Milli Məclisin Sədri Sahibə Qafarova Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinə işgüzar səfəri çərçivəsində aprelin 13-də bu ölkənin Federal Məclisi Federasiya Şurasının Sədri Valentina Matviyenko ilə görüşüb. MDB Parlamentlərarası Assambleyasının 55-ci plenar iclası çərçivəsində baş tutan görüşdə qeyd olunub ki, bu gün parlamentlərarası əməkdaşlıq MDB-yə üzv olan ölkələr arasında əlaqələrin daha da genişləndirilməsi üçün effektiv mexanizmə çevrilib. Parlament Assambleyası bu prosesdə vacib rol oynayır.
Qeyd edilib ki, ötən il Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü tamam olub. Azərbaycan və Rusiyanın dövlət başçıları tərəfindən müəyyən olunan və münasibətlərimizin dərinləşdirilməsinə xidmət edən gündəliyə əsasən, ölkələrimiz arasında münasibətlər mehriban qonşuluq və qarşılıqlı anlaşma əsasında inkişaf edir.
Ölkələrimiz arasında münasibətlərin inkişafında dövlət başçılarının mühüm rolu xüsusi vurğulanaraq, qeyd olunub ki, Azərbaycan Prezidenti İlham Əliyevin ötən ilin fevralında Rusiya Federasiyasına rəsmi səfəri çərçivəsində imzalanan “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında” Bəyannamə əlaqələrimizdə yeni mərhələnin əsasını qoyub. Həmçinin vurğulanıb ki, ölkələrimiz arasında iqtisadiyyat sahəsində, o cümlədən, qarşılıqlı investisiya qoyuluşunda qeydə alınan göstəricilər uğurludur. Humanitar sahədə əlaqələr də əməkdaşlıqda mühüm bir istiqaməti təşkil edir.
Bildirilib ki, bu il Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü tamam olur. Valentina Matviyenko deyib ki, Heydər Əliyevin əziz xatirəsi Rusiyada da hörmətlə anılır. Bu məqsədlə Rusiya Federasiyasında bir sıra tədbirlərin keçirilməsi nəzərdə tutulur.
Görüşdə tərəflər iki ölkə arasında əlaqələrin inkişafında qanunverici orqanların özünəməxsus rolunu da qeyd ediblər. Bu sahədə həm Milli Məclisdə, həm də Federal Məclisdə fəaliyyət göstərən dostluq qruplarının, həmçinin ikitərəfli parlamentlərarası komissiyanın işi təqdirəlayiq olduğu diqqətə çatdırılıb. S. Qafarovanın cari ilin fevral ayında Rusiya Federasiyasına rəsmi səfəri və səfər zamanı imzalanan “Azərbaycan Respublikası Milli Məclisi ilə Rusiya Federasiyası Federal Məclisinin Dövlət Duması arasında əməkdaşlıq haqqında” Anlaşma Memorandumunun ikitərəfli münasibətlərimizin inkişafına töhfə verdiyi diqqətə çatdırılıb.
Azərbaycan parlamentinin Sədri bildirib ki, Ermənistan üçtərəfli Bəyanatın müddəalarını kobud şəkildə pozaraq, hələ də öz qoşunlarını Azərbaycan ərazilərindən çıxarmayıb. Laçın yolundan hərbi məqsədlər və qeyri-qanuni istismar etdiyi təbii sərvətlərimizin daşınması üçün istifadə edir. Azərbaycanın vətəndaş cəmiyyəti nümayəndələrinin Laçın yolunda dinc aksiyası Ermənistanın bu qeyri-qanuni əməllərinə etiraz olaraq keçirilir. Lakin Ermənistan, guya, Laçın yolunun bağlanmasına dair yalan iddialarla beynəlxalq ictimaiyyəti aldatmağa çalışır. Ermənistan Avropa İttifaqının missiyasının bu ölkədə olmasından istifadə edərək, vəziyyəti gərginləşdirən addımlar atır və hərbi təxribatlara yol verir.
Görüşdə Ermənistanın bu il aprelin 11-də törətdiyi hərbi təxribat barədə də məlumat verilib. Qeyd edilib ki, bu kimi təxribatların beynəlxalq ictimaiyyət tərəfindən sülh sazişi üzrə danışıqlara ciddi çağırışlar fonunda baş verməsi Ermənistanın sülh prosesində maraqlı olmadığını göstərir. S. Qafarovanın sözlərinə görə, Ermənistanın beynəlxalq hüququn norma və prinsiplərini tapdalayaraq, Azərbaycana qarşı apardığı təxribatlar nəinki Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini pozur, eyni zamanda, regional sülh və təhlükəsizliyi ciddi şəkildə təhdid edir. Ona görə də Ermənistanın bu addımları qətiyyətlə qınanılmalıdır.
Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
Əliqismət BƏDƏLOV, “Xalq qəzeti”