Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına müvafiq olaraq “Heydər Əliyev İli” çərçivəsində respublikamızda geniş proqramlı tədbirlər həyata keçirilir. Həmin tədbirlərdən biri də Mingəçevir şəhər İcra Hakimiyyəti və Mingəçevir Dövlət Universitetinin təşkilatçılığı ilə universitetin akt zalında keçirildi.
“Heydər Əliyev və Azərbaycanda milli intibah dövrü” mövzusunda elmi-praktik konfransa Milli Məclisin sədrinin birinci müavini Əli Hüseynli, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik Dilqəm Tağıyev, Azərbaycan Dövlət İqtisad Universitetinin professoru, YAP İdarə Heyətinin üzvü Elnur Sadıqov və digər rəsmi şəxslər dəvət olunmuşdular. Konfrans öncəsi iştirakçılar Heydər Əliyev Mərkəzinin önündə ulu öndərin abidəsi qarşısına gül dəstələri qoyaraq ehtiramlarını ifadə etmiş və Mərkəzdə ümummilli liderin anadan olmasının 100 illiyinə həsr edilmiş sərgi ilə tanış olmuşlar.
Konfrans iştirakçıları əvvəlcə torpaqlarımızın azadlığı uğrunda həlak olmuş şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad etmiş, sonra Azərbaycanın Dövlət Himni səsləndirilmişdir. Açılış nitqi ilə Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov çıxış etmişdir. Ulu öndərin hakimiyyətinin birinci və ikinci dövrlərindəki fəaliyyətindən geniş bəhs etdən icra başçısı Azərbaycanın aqrar dövlətdən sürətlə inkişaf edən, intibah dövrü keçirən bir ölkəyə çevirməsini konkret faktlarla şərh etmişdir.
Konfransda ulu öndərin fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunduqdan sonra məruzələr dinlənilmişdir. Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli “Ulu öndər – Milli Müstəqillik uğrunda mübarizənin həqiqi carçısı” mövzusunda, Azərbaycan Mili Elmlər Akademiyasının vitse-prezidenti, akademik Dilqəm Tağıyev “Azərbaycanda elmin və alimin ən böyük himayədarı” mövzusunda, Azərbaycan Dövlət İqtisad Universitetinin professoru, YAP İdarə Heyətinin üzvü Elnur Sadıqov “Ümummilli lider və Azərbaycanın milli iqtisadi inkişaf strategiyası” mövzusunda, Mingəçevir Dövlət Universitetinin rektoru Şahin Bayramov “Heydər Əliyevin milli təhsilimizin inkişafında misilsiz xidmətləri” mövzusunda məruzələrlə çıxış etmişlər.
Məruzələr böyük maraqla qarşılanmışdır.
İlqar HƏSƏNOV,
“Xalq qəzeti”nin bölgə müxbiri