Aprelin 26-sı Beynəlxalq Əqli Mülkiyyət Günüdür. Bu gün Ümumdünya Əqli Mülkiyyət Təşkilatı (ÜƏMT) tərəfindən 2000-ci ildə təsis edilib.
AZƏRTAC xəbər verir ki, builki Beynəlxalq Əqli Mülkiyyət Günü “Qadınlar və əqli mülkiyyət: İnnovasiya və yaradıcılığın sürətləndirilməsi” mövzusuna həsr edilib. Bu mövzu dünya ictimaiyyətinin diqqətini qadın ixtiraçıların, yaradıcıların və sahibkarların fəaliyyətinə yönəldir.
Qadınlar dünya əhalisinin təqribən yarısını (49,58 faiz) təşkil edir. Bu, özlüyündə istifadə olunmamış istedadlar ehtiyatı deməkdir. Qadınlar dünyanı öz təxəyyülləri, ixtiraları və gərgin zəhmətləri sayəsində formalaşdırsalar da, inkişaf etmək üçün lazım olan bilik, bacarıq, resurs və dəstək qazanmaqda tez-tez ciddi çətinliklərlə qarşılaşırlar. Əqli mülkiyyət sistemindən faydalanan qadınların sayı çox azdır. 2023-cü ilin mart ayında dərc edilmiş ÜƏMT statistikasına görə, 2022-ci ildə beynəlxalq patent müraciətlərində ixtiraçıların yalnız 16,2 faizi qadınlar olub. Onların sayı artsa da, irəliləyiş zəif sürətlə gedir. İqtisadi dayanıqlığın yaradılmasının əsas prioritet olduğu indiki vaxtda innovasiyaları, yaradıcılığı və biznes artımını sürətləndirmək üçün qadınları ƏM sistemi ilə əlaqələndirmək həmişəkindən daha vacibdir. Bu, həm də iqtisadi məna daşıyır.
Beynəlxalq Əqli Mülkiyyət Günü Azərbaycanda da qeyd olunur.
Xatırladaq ki, Prezident İlham Əliyevin “İstehlak bazarına nəzarət, standartlaşdırma, metrologiya və əqli mülkiyyət hüquqları obyektlərinin mühafizəsi sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 2018-ci il 20 aprel tarixli Sərəncamına əsasən Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyinin və Patent və Əmtəə Nişanları Mərkəzinin birləşmə formasında yenidən təşkili yolu ilə Əqli Mülkiyyət Agentliyi yaradılıb. Agentliyin qarşısında duran əsas vəzifələr müəllif və oxşar hüquqların qorunması və təmin edilməsi, rəqəmsal hüquqların idarə edilməsi, kontrafaksiya və piratçılığa qarşı mübarizə ilə yanaşı, sənaye mülkiyyəti obyektlərinin idarə edilməsi və bu idarəçiliyin zamanın tələblərinə uyğun təşkili, patent və əmtəə nişanlarına dair müraciət edən şəxslər üçün dürüstlüyün, açıqlığın və şəffaflığın təmin edilməsidir.
2021-ci ilin aprel ayında dövlətimizin başçısı Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin tabeliyində “Texnologiyaların Kommersiyalaşdırılması və Transferi Mərkəzi”nin yaradılması haqqında Fərman imzalayıb. Mərkəz elm və sənaye arasında bağlantı, qarşılıqlı sifariş və təklif münasibətlərinin yaradılması, ixtiraçılıq fəaliyyətinin keyfiyyətcə artması və tətbiqi xarakter daşıması üçün texnologiyaların transferini və əqli fəaliyyət nəticələrinin kommersiyalaşdırılmasını həyata keçirən, innovativ inkişafın, o cümlədən startap layihələrin dəstəklənməsinə xidmət edən, elmi tədqiqatların nəticələrinin kommersiya və qeyri-kommersiya məqsədilə istifadəsi üçün transferinə, həmçinin bu nəticələrdən gəlir əldə etməyə yönəldilən, müştərilərə texnologiyaların və layihələrin hədəf bazarlarına çıxarılması xidmətlərinin göstərilməsində, bu sahədə fəaliyyətin əlaqələndirilməsində iştirak edən publik hüquqi şəxsdir.
Qeyd edək ki, infrastrukturun təkmilləşdirilməsi və institusional dəyişikliklər sahəsində Əqli Mülkiyyət Agentliyində sənaye mülkiyyəti obyektlərinin qeydiyyatı ilə bağlı iddia sənədlərinin qəbulunun həyata keçirildiyi “Patentlərə, Əmtəə Nişanlarına Açıq Hədəf” (PƏNAH) rəqəmli informasiya sistemi fəaliyyət göstərir. Bu sahədə tətbiq edilən “vahid pəncərə” və “istənilən yerdən xidmətə əlçatanlıq” prinsipi açıqlıq, operativlik və şəffaflığı təmin edib, ixtira və patent fəallığının artmasına müsbət təsir göstərib, həmçinin dövlət xidmətlərinin səviyyəsini yüksəldib.
Avrasiya ölkələri içərisində ilk olaraq ölkəmizdə rəqəmsal üçölçülü (3D) obyektlər üzrə iddia sənədlərinin qəbuluna başlanılıb.
2022-ci ildə Agentliyə ixtira, faydalı model və sənaye nümunəsinin qeydiyyatı ilə bağlı 271 iddia sənədi (keçən illə müqayisədə 83 ədəd çox) daxil olub. Bu artım ixtira fəaliyyətinin stimullaşdırılması nəticəsində baş verib. İxtiralar üzrə ekspertizanın müddəti azaldılaraq ümumi qaydaya görə 12 ay təşkil etdiyi halda orta hesabla 8-9 ay ərzində başa çatdırılıb. 2022-ci ildə əmtəə nişanlarının qeydiyyatı ilə bağlı – 4457 iddia sənədi daxil olub. Bu da 2021-ci illə müqayisədə 1189 ədəd çoxdur.
Əqli mülkiyyət institutunun yeni çağırışlara uyğun dəyişmiş konteksti Agentliyin yalnız xidməti sahə olması, əqli mülkiyyət obyektlərinin ekspertizasının aparılması və qorunma sənədlərinin verilməsi ilə kifayətlənmir, qorunmanın səmərəliliyini nəzərə alan, analitik trendləri ölçən, bazarın rəqabət qabiliyyətinə təsir göstərən və bununla iqtisadi funksiyalar daşıyan, həmçinin qorunan obyektlərin sosial hissəsini təhlil edən struktura və innovasiyaların fəal aktoruna çevrilir.