Bu günlərdə Ermənistanda əsir düşmüş Azərbaycan hərbçisinə işgəncə verilməsi faktı ilə bağlı Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 115.2-ci (əsir düşmüş şəxslərə işgəncə vermə, onlarla qəddar və ya qeyri-insani rəftar etmə) maddəsi ilə iş başlanıb.
Bu barədə qurumun yaydığı məlumatda deyilir ki, bəzi media və sosial şəbəkə səhifələrində Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlunun Ermənistan Respublikası ərazisində əsir düşməsinə və əlləri bağlı şəkildə açıq-aydın işgəncəyə məruz qalmasına dair videogörüntülər yayılıb.
Məlumatda daha sonra bildirilir ki, Baş Prokurorluq Azərbaycan vətəndaşlarına qarşı qanunsuz əməllərə yol verən şəxslərin milli və beynəlxalq məhkəmə məsuliyyətinə cəlb edilməsi məqsədilə xarici ölkələrin müvafiq orqanlarına müraciətlərin göndərilməsi və həmin şəxslərin cəzalandırılması üçün beynəlxalq təşkilatlarla əməkdaşlığı təmin edəcək. İstintaqın gedişatı və nəticəsi barədə ictimaiyyətə ətraflı məlumat veriləcək.
***
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının yaydığı məlumatda isə bildirilir ki, qurum əsgər Hüseyn Axundova qarşı ağır işgəncələrin verilməsini 1949-cu il 12 avqust tarixli Cenevrə Konvensiyasının kobud şəkildə pozulması faktı kimi qiymətləndirərək qarşı tərəfin insanlığa sığmayan bu cür amansızlığını qətiyyətlə pisləyir və əsir düşmüş şəxslərlə beynəlxalq humanitar hüquq normalarına uyğun davranılmasını tələb edir.
Məlumatda Dövlət Komissiyasının əsgərlərimizin həyat və sağlamlığına qarşı yönəlmiş belə halların aradan qaldırılması və onların tezliklə azad edilməsi üçün aidiyyəti beynəlxalq təşkilatlara rəsmi qaydada müraciətlər ünvanlanaraq təxirəsalınmaz tədbirlərin həyata keçirilməsinə çağırış da əksini tapıb.
***
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (ombudsman) Səbinə Əliyeva hərbi qulluqçumuza qarşı qeyri-insani rəftar göstərilməsi faktı ilə bağlı aidiyyəti beynəlxalq təşkilatlara müraciət ünvanlayıb. Müvəkkil onları baş vermiş vəhşiliyə reaksiya verməyə və Ermənistanı götürdüyü öhdəliyi yerinə yetirməyə çağırmağa dəvət edib.
Müraciətdə daha sonra qeyd olunub: “Eyni zamanda, Beynəlxalq Qırmızı Xaç Komitəsinin Ermənistandakı nümayəndəliyindən təcili olaraq həmin hərbi qulluqçularımıza baş çəkilməsini və onların vəziyyəti ilə bağlı məlumatların verilməsini tələb edirəm”.
***
Qərbi Azərbaycan İcması Azərbaycan Ordusunun silahsız əsgərinə ermənilərin işgəncə verməsi ilə bağlı bəyanat yayıb.
Qərbi Azərbaycan İcması bu mənfur cinayəti qəti şəkildə qınayır, beynəlxalq ictimaiyyəti buna görə Ermənistan hökumətinin və cinayətin icraçılarının əməlinə hüquqi qiymət verməyə və əlverişsiz hava şəraiti ilə əlaqədar yolu azaraq Ermənistanın nəzarətində olan əraziyə keçmiş azərbaycanlı hərbi qulluqçuların dərhal və qeyd-şərtsiz azad edilməsini təmin etməyə çağırır.
“Xalq qəzeti”