Heydər Əliyev və məhkəmə-hüquq sistemində islahatlar

post-img

Müstəqil Azərbaycan dövlətinin banisi Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısında xidmətləri misilsizdir. Ölkəmizin məhkəmə-hüquq sisteminin demokratik prinsiplər əsasında bərqərar edilməsi də məhz ulu öndərin adı ilə bağlıdır. Ümummilli liderin Azərbaycana rəhbərliyinin birinci mərhələsindən sonra məhkəmə-hüquq sistemində köklü dəyişikliklər baş vermişdir. Azərbaycan məhkəmə sistemi ciddi nailiyyətlər əldə etmişdir. 

Demokratik dövlətdə məhkəmə sistemi

Hüquqi dövlətdə məhkəmə siste­minin səmərəliliyi həmişə çox vacib şərt olub. Ta qədimlərdən dövlətlə­rin idarə edilməsində məhkəmələrin yeri və rolu ilk sıralarda qərar tutub. Azərbaycan dövlətçilik ənənəsində isə hüquq həmişə aparıcı rol oynayıb. Təsadüfi deyildir ki, qədim dövrlərdən başlayaraq Azərbaycanda yaradılmış hər bir dövlət üçün hüququn üç for­ması bir-biri ilə qarşılıqlı əlaqədə olub. Onlardan biri hökmdar hüququ, digə­ri parlament (divan, məclis) hüququ, üçüncüsü isə cəmiyyətin özünütəşkil qaydasını müəyyən edən hüquq nor­malarıdır. Hüququn (qanunun) aliliyini təmin edən bu hüquqların həyata ke­çirilməsində məhkəmə sisteminin rolu əvəzedilməzdir.

Azərbaycanda, bir qayda olaraq, çoxpilləli məhkəmə sistemi mövcud olmuşdur. Hər bir pillədə məhkəmələ­rin müstəqilliyi, tərəflərin bərabərliyi və çəkişmə prinsiplərinin elementləri yer almışdır. Hakimlərə qarşı xüsusi tələblərə ayrıca diqqət yetirilmişdir. Eyni zamanda, hakimlərin təminatı daim nəzərə alınmışdır. Bütün bunlar Azərbaycan məhkəmə sistemində za­man-zaman yeniliklərin həyata keçiril­məsi, islahatların aparılması fövqündə baş vermişdir.

Bu kontekstdə tədqiqatçılar orta əsrlərdə aparılmış və "Qazan xan is­lahatları" kimi tanınan hüquqi islahat­ları xüsusi vurğulayırlar. Həmin isla­hatlar Azərbaycanda məhkəmələrin müstəqilliyinin daha səmərəli təmin olunmasına xidmət edirdi. XX əsrin əvvəllərində yaranmış Azərbayan Xalq Cümhuriyyətində mütərəqqi məhkəmə islahatlarının aparılması istiqamətində çox mühüm addımlar atılmışdır. Lakin bolşevik işğalı bu işi yarımçıq qoydu. 

Məsələnin önəmli tərəfi ondan ibarət idi ki, Azərbaycan Xalq Cümhu­riyyəti Rusiya İmperiyasının Azərbay­canda hakimlərin seçilməsi üsulunu deyil, mərkəzdən (yəni Moskvadan) tə­yin edilməsi qaydasını tətbiq etməsinə son qoymalı idi. Bununla məhkəmə sis­temi, bütövlükdə, demokratik, müstəqil və daha ədalətli olmalı idi. Çünki hakim seçilirsə, o daha azad, hüquqa uyğun və ədalətli fəaliyyət göstərə bilir.

Nəhayət, 1923-cü il fevralın 13-də Azərbaycanda Ali Məhkəmə orqanı ya­radıldı. Bu, Azərbaycanda məhkəmə sisteminin müasir tələblər səviyyəsin­də institutlaşmasında mühüm bir ad­dım idi.

Doğrudur, SSRİ tərkibində Azər­baycan kimi, onun məhkəmə sistemi də keşməkeşli yol keçdi. Sirr deyil ki, Kremlin bir sıra hallarda Azərbaycana qarşı qərəzli mövqe tutması, başqa sahələrdə olduğu kimi, məhkəmə sisteminin fəaliyyətində də müəyyən problemlər yaradırdı. Bu neqativ ten­densiyaya ulu öndər Heydər Əliyevin 1969-cu ildə Azərbaycana rəhbər se­çilməsindən sonra son qoyuldu. Həmin sahə üzrə araşdırma aparan mütəxəs­sislər vurğulayırlar ki, Azərbaycan məhkəmə sistemi dayanıqlı, məqsəd­yönlü, ədalətli və hüquqa tam əməl et­məklə fəaliyyətini davam etdirdi. Bu sə­bəbdən, müasir Azərbaycan məhkəmə sistemi ulu öndərin adı ilə bağlıdır.

Bu hadisə XX əsrdə Azərbaycan dövlətçiliyinin, o cümlədən, məhkəmə sisteminin müasir tələblərə uyğun for­malaşması baxımından tarixi əhəmiy­yət daşıyır. Ümumiyyətlə, dövlətçilikdə başlıca prinsiplərdən biri kimi ədalət­li olmağı qəbul edən Heydər Əliyev həmin tələbi konkret tezis formasın­da məhkəmə sisteminin fəaliyyətinin təməlinə gətirdi. Azərbaycan dövlətçi­lik ənənəsinin əsas şərtlərindən olan həmin tezis sadə, lakin müdrikcəsinə dərin mənalıdır: "Ədaləti ədalətsizliklə bərpa etmək olmaz!"

Biz bu tezisin fəlsəfi-hüquqi anlamı üzərində dayanmırıq, çünki çox geniş mövzudur. Yalnız onu vurğulayaq ki, həmin tezis məntiqi olaraq məhkəmə fəaliyyətində iki aspekti önə çəkirdi: bi­rincisi, məhkəmə sistemi istənilən situ­asiyada və kimliyindən asılı olmayaraq hər bir insana qarşı ədalətli olmalıdır. İkincisi, tarixi vəziyyətin dəyişməsi ilə məhkəmə sistemi daim yeniləşmə­li, islahatlar aparılmalıdır. Birinci şərt Azərbaycanda dövlətçilik ənənəsinə sadiqliyi ifadə edirsə, ikinci şərt daim yeniləşən dünyada məhkəmənin də müasirləşməsi zərurətini ortaya qoyur.

Müstəqil Azərbaycan dövlət quru­culuğu mərhələsində bu məqamların tarixi əhəmiyyəti konkret praktikada özünü qabarıq surətdə göstərməkdə­dir. Bu prosesin də bünövrəsini Heydər Əliyev qoymuşdur. Ümummilli lider bu prosesin müasir hüququn prinsiplərinə tam uyğun, demokratik dövlət qurucu­luğu şərtləri daxilində həyata keçirilmə­sinə birbaşa rəhbərlik etmişdir. 1995-ci ildə yeni Konstitusiyanın qəbul edilmə­si vurğuladığımız kontekstdə hüquqi baza rolunu oynadı. Bununla müasir dövlətçilik tariximizdə ilk dəfə olaraq hakimiyyətin bölgü prinsipinin, demok­ratik, hüquqi və dünyəvi dövlət qurucu­luğunun hüquqi əsaslarının, insan və vətəndaş hüquq və azadlıqlarının eti­barlı təminatının əsası qoyuldu.

Heydər Əliyev yeni Konstitusiya­nın tarixi əhəmiyyəti barədə 12 noyabr 1995-ci ildə Konstitusiya layihəsini ha­zırlayan komissiyanın iclasında belə demişdir: "Haqqım var deyəm ki, çox zəhmət çəkmişəm. Hər bir kəlmənin, hər bir sözün mənasını dəfələrlə araş­dırmışam, onun bu gün üçün, gələcək üçün nə qədər əsaslı olmasını dəfələr­lə təhlil etmişəm. Mən çox rahatlıq hissi ilə bu layihənin altından imza atıram və bu layihəyə görə tam cavabdeh oldu­ğumu bu gün bəyan edirəm. Hesab edirəm ki, biz Azərbaycanın bu günü, gələcəyi üçün çox böyük bir sənəd – siyasi, hüquqi sənəd yaratmışıq".

İslahatlar dərinləşir

Ulu öndər hüquqi islahatları sis­temli, ardıcıl formada davam etdirmək üçün bu prosesin institutlaşdırılması­na da güclü təkan verdi. Onun əsas əlaməti 21 fevral 1996-cı ildə xüsusi sərəncamla Hüquqi İslahat Komissi­yasının yaradılmasından ibarət oldu. Komissiya peşəkar səviyyədə müasir qanunların və digər hüquqi aktların ha­zırlanaraq qəbul edilməsi istiqamətində fəaliyyət göstərməyə başladı. Komissi­ya tərəfindən "Konstitusiya Məhkəməsi haqqında", "Məhkəmələr və hakimlər haqqında" qanunlar hazırlandı. Ölkədə birinci, apelyasiya və kasasiya instan­siyalarından ibarət yeni üçpilləli məh­kəmə sistemi formalaşdırıldı.

Bu yeniliklər məhkəmə sistemində ciddi dəyişikliklər etdi və mexanizm­lərin daha səmərəli işləməsinə imkan yaratdı. Məsələn, 1995–2003-cü illər­də ümummilli lider Heydər Əliyev tərə­findən 32 əfv fərmanı imzalanmışdır ki, bu da 3104 məhkumun azadlığa çıxmasına imkan yaratmışdır. Heydər Əliyevin qanunvericilik təşəbbüsü əsa­sında Milli Məclis 1996–2003-cü illər­də 8 amnistiya haqqında qanun qəbul etmişdir. Nəticədə həmin müddətdə 20 mindən çox məhkum azadlığa bu­raxılmışdır. Azərbaycan müxtəlif bey­nəlxalq konvensiya və sazişlərə qoşul­muş, qanunvericilik, icra və məhkəmə hakimiyyətinin qarşılıqlı fəaliyyətinin təmin edilməsi məqsədi ilə tədbirlər həyata keçirilmişdir.

Prezident İlham Əliyev ulu öndərin bu istiqamətdə müəyyən etdiyi kurs əsasında məhkəmə sistemində isla­hatları daha da genişləndirmiş və XXI əsr üçün onun konkret istiqamətlərini müəyyən etmişdir. Bu barədə dövlət başçısı Ali Məhkəmənin 100 illiyinə həsr olunmuş beynəlxalq konfransda aşağıdakıları vurğulamışdır: "Məh­kəmə hakimiyyətinin müstəqilliyinin möhkəmlənməsi, hüququn aliliyinin təmin edilməsi, məhkəməyə müraciət imkanlarının genişləndirilməsi, ədalət mühakiməsinin səmərəliliyinin və key­fiyyətinin artırılması, yüksək hüquqi biliklərə malik hakim korpusunun ya­radılması, məhkəmə fəaliyyətinin yeni informasiya texnologiyalarının tətbiqi yolu ilə təkmilləşdirilməsi bu inkişaf prosesinin mühüm istiqamətləridir".

Əlbəttə, məhkəmə islahatları daimi prosesdir. Dövlət başçısı İlham Əliyev bu fikri belə ifadə etmişdir ki, "bu isla­hatların əvvəli var, amma sonu yoxdur". Məhz həmin kontekstdə İlham Əliyevin 2019-cu il aprelin 3-də imzaladığı fər­manı tarixi adlandırmaq olar. Bununla Azərbaycanda məhkəmə islahatları müasir çağırışlara uyğun olaraq yeni mərhələyə keçid etmişdir. Həmin sənə­din icrası çərçivəsində qısa müddət­də bu sahədə nəhəng işlər görülmüş, institusional tədbirlər çərçivəsində 13 regional məhkəmə, o cümlədən, böl­gələrdə ayrıca inzibati və kommersiya məhkəmələri yaradılmış, özəl eksperti­za təsbit olunmuş, mediasiya institutu fəaliyyətə başlamışdır.

İslahatlar daxilində artıq Mülki-Pro­sessual Məcəlləyə 350-dək dəyişiklik­lər edilmiş, o cümlədən, sadələşdiril­miş və yazılı icraat genişləndirilmişdir. Məhkəmə proseslərində videokonfrans və elektron icraat tətbiq edilməkdədir. Məhkəmə rüsumlarının diferensiasi­yasının tətbiqi də diqqət çəkən faktlar­dandır.

Azərbaycan Prezidentinin müdrik siyasəti nəticəsində məhkəmə siste­mi sahəsində əhəmiyyətli institusional tədbirlər görülmüşdür. Bu kontekstdə məhkəmə hakimiyyətinin müstəqil özü­nüidarə orqanı olan Məhkəmə-Hüquq Şurası və həmçinin Hakimlərin Seçki Komitəsinin yaradılmasını ayrıca vur­ğulamaq lazımdır. Hakimliyə namizəd­lərin ən mütərəqqi və şəffaf seçimi qay­dası müəyyən olunmuşdur.

"Elektron məhkəmə" informasiya sisteminin yaradılması da bu bağlılıq­da çox önəmli addımdır. Çünki bu fakt, ümumilikdə, elektron hökumətin fəaliy­yətinin genişləndirilməsində, kadr seçi­mi ilə bağlı daha obyektiv və əsaslı qə­rarların qəbul edilməsində, rəqəmsal idarəetmə çərçivəsində rəqəmsal məh­kəmənin formalaşdırılmasında olduqca geniş imkanlar meydana gətirmişdir.

Bu gün tam əminliklə deyə bilərik ki, hələ illər sonra da gələcək nəsillər dahi şəxsiyyət Heydər Əliyevin misilsiz xid­məti nəticəsində yaradılmış yeni hüquq sisteminin bəhrəsini görəcək və onun Azərbaycanda demokratik hüquqi döv­lət quruculuğu sahəsində əvəzsiz xid­mətlərinin şahidi olacaqlar.

Bütün bunların fonunda Azərbay­canda ali məhkəmə orqanının yara­dılmasının 100 illiyinin "Heydər Əliyev İli"ndə qeyd olunması təkcə rəmzi məna daşımır. Bu, həm də müstəqil Azərbaycanın demokratik, ədalətli və daim yeniləşən məhkəmə sisteminin qurucusunun ümummilli lider Heydər Əliyev olduğunu faktlarda təsbit edir! Azərbaycan Prezidentinin müdrik rəh­bərliyi ilə vurğulanan istiqamətdə yeni böyük uğurlara imza atılacağına əmi­nik.

Rafael EYVAZOV,
Bakı Apelyasiya Məhkəməsinin hakimi, Mülki Kollegiyanın sədri

Sosial həyat