Müstəqil Azərbaycan dövlətinin banisi Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısında xidmətləri misilsizdir. Ölkəmizin məhkəmə-hüquq sisteminin demokratik prinsiplər əsasında bərqərar edilməsi də məhz ulu öndərin adı ilə bağlıdır. Ümummilli liderin Azərbaycana rəhbərliyinin birinci mərhələsindən sonra məhkəmə-hüquq sistemində köklü dəyişikliklər baş vermişdir. Azərbaycan məhkəmə sistemi ciddi nailiyyətlər əldə etmişdir.
Demokratik dövlətdə məhkəmə sistemi
Hüquqi dövlətdə məhkəmə sisteminin səmərəliliyi həmişə çox vacib şərt olub. Ta qədimlərdən dövlətlərin idarə edilməsində məhkəmələrin yeri və rolu ilk sıralarda qərar tutub. Azərbaycan dövlətçilik ənənəsində isə hüquq həmişə aparıcı rol oynayıb. Təsadüfi deyildir ki, qədim dövrlərdən başlayaraq Azərbaycanda yaradılmış hər bir dövlət üçün hüququn üç forması bir-biri ilə qarşılıqlı əlaqədə olub. Onlardan biri hökmdar hüququ, digəri parlament (divan, məclis) hüququ, üçüncüsü isə cəmiyyətin özünütəşkil qaydasını müəyyən edən hüquq normalarıdır. Hüququn (qanunun) aliliyini təmin edən bu hüquqların həyata keçirilməsində məhkəmə sisteminin rolu əvəzedilməzdir.
Azərbaycanda, bir qayda olaraq, çoxpilləli məhkəmə sistemi mövcud olmuşdur. Hər bir pillədə məhkəmələrin müstəqilliyi, tərəflərin bərabərliyi və çəkişmə prinsiplərinin elementləri yer almışdır. Hakimlərə qarşı xüsusi tələblərə ayrıca diqqət yetirilmişdir. Eyni zamanda, hakimlərin təminatı daim nəzərə alınmışdır. Bütün bunlar Azərbaycan məhkəmə sistemində zaman-zaman yeniliklərin həyata keçirilməsi, islahatların aparılması fövqündə baş vermişdir.
Bu kontekstdə tədqiqatçılar orta əsrlərdə aparılmış və "Qazan xan islahatları" kimi tanınan hüquqi islahatları xüsusi vurğulayırlar. Həmin islahatlar Azərbaycanda məhkəmələrin müstəqilliyinin daha səmərəli təmin olunmasına xidmət edirdi. XX əsrin əvvəllərində yaranmış Azərbayan Xalq Cümhuriyyətində mütərəqqi məhkəmə islahatlarının aparılması istiqamətində çox mühüm addımlar atılmışdır. Lakin bolşevik işğalı bu işi yarımçıq qoydu.
Məsələnin önəmli tərəfi ondan ibarət idi ki, Azərbaycan Xalq Cümhuriyyəti Rusiya İmperiyasının Azərbaycanda hakimlərin seçilməsi üsulunu deyil, mərkəzdən (yəni Moskvadan) təyin edilməsi qaydasını tətbiq etməsinə son qoymalı idi. Bununla məhkəmə sistemi, bütövlükdə, demokratik, müstəqil və daha ədalətli olmalı idi. Çünki hakim seçilirsə, o daha azad, hüquqa uyğun və ədalətli fəaliyyət göstərə bilir.
Nəhayət, 1923-cü il fevralın 13-də Azərbaycanda Ali Məhkəmə orqanı yaradıldı. Bu, Azərbaycanda məhkəmə sisteminin müasir tələblər səviyyəsində institutlaşmasında mühüm bir addım idi.
Doğrudur, SSRİ tərkibində Azərbaycan kimi, onun məhkəmə sistemi də keşməkeşli yol keçdi. Sirr deyil ki, Kremlin bir sıra hallarda Azərbaycana qarşı qərəzli mövqe tutması, başqa sahələrdə olduğu kimi, məhkəmə sisteminin fəaliyyətində də müəyyən problemlər yaradırdı. Bu neqativ tendensiyaya ulu öndər Heydər Əliyevin 1969-cu ildə Azərbaycana rəhbər seçilməsindən sonra son qoyuldu. Həmin sahə üzrə araşdırma aparan mütəxəssislər vurğulayırlar ki, Azərbaycan məhkəmə sistemi dayanıqlı, məqsədyönlü, ədalətli və hüquqa tam əməl etməklə fəaliyyətini davam etdirdi. Bu səbəbdən, müasir Azərbaycan məhkəmə sistemi ulu öndərin adı ilə bağlıdır.
Bu hadisə XX əsrdə Azərbaycan dövlətçiliyinin, o cümlədən, məhkəmə sisteminin müasir tələblərə uyğun formalaşması baxımından tarixi əhəmiyyət daşıyır. Ümumiyyətlə, dövlətçilikdə başlıca prinsiplərdən biri kimi ədalətli olmağı qəbul edən Heydər Əliyev həmin tələbi konkret tezis formasında məhkəmə sisteminin fəaliyyətinin təməlinə gətirdi. Azərbaycan dövlətçilik ənənəsinin əsas şərtlərindən olan həmin tezis sadə, lakin müdrikcəsinə dərin mənalıdır: "Ədaləti ədalətsizliklə bərpa etmək olmaz!"
Biz bu tezisin fəlsəfi-hüquqi anlamı üzərində dayanmırıq, çünki çox geniş mövzudur. Yalnız onu vurğulayaq ki, həmin tezis məntiqi olaraq məhkəmə fəaliyyətində iki aspekti önə çəkirdi: birincisi, məhkəmə sistemi istənilən situasiyada və kimliyindən asılı olmayaraq hər bir insana qarşı ədalətli olmalıdır. İkincisi, tarixi vəziyyətin dəyişməsi ilə məhkəmə sistemi daim yeniləşməli, islahatlar aparılmalıdır. Birinci şərt Azərbaycanda dövlətçilik ənənəsinə sadiqliyi ifadə edirsə, ikinci şərt daim yeniləşən dünyada məhkəmənin də müasirləşməsi zərurətini ortaya qoyur.
Müstəqil Azərbaycan dövlət quruculuğu mərhələsində bu məqamların tarixi əhəmiyyəti konkret praktikada özünü qabarıq surətdə göstərməkdədir. Bu prosesin də bünövrəsini Heydər Əliyev qoymuşdur. Ümummilli lider bu prosesin müasir hüququn prinsiplərinə tam uyğun, demokratik dövlət quruculuğu şərtləri daxilində həyata keçirilməsinə birbaşa rəhbərlik etmişdir. 1995-ci ildə yeni Konstitusiyanın qəbul edilməsi vurğuladığımız kontekstdə hüquqi baza rolunu oynadı. Bununla müasir dövlətçilik tariximizdə ilk dəfə olaraq hakimiyyətin bölgü prinsipinin, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunun hüquqi əsaslarının, insan və vətəndaş hüquq və azadlıqlarının etibarlı təminatının əsası qoyuldu.
Heydər Əliyev yeni Konstitusiyanın tarixi əhəmiyyəti barədə 12 noyabr 1995-ci ildə Konstitusiya layihəsini hazırlayan komissiyanın iclasında belə demişdir: "Haqqım var deyəm ki, çox zəhmət çəkmişəm. Hər bir kəlmənin, hər bir sözün mənasını dəfələrlə araşdırmışam, onun bu gün üçün, gələcək üçün nə qədər əsaslı olmasını dəfələrlə təhlil etmişəm. Mən çox rahatlıq hissi ilə bu layihənin altından imza atıram və bu layihəyə görə tam cavabdeh olduğumu bu gün bəyan edirəm. Hesab edirəm ki, biz Azərbaycanın bu günü, gələcəyi üçün çox böyük bir sənəd – siyasi, hüquqi sənəd yaratmışıq".
İslahatlar dərinləşir
Ulu öndər hüquqi islahatları sistemli, ardıcıl formada davam etdirmək üçün bu prosesin institutlaşdırılmasına da güclü təkan verdi. Onun əsas əlaməti 21 fevral 1996-cı ildə xüsusi sərəncamla Hüquqi İslahat Komissiyasının yaradılmasından ibarət oldu. Komissiya peşəkar səviyyədə müasir qanunların və digər hüquqi aktların hazırlanaraq qəbul edilməsi istiqamətində fəaliyyət göstərməyə başladı. Komissiya tərəfindən "Konstitusiya Məhkəməsi haqqında", "Məhkəmələr və hakimlər haqqında" qanunlar hazırlandı. Ölkədə birinci, apelyasiya və kasasiya instansiyalarından ibarət yeni üçpilləli məhkəmə sistemi formalaşdırıldı.
Bu yeniliklər məhkəmə sistemində ciddi dəyişikliklər etdi və mexanizmlərin daha səmərəli işləməsinə imkan yaratdı. Məsələn, 1995–2003-cü illərdə ümummilli lider Heydər Əliyev tərəfindən 32 əfv fərmanı imzalanmışdır ki, bu da 3104 məhkumun azadlığa çıxmasına imkan yaratmışdır. Heydər Əliyevin qanunvericilik təşəbbüsü əsasında Milli Məclis 1996–2003-cü illərdə 8 amnistiya haqqında qanun qəbul etmişdir. Nəticədə həmin müddətdə 20 mindən çox məhkum azadlığa buraxılmışdır. Azərbaycan müxtəlif beynəlxalq konvensiya və sazişlərə qoşulmuş, qanunvericilik, icra və məhkəmə hakimiyyətinin qarşılıqlı fəaliyyətinin təmin edilməsi məqsədi ilə tədbirlər həyata keçirilmişdir.
Prezident İlham Əliyev ulu öndərin bu istiqamətdə müəyyən etdiyi kurs əsasında məhkəmə sistemində islahatları daha da genişləndirmiş və XXI əsr üçün onun konkret istiqamətlərini müəyyən etmişdir. Bu barədə dövlət başçısı Ali Məhkəmənin 100 illiyinə həsr olunmuş beynəlxalq konfransda aşağıdakıları vurğulamışdır: "Məhkəmə hakimiyyətinin müstəqilliyinin möhkəmlənməsi, hüququn aliliyinin təmin edilməsi, məhkəməyə müraciət imkanlarının genişləndirilməsi, ədalət mühakiməsinin səmərəliliyinin və keyfiyyətinin artırılması, yüksək hüquqi biliklərə malik hakim korpusunun yaradılması, məhkəmə fəaliyyətinin yeni informasiya texnologiyalarının tətbiqi yolu ilə təkmilləşdirilməsi bu inkişaf prosesinin mühüm istiqamətləridir".
Əlbəttə, məhkəmə islahatları daimi prosesdir. Dövlət başçısı İlham Əliyev bu fikri belə ifadə etmişdir ki, "bu islahatların əvvəli var, amma sonu yoxdur". Məhz həmin kontekstdə İlham Əliyevin 2019-cu il aprelin 3-də imzaladığı fərmanı tarixi adlandırmaq olar. Bununla Azərbaycanda məhkəmə islahatları müasir çağırışlara uyğun olaraq yeni mərhələyə keçid etmişdir. Həmin sənədin icrası çərçivəsində qısa müddətdə bu sahədə nəhəng işlər görülmüş, institusional tədbirlər çərçivəsində 13 regional məhkəmə, o cümlədən, bölgələrdə ayrıca inzibati və kommersiya məhkəmələri yaradılmış, özəl ekspertiza təsbit olunmuş, mediasiya institutu fəaliyyətə başlamışdır.
İslahatlar daxilində artıq Mülki-Prosessual Məcəlləyə 350-dək dəyişikliklər edilmiş, o cümlədən, sadələşdirilmiş və yazılı icraat genişləndirilmişdir. Məhkəmə proseslərində videokonfrans və elektron icraat tətbiq edilməkdədir. Məhkəmə rüsumlarının diferensiasiyasının tətbiqi də diqqət çəkən faktlardandır.
Azərbaycan Prezidentinin müdrik siyasəti nəticəsində məhkəmə sistemi sahəsində əhəmiyyətli institusional tədbirlər görülmüşdür. Bu kontekstdə məhkəmə hakimiyyətinin müstəqil özünüidarə orqanı olan Məhkəmə-Hüquq Şurası və həmçinin Hakimlərin Seçki Komitəsinin yaradılmasını ayrıca vurğulamaq lazımdır. Hakimliyə namizədlərin ən mütərəqqi və şəffaf seçimi qaydası müəyyən olunmuşdur.
"Elektron məhkəmə" informasiya sisteminin yaradılması da bu bağlılıqda çox önəmli addımdır. Çünki bu fakt, ümumilikdə, elektron hökumətin fəaliyyətinin genişləndirilməsində, kadr seçimi ilə bağlı daha obyektiv və əsaslı qərarların qəbul edilməsində, rəqəmsal idarəetmə çərçivəsində rəqəmsal məhkəmənin formalaşdırılmasında olduqca geniş imkanlar meydana gətirmişdir.
Bu gün tam əminliklə deyə bilərik ki, hələ illər sonra da gələcək nəsillər dahi şəxsiyyət Heydər Əliyevin misilsiz xidməti nəticəsində yaradılmış yeni hüquq sisteminin bəhrəsini görəcək və onun Azərbaycanda demokratik hüquqi dövlət quruculuğu sahəsində əvəzsiz xidmətlərinin şahidi olacaqlar.
Bütün bunların fonunda Azərbaycanda ali məhkəmə orqanının yaradılmasının 100 illiyinin "Heydər Əliyev İli"ndə qeyd olunması təkcə rəmzi məna daşımır. Bu, həm də müstəqil Azərbaycanın demokratik, ədalətli və daim yeniləşən məhkəmə sisteminin qurucusunun ümummilli lider Heydər Əliyev olduğunu faktlarda təsbit edir! Azərbaycan Prezidentinin müdrik rəhbərliyi ilə vurğulanan istiqamətdə yeni böyük uğurlara imza atılacağına əminik.
Rafael EYVAZOV,
Bakı Apelyasiya Məhkəməsinin hakimi, Mülki Kollegiyanın sədri