Qarabağ münaqişəsi artıq tarixdir. 44 günlük müharibədə 30 illik erməni işğalına son qoymaqla Azərbaycan regionu təhlükədən azad etdi. Sonrakı mərhələ Qarabağda yaşayan erməni mənşəli sakinlərin Azərbaycanın hüquqi məkanına inteqrasiyasıdır.
Prezident İlham Əliyev bildirir ki, Qarabağ erməniləri Azərbaycan vətəndaşlarıdır. Ancaq Azərbaycanın bu məsələdə konstruktiv mövqe sərgiləməsinə baxmayaraq, Qarabağdakı qondarma qurumun nümayəndələri reallığa uyğun olmayan tələblər irəli sürürlər.
Heç kimə sirr deyil ki, Qarabağın Rusiya sülhməramlılarının nəzarətində olan ərazidə yaşayan ermənilər çox ağır mənəvi, psixoloji və sosial-iqtisadi vəziyyətlə üzləşiblər. Çətin sosial və maddi şərait, gələcəklə bağlı ümidsizlik onları çıxış yolları axtarmağa vadar edir. Müharibənin başa çatmasından ötən müddət ərzində normal yaşayış üçün zəruri olan iqtisadi infrastruktur bərpa olunmur, tibbi xidmətin göstərilməsi üçün müvafiq sistem yoxdur, mənzil-təmir sektoru iflasın astanasındadır. Əslində, müharibədən əvvəl də Qarabağın kriminal işğal rejiminin nəzarətində olan dağlıq hissəsindəki sosial-iqtisadi reallıqlar hərtərəfli böhranın ağır sınaqları, hər hansı inkişaf perspektivinin olmaması ilə səciyyələnirdi. Hazırda bu yaşayış məntəqələrində tam tənəzzül hökm sürür.
Bəs Qarabağ erməniləri nəyə ümid edirlər? Qondarma rejim idarəçilərinin nəzarəti altında yaşamaq perspektivi ermənilər üçün yaxşı heç nə vəd etmir. Onlara öz vətəndaşları kimi normal yaşaması üçün yeganə şansı Azərbaycan verir. Əlbəttə ki, bu, erməni millətindən olan insanların layiqli gələcəyi çoxmillətli və çoxkonfessiyalı Azərbaycan cəmiyyətinə reinteqrasiya etmələrindən asılıdır. Əlbəttə, Qarabağın dağlıq əraziləri Azərbaycanın ayrılmaz torpağı kimi dövlətimizin qalan ərazisinə labüd olaraq reinteqrasiya olunacaqdır. Lakin bu məsələdə süni əngəllərin yaradılması burada yaşayan ermənilər üçün növbəti fəlakətlərə yol açır. Amma Qarabağda yaşayan ermənilər də başa düşürlər ki, bütün yollar Bakıya aparır.
Bunu erməni mətbuatı da etiraf edir. Məsələn, “Hraparak” qəzetinin yazdığına görə, halqa o qədər daralıb ki, təşəbbüsü Qarabağ erməniləri irəli sürürlər. Qəzet yazır: “Dünən Qarabağ “hakimiyyəti” Rusiya Federasiyasının sülhməramlı missiyası vasitəsilə Azərbaycan tərəfinə “təcili humanitar məsələlərin müzakirəsi üçün” Rusiya sülhməramlı kontingentinin komandanlığının vasitəçiliyi ilə görüş keçirmək təklifi göndərib”. Qəzet xatırladır ki, təxminən bir ay əvvəl Rusiya sülhməramlılarının vasitəçiliyi ilə keçirilən görüşdən sonra Azərbaycan tərəfi bu görüşlərdə reinteqrasiya məsələlərinin müzakirə edilməli olduğunu bildirmiş, Qarabağ sakinlərini Bakıya dəvət etmişdi. Lakin Qarabağ erməniləri Azərbaycanın təklifini qəbul etməmişdilər. “Hraparak” qeyd edir ki, indi dialoqun bərpasına çalışılır.
Bir sözlə, Qarabağdakı erməni sakinlər qaranlıq perspektivdən imtina etmək və müstəsna olaraq Azərbaycan xalqının və dövlətinin bəxş etdiyi yeganə xilas şansını qaçırmamalıdırlar. Halqa anbaan daralmaqdadır.
E.ELAY, “Xalq qəzeti”