekvat cavab verən ölkə sahibkarlarının Azərbaycanın inkişafına və çiçəklənməsinə öz müsbət töhfəsini verdiyini, pandemiya və 44 günlük Vətən müharibəsi zamanı sahibkarların göstərdiyi dəstəyin dövlət-özəl sektor tərəfdaşlığına gözəl nümunə olduğunu qeyd edib, ulu öndər Heydər Əliyevdən başlayaraq bu günə qədər dövlət-sahibkar əməkdaşlığının möhkəmləndirilməsi istiqamətində görülən işlərə dair fikirlərini bölüşüb.
“Azərsun Holdinq”in Müşahidə Şurasının sədri Abdolbari Goozal və Azərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyev ümummilli lider Heydər Əliyevin sahibkarlara verdiyi tapşırıq və tövsiyələr, o cümlədən, 2002-ci ilin aprel və may aylarında sahibkarlarla görüşlərinə dair təəssüratlarını, özəl bölmənin inkişafı istiqamətində həyata keçirilən islahatlar barədə müsbət fikirlərini bölüşüblər.
Tədbirdə ulu öndərin həyat və fəaliyyətinə, Azərbaycanın inkişafı və çiçəklənməsi, o cümlədən, sahibkarlığın inkişafı sahəsində gördüyü işlərə həsr olunmuş “Əbədiyyətin ilk əsri. Heydər Əliyev 100” filmi nümayiş olunub.
Konfransın sonunda Prezident İlham Əliyevə konfrans iştirakçıları adından müraciət qəbul olunub.
Tədbir bədii hissə ilə başa çatıb.
Konfrans çərçivəsində “Gülüstan” sarayının foyesində ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən fotosərgi təşkil olunub.