KTMT-yə olar, Avropa İttifaqına yox?!

post-img

Əgər yadınızdadırsa, ötən il Avropa İttifaqının Azərbaycan–Ermənistan sərhədinin Ermənistan hissəsinə mülki missiya göndərmək məsələsi meydana çıxanda, Rusiya buna qarşı kifayət qədər sərt yanaşmışdı. O vaxt ölkənin Xarici işlər naziri Sergey Lavrov məsələ ilə bağlı açıqlamalarının birində bildirmişdi ki, Aİ müşahidəçiləri Cənubi Qafqaz regionunda əlavə qıcıqlandırıcılar olacaq. Bir neçə gün öncə qurumun rəsmi nümayəndəsi Mariya Zaxarova isə keçirdiyi ənənəvi brifinqdə aprelin 11-də Azərbaycan və Ermənistan hərbçiləri arasında baş vermiş insidentə, daha doğrusu, ikincilərin təxribat əməlinə münasibət bildirərkən, sanki, aylar öncə Lavrovun dediklərinin düz çıxdığına eyham vurmuş, amiranə tərzdə demişdi ki, ölkəsi vəziyyətin belə şəkil alacağını proqnozlaşdırırdı. Xanım Zaxarovanın sözləri qanlı hərbi qarşıdurmaya görə kənar qüvvələri günahlandırmaq istəyi kimi də xarakterizə edilə bilər. Belə nəticəyə gəlmək mümkündür ki, Rusiya XİN başçısının təbirincə desək, qıcıqlandırıcılar öz “işlərini” görüblər. 

***

Daha bir məqamı yada salaq. Lavrov aylar öncəki açıqlamasında Aİ missiyasının regionda peyda olması reallığına qarşı çıxaraq, belə bir fikir də işlətmişdi ki, qurum münaqişə zonası­na mülki missiya göndərirsə, bunu qarşı duran tərəflərin hər biri ilə müzakirə edib, qərarı ondan sonra verməlidir. Məlum olduğu kimi, Aİ-nin mülki missiyası ilə bağlı məsələ ötən ilin oktyabrında Azərbaycan və Ermənistan lidelərinin, Aİ Şurası­nın prezidenti Şarl Mişelin və Fransa Prezidenti Emmanuel Makronun iştirak etdiyi Praqa sammiti zamanı gündəmə gəlmişdi. Həmin vaxt ölkəmizin Prezidenti İlham Əliyev sözügedən missiyanın sərhədin Azərbaycan tərəfində fəaliyyətini rədd etmişdi. Ancaq onun Ermənistan tərəfdə olma­sına etiraz bildirməmişdi. Ona görə ki, prinsipcə, etirazın mənası yox idi. Onsuz da həmin missiya gələcəkdi. Əsas olan Ermənistanın onun kömə­yi ilə yaratmaq istədiyi reallıqlara qarşı alternativ qoymaqdır ki, bunu da dövlətimizin başçısı, ki­fayət qədər, ustalıqla reallaşdırmağı bacardı. Ha­zırda Aİ missiyasının varlığı ilə yoxluğu bilinmir. Deməli, müşahidəçilik özünü doğrultmadı. 

Bəli, hazırda Ermənistanın üzv olduğu Kollek­tiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının missiya­sının Azərbaycan–Ermənistan sərhədində yerləş­dirilməsi üzərində iş gedir. Hər halda, yaranmış təəssürat bunu söyləməyə əsas verməkdədir. Moskva mövcud istiqamətdə canfəşanlıq etsə də, İrəvanın, məsələnin mümkünlüyü görüntüsü­nü yaratmasına rəğmən, ehtiyatlı davrandığı və tələsmədiyi aşkardır. 

Məlumdur ki, bu, Ermənistan üçün növbə­ti manipulyasiya predmetidir. Ölkənin baş naziri Nikol Paşinyan daha çox, Beynəlxalq Cinayət Məhkəməsinin Rusiya prezidenti Vladimir Putinin həbsini nəzərdə tutan Roma Statutunun Konstitu­siyaya uyğunluğuna dair Ermənistan konstitusiya məhkəməsinin verdiyi qərarla bağlı, Moskvanın siyasi dairələrində qalxmış ajiotajı zəiflətmək istəyir. Bu məqamın üzərində dayanaraq, haşiyə çıxaq ki, hazırda Paşinyan hakimiyyəti “aşağı baxırsan saqqal, yuxarı baxırsan bığ” dilemması ilə baş-başadır. Axı, sözügedən qərarın Ermənis­tanın Milli Assambleyası tərəfindən ratifikasiyası üçün 3 aylıq müddət nəzərdə tutulub. Parlamen­tin qərarı təsdiqləməsi Moskva ilə münasibətlə­rin son dərəcə kəskin xarakter alması deməkdir. Buna gedilməməsini isə Qərb dairələri Nikolun etibarsızlığı kimi qiymətləndirəcəklər. Məhz belə bir məqamda KTMT missiyası ilə bağlı məsələnin gündəmə gətirilməsi, Rusiyanın könlünü almaq və qarşıdakı üç ay müddətində vəziyyəti izləmək, vaxt udmaq məramına söykənib. Hərçənd, rəs­mi İrəvanın gələcək üçün də hər hansı proqnozu yoxdur. Hərəkətləri, necə deyərlər, Allahın ümi­dinədir. 

Əlbəttə, Ermənistan KTMT missiyasının gəlişi üçün şərtlər qoyur. Tələb edir ki, qurum ötən ilin sentyabrında Azərbaycan–Ermənistan sərhədin­də yaşananları birincinin təcavüzü kimi qiymətlən­dirib məsələyə siyasi qiymət versin. Halbuki, belə bir tələb 2022-ci ilin noyabrında KTMT-nin İrəvan sammiti zamanı yerinə yetirilməmişdi. İndi də bu­nun mümkünlüyü şübhə doğurmaqdadır. Hər bir halda, Rusiyanın çox ciddi şəkildə Ermənistan­da KTMT missiyasının yerləşdirilməsinə maraq göstərdiyi ortadadır. Hərçənd, əvvəllər belə bir maraq istisna idi. Hətta, Paşinyan Qazaxıstan nü­munəsini, yəni rəsmi Astananın çağırışı ilə KTMT qüvvələrinin ölkəyə gəlməsini misal çəkərək, qu­rumu ikili standartlarda günahlandırmışdı. 

Burada əsas məqam Rusiyanın yanaşma­sıdır. Elə ona görə əvvəldə Lavrovun, Aİ missi­yasının bölgəyə gəlməsinə, münasibətindən söz açdıq. Sual yaranır: necə olur ki, Avropa missiya­sının münaqişə zonasına təşrif buyurması Azər­baycan–Ermənistan normallaşması baxımından ziyanlı sayılır, ancaq KTMT missiyasının gəlişi yox? Nə üçün Lavrov ötən il Aİ-nin mülki missiya­sının Azərbaycan–Ermənistan sərhədinin Ermə­nistan hissəsindəki fəaliyyətinin Bakı ilə razılaş­dırılmamasını, yəni çox güman, ölkəmizin həmin missiyanın sərhədin özünə məxsus tərəfində olmasına razılıq verməməsini əsas gətirib mü­şahidənin legitimliyini şübhə altına alırdı? Hazır­da niyə KTMT missiyası ilə əlaqədar məsələnin Azərbaycanla müzakirəsini ağlından keçirmir? Nəinki Lavrov, Rusiyanın xarici siyasətindəki heç kəs bundan danışmır. Deməli, Aİ müşahidəçiləri əlavə qıcıqlandırıcılardır, amma KTMT-nin hərb­çilərinə bu baxımdan yanaşmaq olmaz? Əlbəttə, Rusiya deyə bilər ki, Ermənistan KTMT-nin üzvü­dür. Ancaq bu arqument yetərli deyil. 

Birincisi, qətiyyətlə demək mümkündür ki, ha­zırkı situasiyada Aİ-nin müşahidə missiyası kimi, KTMT-nin də regiondakı perspektiv varlığı əlavə qıcıqlandırıcılar effekti yaradacaq. Nəzərə alaq ki, Aİ-nin səssiz, Azərbaycanla müxtəlif sahələr­dəki ciddi əməkdaşlıq səbəbindən neytrallaşmış duruma düşmüş missiyasından fərqli olaraq, KTMT sakit qala bilməyəcək. Qurum bölgəyə gəl­sə, Ermənistan hakimiyyəti onu öz təxribatlarına alət etməyə çalışacaq. Deməli, obyektivliyin qo­runması qeyri-mümkün olacaq. 

Digər tərəfdən, nəzərə alsaq ki, Qərbin əli ilə hərəkətə gələn İrəvan Moskvaya münasibət­də səmimi deyil, KTMT missiyasının regionda səmərəsizliyi qeydə alınsa, daha doğrusu, rəsmi İrəvanın gözlədiyi tərzdə Azərbaycana münasi­bətdə təxribatçı mövqeyi nəzərə çarpmasa, bu, həm qurumun, həm də elə Rusiyanın Ermənis­tanda iflası reallığını doğuracaq. Tam mümkün­dür ki, Paşinyan administrasiyası üçün KTMT-nin bölgəyə mümkün gəlişinə Rusiya kitabını tama­milə bağlamaq üçün şans olaraq yanaşır. Bəlkə, Nikol təşkilat üçün Yerablur panteonunda qəbir də hazırlatdırıb... 

Yox əgər, KTMT münaqişə zonasında sırf Er­mənistanın tərəfində Azərbaycana qarşı çıxacaq­sa, bu zaman da ciddi problemlərin yaranacağı qaçılmazdır. Nəzərə alaq ki, qurumda təmsil olu­nan bir çox ölkələrin Azərbaycanla münasibətləri yüksək səviyyədədir. Heç bir halda Qazaxıstanın, Qırğızıstanın, elə Belarusun özünün Azərbaycan əsgərinə güllə atacaq hərbçi verməsi mümkün deyil. Deməli, KTMT patronajlığı ilə Ermənistana yalnız rus əsgəri gələ bilər. Bu halda təşkilatın qeyri-ciddiliyi, Moskvanın əlində oyuncaq olduğu tam şəkildə üzə çıxacaq. Belə bir perspektiv Ru­siyaya lazımdırsa, buyursun!

Başqa bir məqama diqqət yetirək. İndiyədək KTMT-yə daxil olan müxtəlif dövlətlərin rəsmiləri dəfələrlə bildiriblər ki, qurum regional konfliktlərə qarışmır. Böyük anlamda götürsək, məsələ məhz bu formada qoyulmalıdır – ortada üzv dövlətlərin hansınasa ciddi və aşkar intervensiya faktı yox­dur. Ermənistanın avantürizmi isə hər kəsə yax­şı məlumdur. KTMT-nin ötən ilki İrəvan sammiti zamanı Belarus Prezidenti Aleksandr Lukaşenko­nun, əsəbi formada, Paşinyana, təxminən, “bizi uşaq yerinə qoyma, hər şeyi gözəl bilirik” şəklində söz qaytarmasını yada salaq... 

Həqiqətən də, KTMT-yə üzv dövlətlərin baş­çıları ciddi şəxslərdir, hər biri kifayət qədər nü­fuzlu liderdir. Dünyanın işlərini də gözəl bilirlər. Məsələn, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev. Bir neçə gün öncə, o, Astanada Azər­baycan Prezidenti İlham Əliyevlə birgə mətbuata bəyanatında Orta dəhlizin ölkəsi üçün əhəmiyyə­tini vurğulamışdı. Ermənistan isə hazırda özünün ambisiyaları ilə, böyük ölçüdə, həmin dəhlizin reallaşmasına qarşı çıxır. Bunu necə, hamı dərk edir, Rusiya yox?!

***

Əlbəttə, Moskva hər şeyin fərqindədir. Sadə­cə, onun Cənubi Qafqaz müstəvisində hər hansı tutarlı istinadgahı, necə deyərlər, yapışacaq yeri yoxdur. Ölkə çəmbərin daraldığını görür. Nəzərə alaq ki, Rusiyanın hazırkı, belə demək müm­künsə, missiya aktivliyi onun Qarabağda Ruben Vardanyanın şəxsində separatçılıq layihəsi ifla­sa uğradıqdan sonra meydana çıxmış reallıqdır. Çox güman, Moskvada düşünürlər ki, KTMT-dəki digər ölkələr bu aktivliyi anlayışla qarşılayacaq, haqq işi kimi qiymətləndirəcəklər. Ola bilər, Azər­baycandan da bu anlayışı gözləyirlər. Əks halda, Kreml Lavrovun ötən il söylədiyi ilə onun hazırkı mövqeyinin ziddiyyət təşkil etdiyini düşünər, ən azı, Azərbaycana qarşı riyakarlıq sayıldığının fərqinə varardı.

Hər bir halda, nəticə dəyişmir. Bir daha bil­dirək: Aİ-nin Cənubi Qafqazdakı missiyası bölgə­də qıcıqlandırıcı faktordursa, KTMT-nin missiyası da eyni ampluadadır. Hələ bir qədər də qabarıq formada. Ermənistanın təxribatçı mövqeyini, Azərbaycanla sülhə gəlmək istəməməsi reallığı­nı nəzərə alsaq, təşkilatın regionda görünməsi İrəvan üçün növbəti manipulyasiya vasitəsidir. Bu isə Cənubi Qafqazda sabitlik və əmin-aman­lıq üçün təhdiddir. Yaxşı olar ki, Rusiya bunu da düşünərək, Ermənistanın nazı ilə oynayıb siyasi acizlikdən uzaq dursun, bir sözlə, özünün məna­sız erməni sevdasından əl çəksin. 

Ə.CAHANGİROĞLU, “Xalq qəzeti”



Siyasət