Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılmasını tələb edən ekofəallarımızın aksiyası ətrafında hayların bulandırdıqları sular durulmaqdadır. Belə ki, aksiyanın başlanması ilə Qarabağda ermənilərin guya böyük humanitar faciə ilə qarşılaşdığını iddia edən düşmən Azərbaycanla humanitar məsələlərin müzakirəsindən imtina etmişdi. İndi isə Rusiya sülhməramlılarının missiyası vasitəsilə Azərbaycan tərəfinə bu məqsədlə görüşün keçirilməsini təklif edib. Hayastan mətbuatında Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ölkəmizlə humanitar məsələlərin müzakirəsinin məhz “qanunsuz blokada”ya görə təxirə salındığını, indi isə görüşün bərpa olunduğunu xüsusi vurğulaması artıq bəzi məqamlardan xəbər verir. Ekofəallarımızın etiraz aksiyasının 123-cü günündə də aksiyanın keçirildiyi ərazinin humanitar məqsədlərlə istifadə olunan avtomobillərin keçidi üçün tam açıq olması dünya gündəmində olub.
Göründüyü kimi, Vətənini göz bəbəyi kimi qorumağa, onun yolunda canından belə keçməyə hazır olan Azərbaycan gənclərinin qəti mübarizəsi düşmənin iradəsinə əməlli təsir edir. Ermənilər artıq başa düşüblər ki, aksiyaçıların haqlı tələblərinin qarşısında aciz durumdadırlar, on illər işğalda olan ərazilərimizdə ağır ekoloji terrorun hesabatını vermək zamanı gəlib çatıb.
“Yaşıl Dünya” Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Elman Cəfərli “Xalq qəzeti”nə müsahibəsində bildirdi ki, hayların cəzasız qalıb bu gün də davam etdirdikləri ekoloji cinayətlərin tam açılıb dünyaya çatdırılması üçün ölkəmizin bütün vətəndaş cəmiyyəti institutları səylərini daha da artırmalıdırlar. Ermənilərin ərazilərimizdə törətdikləri ekoloji fəlakətlə bağlı araşdırmalar davam etdirilməli, xarici dillərdə kütləvi informasiya vasitələrində ciddi kampaniyalar aparılmalıdır.
Müsahibimiz qeyd etdi ki, ərazilərimizin işğalı dövründə nadir ağaclar bitən meşə zonaları məhv olunub, yandırılıb, bərəkətli torpaqlar sıradan çıxıb, bir hissəsi şoranlaşıb. Kəlbəcərdə Zod, Zəngilanda “Vejnəli və Ağdərədə “Qızılbulaq”, “Dəmirçi” mədənləri barbarcasına talan edilib. Erməni caniləri hətta 2020-ci il 10 noyabr üçtərəfli Bəyanatından sonra da ətraf mühitə qarşı vəhşiliklərini davam etdiriblər. Tərk etmək zorunda qaldıqları Azərbaycan ərazilərində – Laçın, Kəlbəcərdə meşə yanğınları törədiblər.
Ermənilər Azərbaycanın su mənbələrinə qarşı da ekosid həyata keçiriblər. İşğal dövründə onların törətdiyi ekoloji cinayətlərdən biri də Oxçuçayın sənaye tullantıları ilə çirklənməsi idi. Çayın ümumi uzunluğunun 40 kilometrlik hissəsi Ermənistan ərazisinə düşür. Burada Ermənistanın bir sıra şəhər və kəndləri, həmçinin iri dağ-mədən sənaye müəssisələri yerləşir. Bunun nəticəsi olaraq, çayın suyu ağır metallar və digər zərərli kimyəvi elementlərlə, məişət tullantıları ilə mütəmadi olaraq çirkləndirilib. Çayın Azərbaycan hissəsindəki yatağında ermənicə yazısı olan xeyli məişət tullantılarına rast gəlinib. Çay daha çox Qafan və Qacaran dağ-mədən sənayesinin tullantıları ilə çirkləndirilir. Ən dəhşətli ekoloji fəlakət yaradan isə dağ-mədən sənaye tullantılarıdır. Bu tullantılar canlı orqanizmlər üçün daha təhlükəli olub, müəyyən vaxtlarda intensivləşir. Son günlər Oxçuçaya axıdılan bu çirkabın təsiri ilə çayda yaşayan canlıların məhv olması müşahidə edilir. Buna görə də çayın suyundan, balığından və ərazidəki meyvələrdən istifadə qadağan edilməlidir.
QHT sədri dedi ki, Oxçuçayın əsas çirklənmə mənbələrindən biri kimi Ermənistan ərazisindəki “Qacaran mis molibden” kombinatının səhmdarı olan Almaniyanın “Cronimet” Holdinq şirkətinə ünvanlanmış müraciət və çağırışlara baxmayaraq, heç bir əməli tədbir görülməyib. Çayın çirklənməsi bu gün də davam edir. Məsələ ilə bağlı Azərbaycan QHT-ləri dəfələrlə dünyanın aparıcı ekoloji qurumlarına müraciət ediblər. Amma, təəssüf ki, bu müraciətlərə adekvat reaksiya yoxdur. E.Cəfərli deyib ki, vətəndaş cəmiyyətlərinin fəalları beynəlxalq təşkilatlara müraciəti genişləndirməli, onların ofisi önündə aksiyalar keçirməlidir.
Çağdaş dövrdə ətraf mühitin, özəlliklə su mənbələrinin çirkləndirilməsi dünyanın diqqət mərkəzində olan məsələdir. Müharibədə qalib gəlmişik, indi diplomatiya, yumşaq gücün tətbiqi mərhələsidir. Biz Hayastanın son 30 ildə törətdiyi və bu gün də davam etdirdiyi ekoloji cinayətləri ifşa etməli, onları dünya birliyinin diqqətinə çatdırmalıyıq. Bunun üçün ekoloji problemlə bağlı araşdırmalar davam etdirilməli, sosial şəbəkələrdə xarici dillərdə kampaniyalar genişlənməlidir. Oxçuçayın çirkləndirilməsi ilə bağlı ingilis, fransız, rus dillərində sənədli filmlər, videoçarxlar çəkilməli və beynəlxalq təşkilatlara göndərilməlidir.
Bütün vətəndaş cəmiyyətlərini ekoloji terrora qarşı mübarizədə daha sıx birləşməyə çağırıram.
Leyla QURBANOVA, “Xalq qəzeti”