Naxçıvan kətəsi yazda daha ləziz olur

post-img

Yaz fəslində xalqımızın ləzzətlə yediyi nemətlərdən biri də dadı damaqlardan getməyən, təzə-tər göyərtidən hazırlanan kətədir. Mətbəx ustalarının “göy qutabı” adlandırdığı kətə Naxçıvanda da çox sevilir və yerli özünəməxsusluqla hazırlanır. 

Naxçıvan kətəsi çöl-bayırda bitən şomu, çiriş, gicitkən, qazayağı, qu­zuqulağı, əvəlik və digər pencərlərdən hazırlanır, zəngin tərkibi və müalicəvi­liyi ilə seçilir. Son illərdə ailə təsərrü­fatlarının məşguliyyətində də yer tut­mağa başlayan kətəhazırlama yeni bir mətbəx təntənəsinin də əsasını qoyub. Artıq beşinci dəfə Naxçıvan şəhərin­də keçirilən “Kətə” festivalı milli mət­bəximizin yaşadılması və tanıdılması baxımdan yerli əhalinin böyük mara­ğına səbəb olur, yaxın-uzaqlarda da əks-səda doğurur. 

Aprelin 7–8-də Naxçıvan şəhə­rində yerləşən “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində keçirilən “Kətə” festivalında bu dəfə 200-ə yaxın kətəçi iştirak edib. Müxtəlif yabanı göyərti növlərindən hazırlanan, təndirdə, sac üzərində, yagda bişirilən kətələr, dürməklər iştirakçılar tərəfin­dən böyük maraqla qarşılanıb. Festival çərçivəsində Naxçıvan Muxtar Res­publikası Ailə Qadın və Uşaq Problem­ləri üzrə Dövlət Komitəsinin təqdimatı ilə 90-a yaxın qadının 3 mindən artıq, Naxçıvan Biznes Mərkəzinin cəlb etdi­yi 15 yerli sənətkarın isə 84 adda əl işi satışa çıxarılıb. 

Festivalda muxtar respublikanın istehsal müəssisələri və iaşə obyekt­ləri də sakinlərə və qonaqlara xidmət göstərib. Naxçıvan Muxtar Respubli­kasının Mədəniyyət Nazirliyinin təşkil etdiyi konsertlər isə festivala çal-çağır əhvalı gətirib. 

Şənliyin ikinci günü “Ən dadlı kətə” nominasiyası üzrə müsabiqə də təşkil edilib. Münsiflər heyəti tərəfindən görü­nüşünə, çeşid müxtəlifliyinə və dadına görə ən yaxşı kətə bişirən 3 nəfər I yer, 3 nəfər II yer, 3 nəfər isə III yerə layiq görülüb. Qaliblərə diplomlar təqdim olunub. 

S.HƏSƏNOV,
“Xalq qəzeti”

Naxçıvan

Sosial həyat